Bəzi professorlar evlərini başqasının adına keçirdir"- Sosial mənzilə görə

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi "Güzəştli mənzil”lərin kimlərə və hansı şərtlərlə verilməsini açıqladı. Məlumata görə, həmin mənzillər şəhid ailəsi, Milli Qəhrəman, məcburi köçkün və ya ona bərabər tutulan, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən, 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslərlə yanaşı fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərə də verilə bilər. Əlbəttə, bu hal ölkə ictimaiyyətində müsbət rezonans doğurdu.
Əksəriyyət bunu Azərbaycan hökumətinin öz xalqına, vətəndaşına diqqəti, qayğısı və dəstəyi kimi dəyərləndirib. Amma digər məsələlərdə olduğu kimi bu işlə bağlı da müəyyən arzuolunmaz hallar yaşanır. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri artıq bəzi fəlsəfə doktoru olan qohum və qonşularının öz adında olan mənzillərini, mülklərini övladı və digər qohumlarının adına keçirməsi istiqamətində işlər gördüyünə dair statuslar yazırlar. Və bu məsələ ətrafında ciddi müzakirələr aparılır. 
Məsələnin aktuallığını nəzərə alıb, iqtisadçı şərhçi Hafiz Babalı ilə əlaqə saladıq. O, Sherg.az-a açıqlamasında qeyd edib ki, sosial mənzillərin verilməsində gənc ailələrin də ehtiyacları nəzərə alınacaq:
"Necə ki "Green kart” sistemi var, bunu da lotoreya üsulu ilə etmək olardı. Həqiqətən də mənzilə ehtiyacı olan on minlərlə gənc ailə var, kirayədə yaşayırlar. Onlar üçün sosial mənzillər layihəsində kvota nəzərdə tutula bilərdi. Hökumət hesab etdi ki, bu məsləhət deyil. Nə dərəcədə ədalətli olması artıq hökumətin öz işidir. Vətəndaş cəmiyyəti isə bu məsələdə öz təkliflərini verməli idi”.
Qaydalarda müəyyən prosedurların nəzərə alınmalı olduğunu deyən H. Babalının sözlərinə görə, müraciət edənlərin mənzil şəraiti, əvvəlki vəziyyəti ilə maraqlanmalıdır:
"Əgər şəxslər öz evlərini başqalarının adına keçirib, sosial mənzillər almağa cəhd edirlərsə, bunu araşdırmaq, müəyyən etmək lazımdır. Əvvəllər onlarda olması şübhə doğuran daşınmaz əmlakın siyahısı müəyyən olunmalıdır. Bu tipli məsələlərdə o yerdə ki, maliyyə resurslarına asan çıxış imkanları var, sui-istifadə hallarına şərait yaranır, təbii ki, hökumət addımlar atmalıdır. Bunu etmirsə, layihədən, qaydalardakı boşluqdan yararlananlar olacaq. Məsələn, hərbçi ailəsi ola bilər ki, atasından ev qalıb, ya da özü vaxtilə mənzil alıb, yenə də bu imkandan yararlanmaq istəyir. 
Bu tipli hallarda media və Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir. Xüsusilə ona görə ki, elektron informasiya resurslarında müəyyən informasiyalar var. Bu məlumatların uzlaşdırılması sayəsində sosialı mənzil almağa xüsusi ehtiyacı olmayan şəxslər aşkar olunacaq. Həmin şəxs ərizə ilə müraciət edərsə, onun ərizəsinə ən sonda baxıla bilər”.
Ayyət Əhməd