Bəzi dərmanların idxalına qoyulan qadağanın səbəbi AÇIQLANDI




Dərmanların içərisindəki məlumat vərəqlərində Azərbaycan dilində göstərişlər olmadığı üçün ölkəyə idxal edilməyib.

Bunu Sherg.az-a uyğunsuzluq olduğuna görə 212 dərman vasitəsinin Azərbaycana idxalına qadağa qoyulması məsələsinə münasibət bildirərkən tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyib. 

Onun sözlərinə görə, dərmanların qadağan edilməsinin səbəbi tərkibinin naməlum olması və ya əks təsir təhlükəsi deyil: 

"Sadəcə olaraq, qəbul edilən qərara uyğun dərmanların içərisindəki məlumat kağızlarının Azərbaycan dilində olması tələb edilir. Həmçinin onların qablaşdırılmasında, içliklərin hazırlanmasında uyğunsuzluq yaşanıb. Bundan sonra dərmanlar haqqında məlumatların tərcüməsi həyata keçiriləcək. Bu plana uyğun yaradılacaq tərcümə mərkəzindən keçən dərmanlar annotasiyaları qaydasına salındıqdan sonra ölkəyə gətirilə bilər. Hazırda idxal olunan dərmanların idxalına qadağa qoyulubsa, deməli, dərman bazarında sabitliyi saxlamaq üçün alternativlər irəli sürülüb. Düşünürəm ki, tərcümə mərkəzinin aktiv fəaliyyəti sayəsində bu qısa müddətdə həll olunacaq və idxal prosesi qaydasına düşəcək”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyli ötən gün keçirilən mətbuat konfransında dərmanların ölkəyə idxalına dair bir çox məsələlərə toxunub. Onun sözlərinə görə, uyğunsuz olan 4000-ə yaxın dərman vasitəsinin 212-nin Azərbaycana idxalına qadağa qoyulub.

Aysel Aslan