“Bir dəfə gəldi hay-küy saldı və sonra çıxıb getdi”

Kəmalə Ağazadə: “Ana uşaqlarını geri almaq istəyirsə, buyursun, iddia qaldırsın”





"Ana uşaqlarının ona qaytarılmasını istəyirsə, buyursun, məhkəməyə müraciət etsin. Amma məhkəmə nə qərar verəcək, onu bilmək olmaz”.

Bu sözləri "Şərq”ə açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə küçəyə atılmış 3 azyaşlının qəyyumluq hüququna sahibliyi ilə bağlı danışarkən deyib. Qeyd edək ki, bir müddət əvvəl Ağsu rayon sakini Xəyalə Kərimova 3 azyaşlı uşağını öz anasının öhdəsinə buraxaraq çıxıb getmişdi. Qadının həyat yoldaşından boşandığı və başqa bir kişiylə bərabər getdiyi də bildirilirdi. Nənə isə bir müddət sonra uşaqlara baxmaqdan imtina etmişdi və azyaşlılar tamamilə nəzarətsiz qalmışdılar. Uşaqlar polislər tərəfindən aşkarlanaraq Azərbaycan Uşaqlar Birliyinin sığınacağına təhvil verilmişdilər. Bu günlərdə isə məhkəmənin qərarı ilə uşaqlara qəyyumluq hüququ AUB-nin sədri Kəmalə Ağazadəyə verilib. Məlumatda bildirilir ki, uşaqlar hazırda AUB nəzdindəki Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində qalırlar və vəziyyətləri yaxşıdır.

Bəs hansı halda ana uşaqlarına yenidən sahiblənə bilər?

K.Ağazadə "Şərq”ə açıqlamasında qeyd etdi ki, bunun üçün ana məhkəməyə müraciət etməlidir:

- Uşaqlar bizim sığınacağa yay aylarından yerləşdirilib. Uşaqların küçəyə atılması barədə məlumat aldıqdan sonra biz Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etdik və uşaqların müdafiəsini üzərimizə götürməyə hazır olduğumuzu bildirdik. Uşaqlar da Bakıya gətirildi və sığınacağa yerləşdirildi. Ana bir dəfə bizim sığınacağa gəldi, hay-küy qopardı, dedi "görün, başınıza nə oyun gətirəcəm”, bizi təhdid etdi və çıxıb getdi. O gedən gedib, daha bir xəbər də yoxdu. O, uşaqlarına sahib çıxmaq istəmir. Nənə isə arada gəlir, uşaqları yoxlayır. Ana uşaqlarını geri almaq istəyirsə, buyursun, iddia qaldırsın.

"İddia qaldırılacağı təqdirdə məhkəmə analıq hüququnu bərpa edə bilərmi” sualına cavabında isə K.Ağazadə buna məhkəmənin qərar verəcəyini dedi:

- Məhkəmə ananın durumuna baxacaq. Psixoloji durumu normaldımı, yaşayış yeri, iş yeri, aylıq gəliri varmı. Uşaqlar anaya qaytarılarsa, necə bir ortamda böyüyəcəklər. Şərtlər çoxdur. Uşaq oyuncaq deyil ki, bu gün küçəyə atasan, sabah gəlib deyəsən ki, verin özümə.

K.Ağazadə bildirdi ki, sığınacaqda uşaqlar tam təhlükəsiz və təminatlı böyüyürlər:

- Uşaqlardan böyüyü artıq məktəbə gedir. Birinin ayağında problem vardı, hazırda müalicə məsələləri ilə məşğuluq. Uşaqlar burda normal şərtlər daxilində yaşayırlar. Ana uşaqlarına təkrar sahib çıxmaq istəyirsə, onların sağlam yaşayışı üçün lazım olan şərtləri ödəməlidir.

Məlahət Rzayeva