Bir tərəfdə gülən, bir tərəfdə ağlayan...

Gender bərabərliyi yalnız kadr siyasəti ilə ölçülmür

Bu gün ölkəmizdə bir tərəfdən qadınlar Milli Məclisdə, dövlət qurumlarında ali kürsüdə əyləşirlərsə, digər tərəfdən qadınlara qarşı zorakılıq, zərif cinsin nümayəndələrinin təhsildən yayındırılması, məcburi nikaha cəlb etmə kimi hallar mövcuddur

"Hər bir güclü kişinin arxasında güclü qadın dayanır" fikri artıq tarixə qovuşmaq üzrədir. İndi qadınlar kişilərin arxasında dayanıb yalnız onların qulluğunda duraraq ailə qayğılarını yüklənməklə işlərini bitmiş hesab etmir, hətta onlarla birgə addımlayırlar. Sevindirici haldır ki, Azərbaycanda məhz gender bərabərliyinin qorunması nəticəsində kişilərlə yanaşı qadınlar da yüksək postlarda təmsil olunurlar. Qadınlar vəzifə bölgüsündə heç də kişilərdən geri qalmırlar. Əvvəllər qadınlar müəllim, həkim və sair sahələrdə təmsil olunurdularsa, indi qadınlar millət vəkili, təşkilat rəhbəri, başçı, müavin kimi vəzifələrdə çalışırlar. Qadınların işində daha peşəkar, ciddi və tələbkar olduğunu nəzərə alaraq ölkəmizdə qadınların yüksək vəzifədə təmsil olunması istiqamətində ciddi addımlar atılır. 
Bu gün Azərbaycan qadını dövlətin dayaq sütunu, cəmiyyətin bəzəyi, tərəqqinin əsas stimulverici qüvvəsi və ailənin döyünən ürəyi hesab olunur. Ta qədimlərdən Azərbaycan qadınları dövlətçilik tarixində, dövlətin hərtərəfli inkişafında, ictimai-siyasi mühitin formalaşmasında, ailə adət-ənənələrinin qorunub saxlanılmasında və bu günlərə gəlib çatmasında müstəsna rol oynayıblar. Bu gün müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar. Onu da unutmaq olmaz ki, müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 100 il əvvəl verilib.
Gender bərabərliyinin təminatı ilə bağlı zəngin hüquqi baza
Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirildiyini vurğulayan millət vəkili Rəfael Cəbrayılov"Şərq"ə bildirib ki, ölkəmizdə bu məsələnin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir:
"Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapıb. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində həllini tapması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsinin 2-ci hissəsində göstərilir : «Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır».
Konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılıb. Azərbaycan Respublikasının qanunvericiliyi həyatın bütün sahələrində qadın və kişilərin bərabərliyi ideyalarını ifadə edir.
Bütün bunlar cəmiyyətdə gender qeyri-bərabərliyinin ləğv edilməsi və genderə görə balanslaşdırılmış siyasətin inkişafı üçün əsasdır.
Azərbaycan Respublikası 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul edib və onlara qoşulub.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olub.
Bundan başqa, 2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilib. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapıb.
Müstəqil respublikamızda qadın hüquqları və ya gender bərabərliyi bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunun əsas məqsədi kişi və qadınlar üçün ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır".
Gender balansının stimullaşdırılması pillə-pillə yaxşılaşır
Deputat onu da əlavə edib ki, hazırda ölkədə 100-ə yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. 
2007-ci ilin dekabrında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqqında fərman böyük əhəmiyyət kəsb edir. Şuranın fəaliyyətinin mühüm bir istiqamətinin də ailə, qadın və uşaq məsələlərinə yönəlməsi dövlətin bu sahəyə xüsusi diqqətinin ifadəsidir: «Gender siyasətinin tələblərinə uyğun olaraq ölkədə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində qəti addımlar atılıb. Azərbaycan qadını bu gün Milli Məclisin sədr müavini, insan hüquqları üzrə müvəkkil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Konstitusiya Məhkəməsinin sədr müavini və s. kimi yüksək postlarda təmsil olunur. Ölkə parlamentində 20-dən çox qadın deputat fəaliyyət göstərir. Respublika üzrə 30-dək rayonda icra hakimiyyəti başçılarının müavinləri qadınlardır. Azərbaycanda qadınlar üçün ilham mənbəyi birinci xanım Mehriban Əliyevanın nümunəsidir. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi cəmiyyətdə mədəni və iqtisadi inkişafa, xüsusən gənc qadınların rolunun artırılmasına böyük töhfə verib. 2017-ci ildə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Minlərlə Azərbaycan qadını müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə çalışır. Bütün bunlar Azərbaycanda gender bərabərliyinin necə qorunduğunun bariz nümunəsidir. Məhz ona görə də, beynəlxalq hesabatlarda, Azərbaycan gender bərabərliyinin təminatı sahəsində pillə-pillə irəliləyir və buna dair xəbərləri yerli və beynəlxalq mediadan əldə etmək mümkündür.
Mediadan söz düşmüşkən maraqlıdır, bəs görəsən, dördüncü hakimiyyət adlanan və cəmiyyətin güzgüsü hesab olunan mətbuatın Azərbaycanda gender balansının stimullaşdırılmasında rolu nə qədərdir? Gender bərabərliyinin qorunmasında media üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilirmi?
Sualların konkret cavabına keçməzdən əvvəl, qeyd edək ki, ölkəmizdə gender bərabərliyinin qorunmasında medianın rolu mövzularında kütləvi tədbirlər keçirilir. Belə analoji tədbirlərdən biri də ötənlərdə baş tutdu. Belə ki, Bakıda Avropa Şurası tərəfindən "Gender bərabərliyi və media” mövzusunda "dəyirmi masa” təşkil olundu. 
Tədbirdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Herneys, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, nüfuzlu media qurumlarının baş redaktorları və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı qaydalarının gender bərabərliyi perspektivindən yenilənmiş versiyası barəsində geniş məlumat verilib.
Jurnalistlər qadın və kişilərin obrazını qərəzsiz təqdim etməli
Səfir Z.Herneys çıxış edərək bildirib ki, media demokratik cəmiyyətdə mühüm rol oynayır. Medianın müstəqilliyi önəmli olsa da, jurnalistlər və digər media işçiləri qadın və kişilərin obrazını qərəzsiz və stereotipsiz şəkildə təqdim edilməsinə görə cavabdehlik daşıdıqlarını bilməlidir".
Gender məsələləri ilə bağlı jurnalistlər üçün 4 kitab çap olunub
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bəyan edib ki, MŞ-nin növbəti iclasında bu məsələnin qəbul ediləcəyi nəzərdə tutulub:
"AŞ Azərbaycanda fəaliyyətə başlayan kimi həmişə jurnalistlərin peşəkarlığının artırılması, söz və mətbuat azadlığı məsələsi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirir. Eyni zamanda bu istiqamətdə kitablar çap olunub. Son olaraq jurnalistlər üçün 4 dərslik kitabı da çap olunub. Bu layihə çox aktual məsələdir. Qeyd edim ki, bu əlavə kifayət qədər uğurlu əlavədir. Düşünürəm ki, məhz bu dəyişiklikdən sonra qanunvericilikdə də bu dəyişikliklərin edilməsinin vaxtı çatıb. Parlamentin növbəti iclaslarında həmin sənədlərə gender məsələsinin də əlavə edilməsi ilə bağlı təkliflə çıxış edəcəm”.
Jurnalist cinsi ayrı-seçkilik yaradan üslubdan uzaq durmalı
Ə.Amaşov həmçinin İşçi qrupun Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarını yeniləyərək 3-cü prinsipinə ("Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”) konkret olaraq gender bərabərliyindən bəhs edən başlığı olmayan 3.2-ci bənd əlavə etməsindən də söz açıb: 
"Daxil edilmiş yeni bənddə bildirilir ki, jurnalist gender bərabərliyi prinsipinə hörmət göstərməli, cinsi ayrı-seçkilik yaradan üslubdan uzaq durmalı, xəbərin mövzusu ilə birbaşa əlaqəsi yoxdursa, şəxsin cinsi mənsubiyyətini qabartmamalıdır. Avropa Şurasının gender bərabərliyi layihəsi Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına "Ayrı-seçkiliyin yolverilməzliyi prinsipinin və gender bərabərliyinin təşviqi və müdafiəsi” adlı yeni 4-cü prinsip daxil edib. Yeni prinsipdə deyilir ki, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsipinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Gender stereotiplərini təbliğ etməməli, onlara qarşı mübarizə aparmalı və mediada qadınların və kişilərin pozitiv və gender stereotiplərindən azad imicini təşviq etməli, gender əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender əsaslı zorakılığı pisləməli və onun neqativ nəticələrinə dair cəmiyyətdə məlumatlığı artırmalıdır. Həmçinin jurnalist mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalı, kişi və qadın jurnalistlərə bərabər hüquqlar, imkanlar təmin olunmalıdır”.
Media peşəkar olmalı, cinslərə bərabər yanaşmalı...
Media üzrə hüquqşünas Xalid Ağalıyev "Şərq"ə bildirib ki, ümumiyyətlə, hər dəfə bu mövzu müzakirə masasına çıxdıqda belə bir yanaşma aydın nəzərə çarpır ki, gender stereotipləri və ya problemlərini yaradan sanki mediadır:
"Bu, yanlış yanaşmadır. Medianın gender bərabərliyinin keşiyində durmaq, davamlı olaraq bu sahədəki bərabərsizliklərin həllinə çalışmaq kimi görəvi yoxdur. Bu sahənin problemlərinə əlaqəli qurumlar məsuldur və medianın həmin qurumların fəaliyyətinin təbiətinə uyğun çalışması da doğaldır. Media bacarıqsız səlahiyyətli qurumları bacarıqlı edəsi deyil. Media olan problemləri xəbərləməlidir, hesab edirəm ki, məhz bu mövzuda mediamız heç də axsamır. Sözsüz ki, media ictimai rəyə təsir baxımından əvəzedilməz gücdür. Məsələn, deyirlər ki, media terrorun oksigenidir. Ancaq bu, o demək deyil ki, media terror xəbərlərini işıqlandırmamalıdır. Necə xəbərləmək məsələsi var. Gender məsələsində də bu sual aktualdır. Peşəkar media, işini bilən media heç vaxt problem yaratmayacaq. Əgər gender bərabərliyi ciddi problemlidirsə, bununla həm hökumət, həm vətəndaş cəmiyyəti qurumları işləməlidir. Peşəkar media isə həm hökumətin, həm də vətəndaş cəmiyyətinin üzərində çalışdığı problemə daim layiq olduğu diqqəti göstərəcək. Bunun alternativi yoxdur. Məsələyə qeyri-peşəkar media aspektindən yanaşsaq, fərqli mənzərə ilə qarşılaşacağıq. Azərbaycan təcrübəsinə göz gəzdirsək, məhz qeyri-peşəkarlıqdan qaynaqlanan problemləri müşahidə edə bilərik. Qəza baş verir, qəza törədənin qadın-kişiliyi qabardılır, intihar olayı, yenə qadın-kişi məsələsi, rəhbər vəzifəyə təyinat, vurğu yenə təyin olunanın qadın olmasının üzərinə qoyulur və belə müqayisələr bitmir. Bütün bunlar özlüyündə cinsi ayrı-seçkiliyi, bərabərsizliyi ifadə edir. Gender məsələsinə mediada xüsusi əlahiddə bir yanaşma olmalı deyil. Media peşəkar olmalı, bu mövzuda cinslərə bərabər yanaşmalı, xəbərləmə ayrı-seçici məzmun daşımamalıdır".
Qadınların hüquq və azadlıqlarının təminatında problemlər...
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Mehriban Zeynalova da "Şərq"ə bildirib ki, Azərbaycanda gender bərabərliyində müəyyən problemlər olsa da, pozitiv işlər də az deyil:
"Xüsusən də 2014-cü ildə gender bərabərliyinin təmin olunması ilə bağlı bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, icra başçılarının müavinləri vəzifələrinə qadınlar gətirilib və s. Ancaq nəzərə almaq lazımdır ki, gender bərabərliyi yalnız kadr siyasəti ilə ölçülmür.
Azərbaycanda vəzifədə olan məmur qadınların sayı günü-gündən artsa da, ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmini məsələsində problemlər hələ də qalmaqdadır. Bu gün ölkəmizdə bir tərəfdən qadınlar Milli Məclisdə, dövlət qurumlarında ali kürsüdə əyləşirlərsə, digər tərəfdən qadınlara qarşı zorakılıq, zərif cinsin nümayəndələrinin təhsildən yayındırılması, məcburi nikaha cəlb etmə kimi hallar mövcuddur".
Sosial şəbəkələr, qəzet, televiziya, radio vasitəsilə qadınlara qarşı...
M.Zeynalova hesab edir ki, Azərbaycan qanunvericiliyində göstərilən müddəalara əsasən ölkədə gender bərabərliyi tam şəkildə əhatə olunub və bu barədə ayrı şəkildə "Gender bərabərliyi haqqında" qanun da qəbul olunub:
"Lakin praktikada gender bərabərliyi mövzusunda vəziyyət heç də ürəkaçan deyil. Mövcud stereotiplər, adətlər, məmurların qadınlara münasibəti qadınların hüquq bərabərliyinə maneələr törədir".
Qadın və qızların təhsilinə, qadın mərkəzlərinin yaradılmasına və cəzaların tətbiqinə diqqət yetirilməlidir. Qadınların böyük hissəsi xüsusi amansızlıqla qətlə yetirilir. Son zamanlar qızların ata, qardaş və qan qohumluğu olan şəxslər tərəfindən zorlanması haqda mütəmadi olaraq məlumatlar alırıq. Lakin zorlama faktları ilə bağlı bir çoxları məlumat verməkdən imtina edir. Bunun da səbəbi qadına qarşı ictimai qınağın olmasıdır. Azərbaycan əhalisi arasında hər zaman qadınlar daha üstün faizə malik olublar. Qadınlar 51 faiz, kişilər isə 49 faiz olub. Lakin bugünki rəqəmlərə nəzər yetirdikdə kişilərin say göstəricisinin 57 faiz, qadınların isə daha az olduğunu görə bilərik. Gündəlik olaraq sosial şəbəkələr, qəzet, televiziya, radio vasitəsilə qadınlara qarşı zorakılıqlardan xəbərdar oluruq.
İlk növbədə bu sahədə müəyyən işlərin görülməsinə ehtiyac görürəm. Qız uşaqlarının erkən ərə getmələri ilə bağlı qanunda cərimələr nəzərdə tutulsa da, hələ ki, Azərbaycanda kiminsə buna görə cinayət məsuliyyətinə cəlb edildiyini görməmişik. Bütün bunlara rəğmən son illər Azərbaycanda gender bərabərliyinin qorunması istiqamətində xeyli nəzərəçarpan işlər görülür və ən sevindirici məqam odur ki, məlum istiqamətdə hüquqi baza var və bu baza hər ötən il daha da təkmilləşir".
Azərbaycanın gender balansının pozulması kimi problemi yoxdur
Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu da "Şərq"ə bildirib ki, Azərbaycanın gender balansının pozulması kimi problemi yoxdur. Ona görə ki, bu, cəmiyyətimizin mədəni keyfiyyətləri və mentalitetimizlə bağlı məsələdir:
"Azərbaycan cəmiyyətində, Türk dövlətləri cəmiyyətlərində islama qədərki dövrdə və eyni zamanda islamdan sonrakı mərhələdə Azərbaycanda gender problemi olmayıb. Mental düşüncələrimizi formalaşdıran tarixi keçmişimizə nəzər salsaq, görəcəyik ki, müəyyən dövrlər istisna olmaqla, Azərbaycanda gender bərabərliyinin qorunmasına dair heç vaxt kəskin nöqsan olmayıb. Sovet dövründən sonrakı mərhələdə, Azərbaycanın müstəqillik illərində, ölkəmizdə bu sahədə çətinlik müşahidə olunmur. Qadınların ictimai fəallığı və onların cəmiyyətin müxtəlif institutlarında təmsil olunmaları sübut edir ki, Azərbaycanda gender bərabərliyinin balansı daim qorunur. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycanda ailə institutları var. Hazırda formalaşan yeni intellektual cəmiyyətimizdə bu problem aradan qaldırılıb. İndiki məqamda Azərbaycan qadınları ictimai, siyasi, mədəni-elmi, həyatımızın bütün sahələrində təmsil olunurlar".
Milli mətbuatımızda aparıcı mövqe tutan çoxsaylı xanımlar çalışır
Mətbuatın Azərbaycanda gender balansının stimullaşdırılmasındakı roluna gəlincə, H.Babaoğlu diqqətə çatdırıb ki, informasiya cəmiyyətində media mühüm bir vasitədir. Və biz informasiya vasitəsilə sosial münasibətləri, hətta mental keyfiyyətləri formalaşdıra bilərik:
"Medianın idarəetmə institutlarına baxsaq, Azərbaycan milli mətbuatında çoxsaylı xanımların çalışdığını görəcəyik. Onların böyük bir qismi mediamızda aparıcı mövqelər tuturlar. Bütün bunları nəzərə alaraq mətbuat belə məsələlərdə bir qədər də aktiv olarsa, daha yaxşı olar. Amma hazırkı məqamda ölkəmizdə bu sahə ilə bağlı ciddi bir boşluğun olduğunu düşünmürəm".
Ayyət Əhməd
Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində "Gender hüququ: gender balansının stimullaşdırılmasında medianın rolu” mövzusunda jurnalistlər arasında elan olunmuş müsabiqəyə təqdim olunur.