- Gələcək dünya nizamında Çinin müstəsna rolu olacaq
- Çinlə əməkdaşlığı süni intellektdən müdafiə sənayesinə qədər genişləndirməliyik
Prezident İlham Əliyev Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Si Cinpini və Çin xalqını təbrik edib. Məktubda Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi əməkdaşlığın inkişafı vurğulanıb: “Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir. Dövlətlərarası əlaqələrimizin tamamilə yeni tarixi mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktiki ifadəsidir.
Son dövrdə ikitərəfli əlaqələrimizin salnaməsi mühüm hadisələrlə zəngin olmuş, iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımız dinamik inkişaf edərək yeni mahiyyət kəsb etmişdir. Artıq bir ildir ki, ölkələrimiz arasında tətbiq edilən vizasız gediş-gəliş rejimi öz növbəsində insanlararası təmasların və turizmin inkişafına təkan verib”.
Dövlət başçısı həmçinin Orta Dəhliz, “Kəmər və yol” təşəbbüsü, enerji, investisiya və turizm sahələrində əməkdaşlığın genişlənməsinə diqqət çəkib: “Eyni zamanda təşəbbüskarı olduğunuz və Azərbaycanın da daim dəstək verdiyi “Kəmər və yol” layihəsi, o cümlədən Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə birlikdə həyata keçirilən digər bağlantı layihələri qlobal əməkdaşlığın mühüm amilləri olaraq çıxış edir. Məmnunluqla qeyd edirəm ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir. Ölkənizin aparıcı “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi səmərəli fəaliyyət təqdirəlayiqdir. Bu yaxınlarda şirkətin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının açılışı Azərbaycan-Çin iqtisadi əlaqələrinin şaxələndirilməsinin növbəti nümunəsidir”.
Tarix elmləri doktoru, siyasi ekspert Telman Nüsrətoğlu Sherg.az-a açıqlamasında hazırda yeni dünya nizamının formalaşması prosesinin getdiyini bildirib. Onun sözlərinə görə, bu prosesdə Asiyanın və xüsusilə Çinin rolu getdikcə artır: 
“İqtisadi istehsal gücü, resurslar, yüksək texnologiyalar, sənaye və ağır sənaye sahələrində Çin ön plana çıxır. Mövcud şərait göstərir ki, gələcək dünya nizamının formalaşmasında Çinin müstəsna rolu olacaq. Ölkəmiz bu prosesdən kənarda deyil. Azərbaycanın yerləşdiyi region Çinin bu strategiyasında mühüm əhəmiyyət daşıyır. Çinin iqtisadi strategiyasında qlobal təsir imkanlarının genişləndirilməsi baxımından ilk növbədə ticarət yolları, resurslar, nəqliyyat dəhlizləri və limanlar ön plana çıxır. Burada əsas məqsəd hərbi və siyasi təzyiqdən daha çox, yumşaq güc və iqtisadi imkanlar vasitəsilə ölkələrə təsir göstərməkdir. Çin müxtəlif ölkələrin iqtisadiyyatları ilə əlaqələrini genişləndirərək həmin ölkələrin iqtisadi sistemlərində öz təsirini gücləndirməyə çalışır”.
T. Nüsrətoğlu bildirib ki, yeni dünya nizamının formalaşdığı bir dövrdə ticarət yolları və nəqliyyat dəhlizləri xüsusi strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu baxımdan Orta Dəhliz mühüm geosiyasi və iqtisadi xətt kimi ön plana çıxır və Azərbaycan həmin dəhlizin əsas ölkələrindən biridir:
“Belə bir zamanda təbii ki, ticarət yolları və dəhlizlər xüsusi önəm daşıyır. Orta Dəhliz dediyimiz marşrut da strateji əhəmiyyətə malikdir. Azərbaycan bu dəhlizin açar ölkəsidir və burada ölkəmizin mövqeyi, coğrafi imkanları əvəzedilməz xarakter daşıyır. Azərbaycan uzun müddətdir xarici siyasətində milli maraqlarını əsas götürərək qarşıdurmanı deyil, əməkdaşlığı və birlikdəliyi ön plana çıxarır. Xüsusilə iqtisadi maraqlar əsasında əməkdaşlıqların genişləndirilməsi bu siyasətin mühüm istiqamətlərindən biridir. Bu kontekstdə Azərbaycan–Çin münasibətləri xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında iqtisadi, nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsi həm Orta Dəhlizin imkanlarının artırılması, həm də Azərbaycanın regional tranzit mövqeyinin möhkəmlənməsi baxımından mühüm rol oynaya bilər”.
Siyasi ekspert qeyd edib ki, Azərbaycanla Çin arasındakı münasibətlərin tarixi kökləri də kifayət qədər qədimdir. Onun sözlərinə görə, Azərbaycan və ümumtürk coğrafiyası tarixən Çinlə ticarət və mədəni əlaqələrin qurulduğu əsas marşrutlardan biri olub:
“Azərbaycanın ümumtürk tarixində Çinlə münasibətlər mühüm yer tutur. Tarixən İpək yolları, karvan marşrutları bizim coğrafiyamızdan keçib. Çoxsaylı çinli səyyahların bu coğrafiya, Azərbaycan və burada yaşayan xalqlar haqqında əsərləri, səyahətnamələri var. Orta əsrlərdə də Çinlə ticarət əlaqələri mühüm əhəmiyyət daşıyıb və zamanla inkişaf edib.
Bu tarixi əlaqələr müasir dövrdə yeni məzmun qazanaraq iqtisadi və strateji əməkdaşlıq müstəvisində inkişaf edir. Ekspertin fikrincə, Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində əlaqələrini şaxələndirərək milli maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq siyasəti həyata keçirir. Bu gün Azərbaycan rəhbərliyi çox praqmatik və düşünülmüş siyasət həyata keçirərək həm Qərblə, həm də Şərqlə münasibətlərini şaxələndirir. Milli maraqları ön plana çıxarmaqla Çinlə əməkdaşlığı da müxtəlif istiqamətlər üzrə dərinləşdirir. İstehsal, yüksək texnologiyalar, ticarət və nəqliyyat yolları baxımından Azərbaycan–Çin əməkdaşlığı yüksələn xətlə inkişaf edir”.
Ekspert hesab edir ki, gələcəkdə Çinlə təhsil sahəsində də əməkdaşlığı dərinləşdirməliyik:
“Azərbaycan–Çin əməkdaşlığının gələcəkdə yeni istiqamətlər üzrə genişləndirilməsi üçün imkanlar var. Xüsusilə təhsil, yüksək texnologiyalar, süni intellekt, müdafiə sənayesi və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı maraqlara cavab verə bilər. Artıq bəzi universitetlərimizdə Çin dili tədris olunur. Yüksək texnologiyalar, süni intellekt, müdafiə sənayesi və digər istiqamətlərdə Çinlə əməkdaşlığımızı qarşılıqlı maraqlar zəminində daha da genişləndirməliyik. Təbii ki, investisiyalar da burada mühüm rol oynayır. Enerji sahəsi də Azərbaycan–Çin əməkdaşlığının perspektivli istiqamətlərindən biri ola bilər. Azərbaycanın enerji potensialı, xüsusilə yaşıl enerji imkanları bu sahədə yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Bu baxımdan həm ənənəvi enerji, həm də yaşıl enerji istiqamətində Çinlə əməkdaşlığın gələcəkdə daha da dərinləşdirilməsi mümkündür”.