Bizə heç kim yol göstərə bilməz

Azərbaycana qarşı qara yaxmaq kampaniyası aparan təşkilatlar erməni lobbisinin təsiri altındadırlar



Azərbaycana qarşı daim qeyri-obyektiv və qərəzli mövqeyi ilə seçilən "Amnesty İnternational”, "Human Rights Watch” və "Freedom House” kimi ermənipərəst, riyakar və fəaliyyətini çirkli pullar hesabına quran beynəlxalq "hüquq müdafiə təşkilatları” I Avropa Oyunları ərəfəsində yenidən ölkəmizi hədəf seçiblər. Dünyanın müxtəlif ölkələrində I Avropa Oyunlarının təqdimat mərasimlərinin yüksək səviyyədə keçirilməsi adlarını insan haqlarının müdafiəçisi qoyan, əslində isə insanların hüquqlarını kobud şəkildə pozan muzdlu beynəlxalq təşkilatları hərəkətə gətirib. Onlar bu işdən də "qaz vurub, qazan doldurmaq” sevdasına düşüblər. Bu muzdlu təşkilatlar Azərbaycana qarşı daha bir təxribata əl atıblar. Onlar Avropa ölkələrinə bu ilin iyun ayında Azərbaycanda keçiriləcək Avropa Oyunlarını "boykot” etməyə çağıran müraciət yayıblar. Müraciətdə iddia edilib ki, guya, Azərbaycanda insan haqları və söz azadlığına qarşı basqılar var. Guya, müxalif düşüncəli insanlar təqib olunur və s. Onların iddiasına görə, "bu kimi neqativ halların geniş vüsət aldığı” Azərbaycanda keçirilən I Avropa Oyunlarını boykot etmək ən doğru qərar olar. Təbii ki, belə qərəzli və böhtançı təşkilatların həmin çağırışına qoşulan dövlətlər tapılmayacaq. Avropanın bəzi qurumları tərəfindən I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə olan qısqanc münasibət ilk növbədə ölkəmizin dünya birliyindəki rolunun getdikcə artmasından qaynaqlanır. Artıq dünya ictimaiyyətinə də bəllidir ki, "Amnesty İnternational”, "Human Rights Watch” və "Freedom House” təşkilatları erməni lobbisinin maliyyəsi və təhriki ilə meydana atılıblar. Bu cür təşkilatların hansı bəyanat verməsindən asılı olmayaraq, cəmiyyət onları qəbul etmir. Beynəlxalq aləmə də bəllidir ki, həmin təşkilatların bəyanatları uzun illərdir ki, qərəz, şər və böhtandan ibarətdir. Artıq Avropa dövlətləri öz bəyanatlarını veriblər və bu mötəbər idman yarışmasında mütəşəkkil surətdə iştirak edəcəklər. Azərbaycanda Avropa Oyunlarına çox ciddi hazırlıq işləri görülür. Bu yarışma ilə bağlı bütün tədbirlər yüksək səviyyədə həyata keçirilir və təhlükəsizlik tədbirləri görülür. Son vaxtlar işğalçı Ermənistan silahlı qüvvələrinin və onların havadarlarının atəşkəsi tez-tez pozmaları, erməni kəşfiyyat-diversiya qrupunun törətmək istədiyi təxribatların sayının artırılmasında da məqsəd Avropa Oyunları ərəfəsində ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır. Lakin onlar öz layiqli cavablarını alır və bir müddət susmaq məcburiyyətində qalırlar. Həm araqarışdıranların, həm də onları bu işə təhrik edənlərin əsas məqsədlərindən biri Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda "qeyri-sabit vəziyyətin hökm sürdüyü” barədə dünyanın ictimai fikrini çaşdırmaqdır. Azərbaycan ictimaiyyəti zaman-zaman şahidi olub ki, bu təşkilatlar hər dəfə ölkəmizin nüfuzlu bir tədbirə ev sahibliyi etdiyi ərəfədə və ya respublikamızda hər hansı bir seçki keçirilən zaman tələm-tələsik, qərəzli, heç bir fakta əsaslanmayan bir "hesabat” hazırlayır, oğurluğa, vergidən yayınmaya, kimlərinsə şərəf və ləyaqətinə, işgüzar fəaliyyətinə xələl gətirmək istəyən və buna görə də məhkəmə məsuliyyətinə cəlb olunanların "müdafiəsinə” qalxırlar. Cildlərini dəyişən belə böhtançı təşkilatlar özlərini insan hüquq və azadlıqlarının qoruyucusu kimi göstərmək istəyirlər. Halbuki onların iç üzləri, məkrli niyyətləri hamıya bəllidir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bəzi dairələr tərəfindən Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının boykot edilməsi çağırışının heç bir əsası yoxdur. İyun ayında keçiriləcək oyunlar Azərbaycanın həm bir dövlət kimi özünü təsdiq etməsi, həm də xalqımızın böyük uğurudur: "Çünki belə mötəbər tədbirlər ancaq o ölkələrdə keçirilə bilər ki, həmin ölkə həm hüquqi, həm siyasi, həm insan insan haqları, həm də iqtisadi baxımdan tam inkişaf etmiş olsun. Azərbaycan Avropada inkişaf etmiş ölkələr sırasına daxildir, göstəricilərimiz bundan ibarətdir. Məhz bu amillərin əsasında da ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi haqda qərar qəbul olunub”.

Ə.Hüseynli bildirib ki, "Amnesty İnternational”, "Human Rights Watch” kimi beynəlxalq qeyri-hökumət təşkilatları Qərbin müxtəlif dairələri tərəfindən idarə olunur: "Bu dairələr erməni lobbisi ilə birbaşa əlaqəlidir. Onların ölkəmizdəki havadarları radikal müxalifət və bir sıra "vətəndaş cəmiyyəti nümayəndələri”dir. Məhz həmin dairələr Azərbaycana qarşı belə bir çirkin kampaniyaya başlayıblar. Artıq Azərbaycanın inkişafı o səviyyədədir ki, bu cür əsassız iddialarla ölkəmizə təzyiq etmək mümkün deyil. İndi Azərbaycan üçün beynəlxalq qurumların nə düşündüyü yox, bizim onlar haqqında düşündüklərimiz vacibdir”.

Ə.Hüseynli ilk Avropa Oyunlarının xərclərinin Azərbaycan tərəfindən ödənilməsi ilə bağlı müəyyən dairələrin apardığı kampaniyaya da münasibət bildirib. O qeyd edib ki, bəzi qüvvələr bu məsələdən sui-istifadə edərək "ajiotaj” yaratmaq istəyir. Millət vəkilinin fikrincə, bu cəhdlərin heç bir əsası yoxdur: "Ümumiyyətlə, Azərbaycan dövləti, xalqımız qonaqpərvərdir. Belə bir öhdəlik olmasaydı belə, dövlət də, xalq da bu tədbirin keçirilməsinə hazır idi. Qonağı öz adına layiq formada qarşılayıb yola salmaq bizim xalqımızın uzun əsrlərdən gələn ənənəsidir. Bu məsələ ilə bağlı bir müddətdir ki, sosial şəbəkələrdə başlayan kampaniya da məhz yuxarıda adını çəkdiyimiz həmin dairələrin ortaya atdığı qondarma "ideya”dır. Bu dairələr həm Avropa Oyunlarının keçirilməsi ilə bağlı olan maddi xərclər məsələsini, həm də ölkəmizdə guya insan hüquqları sahəsində problemlərin olması kimi formal, əsassız bəhanələr gətirməklə Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsinə kölgə salmaq istəyirlər”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də "Human Rights Watch” və digər beynəlxalq təşkilatların bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində tutduqları ikili standartlara münasibət bildirib. H.Hacıyev deyib ki, həmin təşkilatların hansı məqsədlərə xidmət etdiyi və hansı formada fəaliyyət göstərdiyi hamıya bəllidir: "İdmanın siyasiləşdirilməsi, idmana bu və ya digər formada siyasi don geyindirilməsi öz-özlüyündə yanlışdır. Bu kimi təşkilatlara ilk növbədə onu tövsiyə edərdik ki, onlar BMT çərçivəsində idmanın və olimpiya hərəkatının təşviq edilməsi ilə əlaqədar olan və dünya birliyi tərəfindən dəstəklənən qətnamələrlə tanış olsunlar. İlk növbədə, idman və beynəlxalq tədbirlər insan hüquqlarının təşviqinə xidmət edir. Təbii ki, bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları da insan hüquqlarının təşviqinə xidmət edəcək. Bu, müxtəlif dinə, etnik mənsubiyyətə, dövlətlərə təsir edən insanların dinc bir şəraitdə yəni idman məkanında özlərini sınamasına və onların arasında əməkdaşlığın formalaşmasına xidmət edən mötəbər tədbirdir. Onu da nəzərə alaq ki, birinci Avropa Oyunları Avropa miqyasında keçirilən ilk ümumavropa xarakterli bir oyundur. Təbii ki, bu, yüksək qiymətləndirilməlidir”.

H.Hacıyev bildirib ki, əsassız şəkildə bir sıra bu kimi qurumlar və özlərini beynəlxalq QHT adlandıran təsisatlar tərəfindən məqsədyönlü təbliğat aparılır: "Hesab edirik ki, onların bu təbliğatı heç bir nəticə verməyəcək. Çünki beynəlxalq miqyasda Azərbaycan tərəfindən bu tədbirə ev sahibliyi edilməsi çox yüksək qiymətləndirilir və alqışlanılır. İkincisi, bu, Azərbaycan xalqı üçün də çox qürurverici bir hadisədir. Hər bir azərbaycanlı ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə böyük fəxr hissi keçirir”.

İsmayıl