“Biz hətta reanimasiyada konsert vermişik”

Elxan Şıxəliyev: “Bəzən gənc nəsil bizi tanımır, ancaq məclisdə görəndə maraqla qarşılanırıq”
“Toylara pop, klub mahnılarını, diskoteka musiqilərini elə ilk “Aşıqlar” qrupu gətirib”





Onlar Azərbaycan estrada səhnəsinə yeni nəfəs, fərqli üslub, maraqlı tərz gətirə bildilər. Elə bəlkə də buna görə tamaşaçı marağını bugünə qədər qoruyub saxlaya biliblər. Söhbət "Aşıqlar” qrupundan gedir. "Şərq”in budəfəki qonağı "Aşıqlar” qrupunun rəhbəri, əməkdar artist Elxan Şıxəliyevdi.

- Elxan müəllim, necə oldu ki, "Aşıqlar” qrupu yarandı?

- 1981-ci ildə Polad Bülbüloğlu Azərbaycanı təmsil edəcək azərbaycanlı musiqiçilərdən ibarət qrup yaratmaq qərarına gəldi. Bununla bağlı bizim söhbətimiz oldu. Razılığa gəldik. Beləcə, "Aşıqlar” dövlət vokal instrumental ansamblı fəaliyyətə başladı. İki ay müddətində həm Polad Bülbüloğlunun, həm də öz proqramlarımızı hazırladıq. "Aşıqlar” qrupu olaraq respublikanın bütün şəhər və rayonlarında konsert proqramları ilə çıxış etdik. Nisə Qasımova ilə birgə o zaman Əfqanıstanda qastrol səfərinə getdik. Cəbhə xəttinin qaynar nöqtələrində uğurlu konsert proqramları ilə çıxışlarımız oldu. Biz o vaxt müharibənin içində əsgərlər üçün gündə 3 dəfə konsert verirdik. Qunduzda olarkən biz hətta reanimasiyada konsert vermişdik. Orada minaya düşən üç əsgər yatırdı. Onlardan biri azərbaycanlı, ikisi isə rus idi. Biz onları sevindirmək üçün yarım saatlıq konsert verdik. Onlar sadəcə qulaq asırdılar. Təxminən üç və ya dörd gün konsert verdik. Orada olarkən bir polkovnik bizə yaxınlaşıb xahiş etdi ki, öz ölkələrinə yola düşən əsgərlər üçün səhər saat 7-də konsert verək. Polkovnik bildirdi ki, onlardan kimin ölkələrinə sağ-salamat çatacağı bilinmir. Sərhədə çatana qədər onlar hücumlara məruz qalırdılar. Biz razılaşdıq və Nisə Qasımova ilə birlikdə saat 7-də bir saatlıq konsert verdik. Saat 8-də maşınlar yola çıxdı və marş sədaları altında yola düşdülər.

"Aşıqlar” 1989-cu ildə fəaliyyətini dayandırmalı oldu. 1997-ci ildə "Aşıqlar” qrupunu yenidən bərpa etmək qərarına gəldim. Əvvəlki üzvlər və bir neçə yeni musiqiçi ilə yenidən bərpa olunan qrupla maraqlı layihələrimiz oldu.

- Qrupu digərlərindən fərqləndirən nə idi?

- Səhnəyə yeni üslub gətirə bildik. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjemanda təqdim etməklə fərqlənirdi. O zaman xalq mahnılarını müasir musiqi oranjimanında təqdim etmək asan deyildi. Biz bunu bacarırdıq. Mahnıların əksəriyyətinin müəllifi və bəstəkarı mən özüm idim. Bu gün də öz bəstələrimi ifa edirəm.

- Bəs niyə "Aşıqlar” adını seçdiz? Axı qrupda saz ifası yox idi...

- Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər. Mən həmçinin Azərbaycan xalq mahnılarını elə aranjiman edirdim ki, xalq mahnısı öz stilini dəyişirdi, lakin şirinliyini itirmirdi. İlk vaxtlarda mahnılarımızı solo musiqi və caz-rok stilində yazmağa başladıq.

"Aşıqlar” 1973-cü ildə keçirilən festivalda respublikadan 100-ə yaxın qrup arasından birinci yerə layiq görülüb. O zaman bu, böyük marağa səbəb olmuşdu. Həmin festivalda xalq artisti, bəstəkar Arif Məlikov "Aşıqlar” qrupu haqqında fikir səsləndirdi. Arif müəllim bildirdi ki, hətta professional qruplar bu səviyyədə çala bilmirlər. Peşəkar, nüfuzlu bir bəstəkarı bizim barəmizdə bu fikirdə olması bizi bir az da ruhlandırdı. Bu sözlər "Aşıqlar” üçün çox əhəmiyyətli idi.

Bir müddət səhnəyə fasilə versək də, yenidən "Aşıqlar” bir araya gəldi və 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxışımız oldu.

- Bu gün necə, tamaşaçının sizə marağı qalıbmı?

- Bilirsiz, mən qrupu yenidən bərpa etdikdən sonra yeni şlagerlər, mahnılar hazırladıq. Bu günün tələbinə uyğun repertuar üzərində çalışdıq. Təbii ki, bu gün də bizə maraq var. Toylara, mərasimlərə dəvət alırıq. Bəzən gənc nəsil bizi tanımır. Amma məclisdə görəndə maraqla qarşılanırıq. Bilirsiz niyə, çünki biz gəncliyin nəbzini tuta bilirik. Yeri gəlmişkən, toylarda pop, klub mahnılarını, diskoteka musiqilərini elə ilk "Aşıqlar” qrupu gətirib. Biz fəaliyyətə başlayandan toylarda bu musiqiləri ifa etməyə başlamışdıq. Sonralar toylarda müəyyən saatlardan sonra diskoteka musiqilərini səsləndirməyə başladılar. Bunun ənənəsini "Aşıqlar” qoyub. Bizim repertuarımızda milli xalq musiqiləri də var, caz, rok musiqiləri də. Yarım saat toya solo şəklində də dəvət alıram. Həm saksafon ifa edirəm, həm oxuyuram. Amma qrup şəklində dəvətlər olanda onda milli tərzdə musiqilər ifa etməklə yanaşı, həm də müasir musiqilərə müraciət edirik. Ona görə də bizə tələbat bu gün də var.

- Bu il "Aşıqlar” qrupunun 45 illik yubileyi olacaq. Hesabat xarakterli solo konsert nəzərdə tutulubmu?

- Bəli, bu il 45 illik yubileyimiz olacaq. Qrupumuz üçün bu rəqəmin böyük əhəmiyyti var. Səhnədə 45 il fəaliyyət göstərmək o qədər asan deyil. Təbii ki, bu il 45 illik yubiley konserti vermək arzumuz var. Bu konsert həm özümüzə verəcəyimiz hesabat konserti olmalıdır, həm tamaşaçıya. Sadəcə bunun üçün maddi vəsaitə, sponsora ehtiyac var. İnşallah, Heydər Əliyev adına Sarayda "Aşıqlar” 45 yaşını qeyd edəcək. Bu, bizim üçün özəl konsert olmalıdır.

Tahirə Məmmədqızı