Bir qiyafəni geyinib podiuma çıxmaq cəmi 50 manatdır

“Şərq” Azərbaycanda model biznesinin inkişaf etməməsinin səbəblərini araşdırdı


Podium bir çoxlarının arzusu olub. Bəziləri ecazkarlığı ilə göz qamaşdıran bu məkanda özünü tapa bilib, kimisi də tam əksinə, bu aldadıcı məkanın qurbanına çevrilib. Əslində uzun tarixi olan model biznesinə hər dövrdə fərqli münasibət olub. Şərq ölkələrində podiumda olana, model biznesinə bu gün də birmənalı yanaşılmır. Bunun isə subyektiv səbəbləri ilə yanaşı, obyektiv məqamları da var.

Dünyanın bir çox ölkələrində model biznesi kifayət qədər gəlir gətirən və əslində böyük maraqla qəbul olunan sektorlardan sayılır. Bizdə isə hələ də model biznesi istənilən səviyyədə inkişaf edə bilməyib. Düzdü, bizdə də moda ilə məşğul olan, bu sahədə uğurlara imza atan modelyerlər var. Ancaq model barədə bunu söyləmək çətindi. Hərçənd bir çox dünya səviyyəli müsabiqələrdə modellərimiz iştirak edib və uğur da əldə edənləri olub. Bütünlükdə bu sektorun gəlir gətirdiyini söyləmək isə düzgün olmaz.

Azərbaycanda şou-biznesin bir hissəsinin də elə model biznesi ilə birbaşa bağlı olduğunu nəzərə alsaq, modellərimizin o qədər də məşhur olduğunu söyləyə bilmirik.

Suallarımızı bu sahədə olanlara ünvanladıq. Əslində maraqlı cavablar oldu. Tanınmış modelyer Fəxriyyə Xələfova "Şərq”ə açıqlamasında model biznesi barədə danışaraq modellərimizin podiumda pul qaza bilmədiyini belə əlaqələndirdi:

"Bizdə bir-iki agentlik var ki, onlar mütəmadi işləyirlər. Onların nümayişləri, sərgiləri olur. Onlar aylıq qazanclarını çıxara bilirlər. Burada əsas məsələ peşəkarlıqdır. Sabah biri çıxıb deyə bilər ki, Fəxriyyə xanım, mən modeləm. Amma mən ondan soruşanda ki, boyun neçədir, deyir 175 sm. Deyirəm ki, bu boy model sayılmır, orta boydur. Model olmaq üçün 185 sm boy lazımdır. Hazırda 5-10 nəfər belə model var. Onlar peşəkardır və həmişə iş tapırlar. Amma deyə bilmərəm ki, onların sayı çoxdur. Model üçün peşəkarlıq lazımdır. Model üçün kriteriyalarım var. Boy məhdudiyyəti qoyuram. Hazırda 10 qız, 6-7 oğlan model var ki, mütəmadi olaraq onlarla işləyirəm. Qeyri-peşəkarla işləmirəm. Gənclər elə düşünürlər ki, model olmaq çox asan işdir. Düşünürlər ki, ona təhsil, intellekt lazım deyil. Amma belə deyil. Modelə intellekt gərəkdir. Mən podiuma çıxmıram, amma model mənim informasiya daşıyıcımdır. Podiuma çıxan model işlərimi mənim adımdan çox peşəkarlıqla təqdim etməlidir. Modellər beynəlxalq sərgilərə çıxıb stendləri tanıdırlar, hər şey onlardan asılıdır. Müdir çıxmır ki, camaatın qarşısına. Yəni biznesin inkişafı, əlaqələr modeldən asılıdır. Çox çətin peşədir. Model daim öz üzərində işləməlidir. Onlar formasını saxlamasından, dil bilməsinə, xarakterinə, dözümlülüyünə qədər bütün keyfiyyətləri özündə cəmləşdirməlidir. Qaldı qazanc, qonorar məsələsinə, xarici modellərlə bizim modellərin qonorarları müqayisə olunmazdır. Bizim modellərin aylıq qazancı elə orta statistik maaşa bərabərdir. Lakin yenə də bu işdir, qazanc mənbəyidir. Gürcüstanda da vəziyyət bizimkindən o qədər fərqlənmir. Əksinə, onlar bir çox sahələrdə bizdən zəifdir”.

Tanınmış model Nani Səfərova da "Miss Maxim of Europe 2014”-də birinci yerə çıxaraq Azərbaycana qələbə gətirib. O həm də "Miss Mobydick 2014” nominasiyasının da qalibi olub. N.Səfərova həm də filologiya ixtisası üzrə təhsil alır. O, vaxtının daha çox hissəsini təhsilə həsr edir. Nani təhsilsiz özünü cəmiyyətdə heç hesab etdiyini düşünür. Buna görə də əsas vaxtını dərslərinə həsr etməyə çalışır. Azərbaycanda model biznesindən danışan Nani Səfərova "Azərbaycanda modellik sənəti hələ indi inkişaf edir. Boyu, bədən quruluşu modellik üçün uyğun olmayan, amma bir-iki fotosessiyada çəkilən deyir ki, mən modeləm. Bu düzgün deyil. Professional model olmaq üçün bir çox mərhələlərdən keçmək lazımdır. Heç vaxt demirəm ki, modeləm. Kim tanıyırsa, tanıyır. Modeləm deyəndə çox adam öz dünyasında başqa nələrsə fikirləşir. Ona görə də, heç vaxt modeləm sözünü demirəm. Qaldı niyə bizdə modelə birmənalı münasibət yoxdu? Mənim bu sualıma bəlkə də subyektiv münasibətim var. Məndən öncə bu sahədə çalışan insanlar yəqin ki, cəmiyyətdə belə bir fikrin yaranmasına yol açıblar. Çünki əvvəllər də model agentliyi deyiləndə cəmiyyətdə normal olmayan münasibət görürdüm. Guya agentlik direktoru qızları pis yollara yönəldir. 3 ildir professional olaraq bu sahədəyəm və bir dəfə də olsun belə bir halla qarşılaşmamışam. Gözəl bir qız modeldirsə, bu o demək deyil ki, o pis işlərlə məşğuldur”. Azərbaycanda kişilərin model biznesi ilə məşğul olması da o qədər geniş yayılmayıb. Bu sahədə son illər adı çəkilən isimlər arasında gənc model Ceyhun Ələkbərov da
model sahəsinin Azərbaycanda niyə inkişaf etmədiyini belə izah etdi: "Öncə ondan başlayaq ki, bu sektorda bir model var, bir də bu bizneslə məşğul olan model agentlikləri. Modelə Azərbaycanda lazım olan qədər büdcə ayrılmır. Modelə verilən pul deyək ki, 50 manatdı. Bir qiyafəni geyinib podiuma çıxması 50 manat dəyərində olur. Amma dünya model biznesində mənzərə tam fərqlidir. Tutaq ki, sıradan bir dəfilədə podiuma çıxan model bir geyimi təqdim etmək üçün ən azı 500 dollar qonorar alır. Bu sahədə gəlir o qədər böyük deyil deyə gələn də az olur. Bizdə ən böyük problemlərdən biri də odur ki, bu gün modelin bacarığına, model olaraq paremetrlərinə o qədər önəm vermirlər. Əsas odur ki, bundan əvvəl hansı brend məhsulu podiumda təqdim etmisən. Bizdə model biznesində də tanışlıq, dostbazlıq özünü göstərir. Qaldı kişilərin model kimi fəaliyyətinə birmənalı yanaşılmır. On il əvvəl qətiyyən qəbulolunmaz idisə, bu gün artıq yavaş-yavaş normal münasibət yaranır. Əvvəllər modelliklə məşğul olanlara dostları, qohumları, ailə tərəfindən təzyiq olurdusa, dostlar qınayırdısa, indi artıq bu qədər kəskin tənqid olmur. Mən 5-10 il əvvəl bu sahəyə gəlsəydim, yəqin qınayardılar. Şəxsən məni evdə qınayan olmayıb. Nə də dostlar o qədər irad bildiriblər. Düzdü, bir-iki dostum arada zarafat edib ki, sən Allah, kişi işi ilə məşğul ol! Amma bu da sadəcə zarafat olub. Bizdə model sahəsi o qədər gəlirli sahə deyil. Xaricdə model reklam çarxlarından, dəfilələrdən böyük pullar qazana bilir. Misal üçün, bir gündə ən böyük qazancım 127 manat olub. Bir dəfilədə 7 geyimdə podiuma çıxmışam, 127 manat qonorar ödəyiblər. Xaricdə isə bu rəqəmlər çox böyükdü. Mənim fakturam axı model üçün tam uyğundu. Podiumda yerişim, boy ölçüm, bədən quruluşum, üstəlik, sifət cizgilərim mənim xaricdə daha çox qazanmağıma imkan verərdi. Bilirsiz, bizdə bəlkə də modellər daha böyük pul qazana bilərlər. Amma model agentlərinə bu əl vermir. Tutaq ki, model agentlikləri hər hansı tanınmış brend firma ilə əməkdaşlıq edir və onların geyimlərini nümayiş etdirməyi üzərlərinə götürüblərsə, yəqin ki, orda böyük gəlir də nəzərə alınır. Brend marka ilə işbirliyi qurulursa, onların Azərbaycanda dəfilələri təşkil edilirsə, çox güman ki, ordan əldə olunacaq gəlir də az olmaz. Sadəcə bu vəsaitdən modelin cibinə qəpik-quruş düşür. Yəni model biznesi bizdə kasıb durumdadı. Bunun da ən böyük günahkarı model agentlikləridir. Çünki dəfilələr onların təşkilatçısı ilə təqdim olunur. Mənə seriallardan da dəvət gəlsə, məmnuniyyətlə təklifi qəbul edərəm. Dünyanın məşhur modelləri də filmlərdə aktyor kimi çəkiliblər. Bu artıq istifadə olunan təcrübədir. Amma bizdə elə aktyora da 50 manat pul verilir. Amma əslində iddialarım böyükdü. Boyum 1.85 sm. Görünüşüm də model olaraq maraqlı və diqqət çəkəndi. Özümə əminəm. Amma bu sahədə Azərbaycanda böyük uğur əldə edə biləcəyimə inanmıram. Avropadan təkliflər gəlsə, dəyərləndirməyi düşünürəm”.

Azərbaycanda məşhur olan FMS model agentliyinin direktoru Ramina Mirzəyeva da "Şərq”ə açıqlamasında Azərbaycandakı model biznesindən danışdı:

"Azərbaycanda model biznesinin yetərincə inkişaf etməməsinin bir çox səbəbləri var. Əsas səbəblərdən biri Azərbaycan ailələrində qızlarının model olmasına razı olmamaqdı. Yəni əksər ailələrdə qız övladının model olmasını qətiyyən qəbul etmirlər. Model adı gələndə insanlarda sanki başqa bir fikir yaranır. O cümlədən Azərbaycanda tekstil sahəsində də o qədər böyük inkişaf yoxdu. Yəni geyim istehsalı ilə məşğul olan böyük moda evləri yoxdu. Daha dəqiq desək, brend adla fəaliyyət göstərən moda evləri yoxdu. Olanlar da sıradan sifarişlər qəbul edirlər. Yəni atelye tipli moda evləri var. İstehsal yoxdu. Brend ad olaraq moda evləri azdı. Böyük mənada istehsalla məşğul olan moda evləri yoxdu ki, onların kolleksiyalarını da təqdim etməyə modelə ehtiyac olsun. Dünya moda bazarında olan böyük dəfilələrə demək olar bizdə az rast gəlmək olar. Əvvəllər ara-sıra olurdu. İndi son bir-iki ildə yox dərəcəsindədir. Xüsusilə də iqtisadi böhran yaşanandan bu sahədə iş dayanıb. 3-4 il əvvəl xaricdən bu sahədə olan məşhur modellər Azərbaycana dəvət olunurdu, bu gün o dəfilələri görə bilmirik. Amma belə götürəndə Azərbaycanda model biznesi yavaş-yavaş inkişaf edir. Mən bu sahəyə 10 ildi gəlmişəm. Türkiyədən də bizim bəzi modellərə maraq olur. Türkiyə ilə işbirliyimiz olmalıdı. Martın sonlarında "Faşion Viik” olmalıdı. Burdan ora modellərimiz gedə bilər. Mən çox istərdim ki, bizim modellər xaricdə tanınsın. Bizim modellərin orda hansı qonorara podiuma çıxacağını indidən deyə bilmərəm. Hələki müqavilə prosesi gedir. Bircə onu deyə bilərəm ki, Türkiyədə podiuma çıxan modellərimizin qonorarı Bakıdan çox üstün olacaq. Yəni burdakı qonorardan çox olacaq. Bir də modelin qonorarını təyin etmək individual məsələdir. Bu baxır modelin işinə, adına. Bizdə bir-iki tanınmış modelin adını çəkmək olar. 

Mənə görə Azərbaycanın ən məşhur modeli Dianadır. Bir də Kristina məşhur modellərimizdən sayılır. Bizdə dünya model bazarına çıxara biləcəyimiz model demək olar yoxdu. Azərbaycanda Fransaya uyğun model yoxdu. Bunu etiraf etmək lazımdı. Fransızların parametrlərinə cavab verən model demək olar ki bizdə yoxdu. Bir də modelin istək və iddiasından çox şey asılıdır. Bizdəki modellərdə böyük iddia görmürəm. Bir az məşhurlaşan kimi, onlar özlərini ulduz hesab edirlər. Bu da onların işinə mənfi təsirini göstərir. Model üzərində çalışmalıdır, intellekti, səhnə duruşu podiumda diqqət çəkməlidir. Qaldı bizdə modelə birmənalı münasibətin olmamasına, bunun da səbəbkarı elə modellərin özləridir. Vaxtilə bəziləri bu sahədə özlərini ucuz və cılız təqdim ediblər deyə, cəmiyyətdə onlara münasibət fərqlidir. Bu əslində təkcə Azərbaycanda belə deyil. Dünyanın bütün ölkələrində model adı gələndə qeyri-ciddi münasibət yaranır. Çox insan model adı gələndə daha çirkin nələrisə düşünür. Əslində bu təkcə modellərə aid deyil, rəqqasələrə də münasibət təxminən eynidir. Sadəcə model adına xüsusilə yanaşma fərqlidir. Bu sahədə olan qadınlara ciddi yanaşmırlar”.

Tahirə