Biabırçılıq...
"Media o sərxoş qadınların arxasındakı “kişilər”i rüsvay etməlidir"
Əvvəllər qadın sürücülər daha məsuliyyətli və intizamlı olması ilə seçilirdi. Kişi sürücülərlə müqayisədə qadınlar qayda pozuntusuna daha az yol verirdilər. Bir sıra hallarda qadın sürücülər digərlərinə nümunə göstərilirdi. Ancaq son dövrlər Bakıda avtomobili sərxoş halda idarə edənlər arasında aşkar edilərək məsuliyyətə cəlb olunan qadın sürücülərin sayı artıb. Bakı Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reydlər zamanı dəfələrlə belə hallar müşahidə olunub. Hətta bəzən onlar yol polisi ilə davaya da çıxıblar. Əlaqədar qurumlar sürücüləri kateqoriyaya bölmədən, qayda-qanun pozanları cəzalandırır. Amma bütün bunlara rəğmən problem getdikcə artmaqdadır. Onu da deyək ki, sərxoş qadın sürücülərə qarşı cəmiyyətdə reaksiyalar birmənalı deyil. Ziyalılarımız mənəviyyatımızda aşınmalar yaradan bu qadınlardan yaxa qurtarmağın yeganə yolunu onların arxasında dayanan "kişi”lərin ifşa olunmasında görür. Sərxoş qadın sürücülərə qarşı sərt münasibət sərgiləyən qocaman yazıçımız Seyran Səxavətin sözlərinə görə, bu məsələ milli-mənəvi dəyərlərimizə uyğun olmasa da, bəzi üzdəniraqlar uyğunlaşdırıblar: "Qadınların maşın sürməsi təqdirəlayiq haldır. Bütün dünyada qadın sürücülər görmək olar. Bizim qadınlarımız niyə onlardan geri qalmalıdır? Belə baxanda, qadınlarımızın avtomobildən istifadə etməsi mənim xoşuma gəlir və burada pis heç nə görmürəm. Amma baxır necə? İçkili halda sükan arxasına oturduqları azmış kimi polislə davaya çıxan qadınları ara-sıra televiziya ekranlarından mən də izləyirəm. Xoruz kimi üstünə tullanırlar, az qalırlar yol polisinin gözünü vurub töksünlər. Polislər də qalır çaş-baş. Təbii ki, həmin addımı kişi sürücülər atsa, polis də adekvat cavabını verər. Amma qarşısındakı içkili də olsa, səviyyəsiz də olsa, qadındır. Həmin
qadınlardan fərqli olaraq yol polisləri öz həyasından utanıb, daha dözümlü yanaşırlar. Qadın şəri deyilən bir şey var. Yol polisi də həm kişi xeylağı, həm də vəzifə başında olduğu üçün qadın şərindən qorxub birtəhər işi bağlayıb, başından eləməyə çalışır. Qadınlar məni səhv başa düşməsinlər, amma qadın kimdi ki, yol polisinin üstünə "xoruzlansın”. Təbii ki qadınlara bu "volyanı” verən həmin qadını himayə edən kişilər, daha doğrusu, kişiciklərdir. Əgər qadın içkili halda sükan arxasında oturub "avtoş”luq edirsə, deməli, kiməsə güvənir. Heç bir ağıllı qadın yol polisini təhqir etməyə cəsarət etməz. Qanun bir yana, öz abır-həyasına qısılar. Görünür, haram pulla bahalı maşın alıb, haram qadına verən kişilər bunlara deyib ki, heç kimi vecinə alma. Get, kef elə... İstədiyin kimi sür... Polis dayandırsa da, heç saxlama. Öz təbirincə, "kişi” himayədarlıq elədiyi qadına yaxşılıq etmiş olur. Daha doğrusu, öz sevgisini bu yolla göstərmiş olur. Təbii ki, bu məsələni sırf qadınlar üzərində ictimailəşdirmək də doğru deyil. O qədər gənc oğlanlar var ki, dayılarının, "qüdrətli” atalarının, hətta xalalarının hesabına qayda-qanun tanımadan şəhərdə at oynadırlar. Bizim insanlar zülmə tabedir. Əgər onların arxasında dayanan olmasa, nə içkili halda sükan arxasına oturarlar, nə də sürət həddini aşarlar. Əslində günah onlarda yox, onları bəsləyib, cəmiyyətə buraxanlardadı...”
Azərbaycanda sərxoş qadınların müzakirə obyektinə çevrilməsinin bizim üçün utancverici olduğunu vurğulayan S.Səxavətin sözlərinə görə, bütün bunlara yol verən də özlərini kişi hesab edən məxluqlardır.
Yol polislərinin qadın sürücülərə güzəşt məsələsinə gəldikdə isə yazıçı hesab edir ki, sürücünün cinsi olmur: "Qadın və ya kişi olmasından asılı olmayaraq hər kəs qanun qarşısında bərabər hüquqa sahibdir. Qadına qapıdan keçəndə növbə vermək, avtobusda yer vermək lazımdır. Bu bir mədəniyyət göstəricisidir. Bu ifadəmə görə, oxuculardan üzr istəyirəm, amma el arasında tez-tez istifadə olunan bir sözdür. Kiminsə "oynaşı” olduğuna görə, polisin qadın sürücülərə güzəştə getməsinin mədəniyyətlə əlaqəsi yoxdur. Çünki özünü apara bilməyən qadınların şəhər küçələrində "avtoş”luq eləməsinin bir adı var, o da biabırçılıqdır”.
S.Səxavətin sözlərinə görə, bu problemin qarşısını almaq üçün sərxoş qadınları yox, onları himayə edən harın məmurları, biznesmen kişiləri məsuliyyətə cəlb eləmək lazımdır: "Belə hesab edirəm ki, bu vəziyyət hələ bir xeyli müddət gedəcək. Əslində, qarşısını almaq üçün cəmisi bir ay lazımdır. Bunun üçün də sərxoş halda saxlanılan qadınları aktlaşdırmaq, onları mediaya çıxarıb rüsvay eləmək lazımdır ki, digərlərinə dərs olsun. Həmçinin jurnalistlər öz statuslarından yararlanaraq bu işin arxasına düşməli və saxlanılan qadınların arxasındakı "kişi”ləri tapıb, ictimaiyyətə təqdim eləməlidir. Bu da çətin iş deyil. İstənilən halda sərxoş qadının "yiyə”si peyda olacaq, onu məsuliyyətdən yayındırmaq üçün əl-ayağa düşəcək. Təsəvvür edin ki, yuxarıdan sel gəlir, biz də aşağıda dayanıb, selin istiqamətini yan tərəfə döndəririk. Halbuki lap yuxarı başdan selin yönünü dəyişmək lazımdır. Beləcə də, həmin harınlamış, qudurğan, qadın adına yaraşmayan hərəkətlərə yol verənlərin himayədarlarından bir-ikisi ifşa olunsa, digərləri də adlarının ləkələnməsindən çəkinər, öz "oynaş”larını ipə-sapa yatırdarlar. Bu cür harınlamış kişi və qadınlar ictimai və ya lazım olsa, dövləti qınağa çəkilməyincə, bu özbaşınalıq artan xətlə davam edəcək. Baş harınları cəmiyyət qarşısında biabır eləməsək, onların bəslədiyi qudurğanların əlindən 5 ildən sonra küçəyə, bazara çıxa bilməyəcəyik. Camaatın üstündən keçəcəklər”.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə hesab edir ki, cinsindən asılı olmayaraq içkili halda sükan arxasında oturmaq ən böyük mədəniyyətsizlik və mənəviyyatsızlıqdır: "Qadın və ya kişi, fərqi yoxdur. Sərxoş halda sükan arxasına keçmək nə deməkdir? Axı bu insanlar niyə anlamırlar ki, onlar təkcə öz həyatlarını yox, başqalarının da həyatlarını təhlükəyə atırlar? Bir ailənin faciəsinə səbəb olurlar. Qadınlara bahalı maşın alıb, onların içkili halda sükan arxasına oturmasına şərait yaradanlar nə fikirləşirlər? Adını nə qoyub sərxoş halda saxlanılan qadınları müdafiə edirlər?
Əgər doğrudan da bu məsələ Fazil Mustafanın qaldırdığı səviyyədədirsə, mütləq üstünə düşmək və qarşısını almaq üçün tədbirlər görmək lazımdır. Bu, birbaşa mənəviyyat aşınmasıdır”.
Qadınların içki qəbul eləməsinin və sərxoş halda avtomobil idarə etməsinin istənilən halda xoşagəlməz hal olduğunu vurğulayan "İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, vəkil İradə Cavadovanın sözlərinə görə, bu problemi qabardan zaman qadın və ya kişi ayrıcalığı etmək doğru deyil: "Qadın və ya kişi olmasından asılı olmayaraq sürücü sürücüdür və hər kəs qanun qarşısında səhvlərinə görə məsuliyyət daşımalıdır. Sükan arxasında yol hərəkəti qaydalarını pozan hər kəs şəxs olaraq, cərimələnməlidir.
İ.Cavadova hesab edir ki, himayədarlıq məsələsi də tək qadınlara aid deyil. Onun sözlərinə görə, içkili vəziyyətdə maşına oturub, avtoşluq edən kişilər arasında da avtomobilin qapı-pəncərəsini bağlayıb, "day-day”larına zəng elətdirən kişilər var: "Hətta tapşırıq gəlməsə belə, artıq nömrəsi ilə kimin adamı olduğunu bilirlər və qanunun üstündən keçməli olurlar. Bu zaman da həmin o qaydanı pozan sürücü ilə yanaşı, onu sərbəst buraxan məmur da məsuliyyət daşıyır. Hesab edirəm ki, belə bir hadisənin şahidi olan vətəndaşlar dərhal onu işıqlandırmalıdır ki, digərləri nəticə çıxarsınlar”. Nadir hallarda sərxoş qadınlarla bağlı biabırçı hadisələrin qeydə alındığını vurğulayan vəkilin sözlərinə görə, bu vəziyyət kişilər arasında tez-tez təkrarlanır.
Şəymən