“Bilirəm ki, hər bir kıbrıslı Azərbaycanı görmək üçün can atır”

Kiprin təhsil naziri baş redaktorla görüşdü
Dünən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin rəsmiləri ilə ölkənin tanınmış media rəhbərləri arasında görüş keçirilib. Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin təhsil və mədəniyyət naziri Özdemir Berova, təhsil müşaviri Ahmet Simitçioğlu, müavin Ziya Öztürkler, nazirin özəl qələmi Halva Dağsever, ŞKTC-nin Bakı təmsilçiliyinin rəhbəri Ufuk Turganer, həmçinin, Fondun icraçı direktoru Vüqar Səfərli və baş redaktorlar iştirak ediblər.
Qonaqları tədbir iştirakçılarına təqdim edən V.Səfərli ilk sözü təhsil və mədəniyyət naziri Özdemir Berova verib. Qonaq Azərbaycanda olmaqdan çox məmnun olduğunu bildirərək Kıbrıs xalqı adından Azərbaycanı salamlayıb. Nazir deyib ki, kıbrıslılar və azərbaycanlılar qədim türk millətinin parçalarıdır: "Azərbaycanlıları hər zaman özümüzə qardaş bilmişik. Heç bir məsələdə onları özümüzdən ayrı, yad görməmişik. Kıbrısda son 15 il ərzində həm təhsil, həm də turizm sahəsində ciddi inkişaf baş verib. Hazırda 15 ali təhsil ocağımız 93 min tələbəyə təhsil verməkdədir. 93 min tələbədən 500-ü Azərbaycan vətəndaşıdır. Bununla yanaşı, universitetlərimizdə müəllimlik vəzifəsini icra edən 30 azərbaycanlı dünyanın 132 ölkəsindən Kıbrısa gələn tələbələrə dərs keçir. Yaxın gələcəkdə daha çox işlər görəcəyimizə əminik”.
Millət vəkili Aqil Abbas Kıbrısın Azərbaycan qədər doğma olduğunu deyib: 
"Dəfələrlə Kıbrısda olmuşam, Kıbrısı çox sevirəm. Amma ordakı türklər Türkiyədəki türklərdən bir qədər fərqlidir. Kıbrıslı qardaşlarımız daha ziyalıdırlar. Hörmətli nazirin bir ifadəsinə də düzəliş etmək istəyirəm. Kıbrısın Azərbaycanda nümayəndəsi yox, böyük elçisi var. Biz bunu belə qəbul edirik. Sadəcə rəsmi dildə nümayəndə deməyə məcburuq. Biz dəfələrlə Kıbrısın ali təhsil ocaqlarında olmuşuq, müəllimlərlə görüşmüşük və çox razı qalmışıq. Təhsiliniz kifayət qədər yüksəkdir. Turizm də yaxşıdır, amma daha da inkişaf etməyini arzu edirik. Biz Kıbrısa tez-tez gedirik. Yaxşı olar ki, kıbrıslı qardaşlarımız da Azərbaycana gəlsinlər, buranı tanısınlar. Azərbaycanın Kıbrıs kimi gəzməli, görməli məkanları çoxdur. Həmçinin, bizim qəzetlər, saytlar Kıbrıs haqqında çox yazırlar. Siz də bizim haqqımızda geniş və ətraflı məqalələr yazın. Belə bir atalar sözü var, deyirlər - "yad gələ-gələ qohum olar, qohum gəlməz yadlaşar”. Bir-birimizə çox bağlanmalıyıq”.
Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə Kıbrısı sülh və təhsil adası adlandırıb:
"Burada iştirak edənlərin əksəriyyəti Kıbrısda olublar. Oranın ali təhsil ocaqlarına baş çəkiblər. Siz Azərbaycan və Kıbrıs xalqlarının ortaq dəyərlərindən danışdınız. Bu ortaq nöqtələrdən biri də təhsilə verilən yüksək qiymətdir. Azərbaycanda öz övladını Kıbrısa təhsil almağa göndərən valideynlər çox rahat olurlar. Çünki onlar bilirlər ki, uşaqları orada gözəl təhsil alacaqlar. Fikrimcə, təhsil əlaqələrini daha da inkişaf etdirmək lazımdır. Çox güman ki, sizin Azərbaycana gəliş səbəbiniz də elə budur. Kıbrıslı nazirin ölkəmizə səfəri yeni mərhələnin başlanğıcı deməkdir”.
Çıxışlarda səsləndirilən təkliflərə münasibət bildirən təhsil naziri Özdemir Berova deyib ki, hər iki xalqın gənclərinin bir-biri ilə ünsiyyət qurması, daim əlaqədə olması, eyni zamanda turizm bölgəsi kimi Azərbaycanın seçilməsi onun da şəxsən arzuladığı məqamdır: 
"Mən çox yaxşı bilirəm ki, hər bir kıbrıslı Azərbaycanı yaxından görmək üçün can atır. Söz verirəm ki, bu məsələ ilə bağlı növbəti dəfə turizm nazirimizlə görüşəcəm. Oktyabr ayının sonunda nazirimizlə birlikdə təkrar Bakıya səfər edəcəyik. Burada həm Şimali Kıbrısı tanıdacağıq, həm də ölkənizdəki turizm şirkətləri ilə təmas quracağıq”. Nazir təhsil sahəsində də əllərindən gələni etdiklərini deyib: "Biz Türkiyədən gələn tələbələrlə Azərbaycandan gələn gənclər arasında fərq qoymuruq. Tələbələrin sayını artırmaq üçün bir sıra işlər görəcəyik, yeni proqramlar hazırlayacağıq. Hazırda 30-a yaxın azərbaycanlı tələbənin bütün təhsil və mənzil xərcləri ŞKTC tərəfindən ödənilir. Bu rəqəm kiçik gələ bilər, amma xatırladım ki, 120 dövlət hesabına ödənişin 30-u azərbaycanlı tələbələr üçün ayrılıb. Bu il 3 Kıbrıs türkü Azərbaycanda Konservatoriyaya daxil oldu və hazırda orada təhsil alırlar. Qərara almışıq ki, Kıbrısda və Azərbaycanda hansısa 3-5 məktəbin müəllim və tələbələri qarşılıqlı şəkildə bir-birini ziyarət etsinlər və burada bir müddət qalsınlar”.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, Azərbaycan mediası ilə Kıbrıs mətbuatı arasında hər zaman çox yaxşı əlaqələr olub. Baş redaktor xatırladıb ki, hələ 10 il əvvəl ölkə mediasının nümayəndələri Kıbrısa səfərlər etməyə başlayıb: 
"O vaxt Kıbrısda bir anlaşma imzaladıq və qərara gəldik ki, hər iki tərəfin mətbuat nümayəndələri bir araya gələrək ortaq bir qəzet buraxaq. Bu gün Azərbaycanın Şimali Kıbrısla əlaqələri çox yaxşıdır. Media ilə yanaşı, təhsil əlaqələri də güclüdür. Mən təhsil sahəsi ilə bağlı bir sıra təkliflər vermək istəyirəm. Hesab edirəm ki, bu təkliflər sizin üçün də maraqlı olar. Bilirsiz ki, Azərbaycanda Türkiyənin ali təhsil ocaqlarının xeyli sayda təlim kursları fəaliyyət göstərir. Səhv etmirəmsə, 250-yə yaxın türk ali məktəblərində 15 mindən artıq azərbaycanlı tələbə təhsil alır. Kıbrısda 500 nəfər azərbaycanlı tələbənin təhsil alması çox azdır. Türkiyənin ali təhsil ocaqları Azərbaycanda sınaqlar keçirirlər. Çox yaxşı olar ki, sizin universitetlər də müqavilələr bağlayaraq, bu cür sınaqlar təşkil etsinlər. Kıbrıs ali məktəblərinin imkanları haqda təbliğat çox zəifdir. Əgər universitetlərinizin güclü təbliğatı qurularsa, sınaq imtahanları təşkil edilərsə, orada təhsil alan azərbaycanlıların sayı da artar”.
Baş redaktor bildirib ki, Kıbrıs və Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq güclənməlidir:
"Ola bilər, dövlət təhsil mərkəzlərinin əlaqələri arasında müəyyən baryerlər olsun, amma özəl universitetlərin əməkdaşlığını qurmaq mümkündür. Həmin ali məktəblərin tələbələri qarşılıqlı və növbəli şəkildə universitetlərdə təhsil ala bilərlər”.
"Səs” Holdinqin sahibi Bəhruz Quliyev deyib ki, Kıbrısın Azərbaycandakı nümayəndələri hər iki xalqı bir-birinə daha da yaxınlaşdırıb: 
"Son dövrlərdə Ufuk xanım və ondan əvvəlki nümayəndələr əlaqələrin qurulması üçün çox mühüm işlər görüblər. Təhsillə bağlı məsələ əvvəllər zəif idi, amma hazırda vəziyyət qənaətbəxşdir. Zamanla xeyli işlər görülüb. Vüqar müəllimin təşəbbüsü ilə baş redaktorların Kıbrısa mütəmadi səfərlər etməsi əlaqələri gücləndirib. Mətbuatda təbliğat işləri aparılır. Amma turizm sahəsində axsaqlıqlar var. Geniş ictimaiyyət Kıbrısda gözəl turizm mərkəzlərinin olmasından xəbərsizdir. Kıbrısın turistlik bölgələrini burada tanıtmaq üçün müəyyən işlər görülməlidir”.
Daha sonra çıxış edən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Trend” informasiya agentliyinin baş direktor müavini Arzu Nağıyev Kıbrısdakı universitetlərdə təhsil haqlarının baha olmasından, diplomların ölkəmizdə tanınıb-tanınmamasından və dini zəmində narahatlığa səbəb olan məsələlərdən söz açıb. Kıbrıs təhsil nümayəndəsi isə deyib ki, Azərbaycanda Kıbrısın 11 təhsil müəssisəsinin diplomu tanınır.
İsmayıl