Bir ildə iki qəbul imtahanı verən uşaqda təbii ki, stres olacaq





Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün mayın 12-də ali məktəblərə qəbul imtahanı keçiriləcəyi ilə bağlı məlumat yayıb.

Pediatr Vaqif Qarayev sosial şəbəkədə paylaşdığı statusunda qəbul imtahanlarının ağır şərtlər altında keçirilməsinin abituriyentləri psixoloji gərginlikdə saxladığını yazıb:

- Tanınmış psixoterapevt qəbul imtahanları ilə bağlı maraqlı fikirlər söyləyib. Qəbul imtahanlarının şərtləri sərtləşdirilib. Məlumdur ki, abituriyentlər iki dəfə imtahan verirlər. Bu isə uşaqların psixi durumuna və fiziki sağlamlığına mütləq mənfi təsir edir. Düz deyir psixoloq. Uşaqları bu qədər yükləyib səhhətinə zərər vurmaq mənasızdı. Heç bir təhsil sağlamlıqla müqayisə oluna bilməz!!!
Başqa bir fikir də söyləyib: qızlar qəbul imtahanı verməsin! Bax, bu fikirlə razılaşmaq olmaz! Onsuz da ölkədə kifayət qədər diplomlu, amma iki kəlməni doğru-dürüst qarşısındakına çatdıra bilməyən SAVADSIZ analar var. Savadsızlığa yenidən niyə rəvac verək ki?!

Psixoloq Fərqanə Mehmanqızı «Şərq»ə açıqlamasında imtahanların istənilən halda stres yaşatdığını bildirib:

- Şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, hər bir imtahan stres yaradır. Amma hər bir stres zədə almaq demək deyil. 2 dəfə imtahan keçirilirsə, bu, əlbəttə əlavə stresdir. Lakin bir məsələni mütləq vurğulamalıyıq. İnsanın stresə hansı dərəcədə məruz qalması onun şəxsiyyət kimi necə yetişməsindən asılıdır. Əgər abituriyent ailədən dəstək alırsa, bir il hazırlıq müddətində sakit bir ortamda çalışıbsa, psixologiyası normaldırsa, imtahanlarda da normal, sakit şəkildə iştirak edəcək, yersiz həyəcana qapılmayacaq, bildiklərini həyəcandan unutmayacaq. 

Amma əgər abituriyentə ailədə təzyiq varsa, uşağın qarşısına ali məktəbə daxil olmaq alternativsiz şərt olaraq qoyulubsa, uşaq üzərində bu şərtin basqısını hiss edirsə, ətraf mühit də ona yüngüllük deyil, ağırlıq gətirirsə, əlbəttə, imtahan stresi ona mane olacaq və gözlənilən nəticə də əldə edilməyəcək. Uşaqlar ailədə və məktəbdə sağlam yetişməlidir. Belədə uşaq stresə yenilmir. Biliklərini sərbəst realizə edir, istənilən nəticə də əldə edilir. Yəni burada əsas məsələ şəxsiyyət kimi formalaşmaqdır.

Məlahət Rzayeva