Biabırçılıq...

Müəllimlər maaş kartını ala bilmirlər



Bakının Nərimanov rayonu, C.Cabbarlı adına 161 saylı tam orta məktəbində dünən müəllimlər maaş kartı üstündə qırğına çıxıb.
Hadisə yerindən "Şərq”ə məlumat verən müəllimələrdən biri məktəb daxilində əsl "müharibə” getdiyini dedi. Mobil telefonunu həmkarlarının səsinə "tuşlayan” müəllimə "eşidirsiniz, səsləri?! Burda qırğındı. Müəllimlər biri-birinin başına "çıxıb” dedi. Məlum oldu ki, Bakının 3 rayonu - Səbail, Yasamal və Qaradağ rayonlarının müəllimləri 161 saylı məktəbə əmək haqqı kartını almağa göndərilib. Həmin məktəbdə maaş kartının verilməsi üçün bir otaq və bir mühasib ayrılıb. Təbii ki, bir mühasib 3 rayonun müəllimlərinə maaş kartını vaxtında verməkdə aciz qalıb. Və ortada belə xoşagəlməz vəziyyət yaranıb. Müəllimlər günlərdir maaş kartını ala bilmir. Müəllimlərdən biri dedi ki, sonuncu dəfə əmək haqqını mart ayının əvvəlində alıblar. Artıq aprel ayının 8-dir, amma onlar hələ də maaş kartını almayıblar. Deməli, pul da almayıblar. Hər dəfə kartın müddəti bitdikdə və ya kartlar dəyişdirildikdə belə biabırçı vəziyyət yaranır.
Görək, Təhsil Nazirliyi və Bakı Baş Təhsil İdarəsi nə izahat verəcək.

Məlahət