“Bizim auditə ödəməyə pulumuz yoxdur”
Əhməd Oruc: “Partiyamızın üzvlərinin sayı az da olsa, həddindən artıq dəyərli bir işə ömrümüzü sərf edirik”
Mərkəzi Seçki Komissiyasının illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməsi müzakirələrə səbəb olub. Həm siyasilər, həm də ictimaiyyət
nümayəndələri adları, yerləri və fəaliyyətləri bəlli olmayan Kəndli, Qorqud, Birlik kimi partiyaların nazirliyin qeydiyyatında qalmasını mənasız hesab edirlər.
Onlara görə, adı olub, özü olmayan, hətta azsaylı üzvlərə sahib olan və ölkənin ictimai-siyasi həyatında çox passiv rol oynayan bir çox partiyaların fəaliyyətinə xitam verilməlidir. Bir müddət əvvəl millət vəkili Qüdrət Həsənquliyev də partiyaların təmərküzləşməsinə ehtiyac olduğunu deyib. Ancaq bu cür fikirlərlə razılaşmayanlar da var. Partiyaların ləğvi ilə bağlı "Şərq”in suallarını cavablandıran "Azadlıq” Partiyasının sədri Əhməd Oruc deyib ki, siyasi qurumların hesabat verə bilməməsinin və passiv olmasının ciddi səbəbləri var.
- Əhməd bəy, "hesabat verməyən partiyalar bağlansın” tələbinə münasibətiniz necədir?
- Əvvəla onu deyim ki, partiyalarla bağlı qəbul olunmuş qanunda çatışmazlıq var. Qanundakı bəndlərdən birində göstərilir ki, partiyalar audit yoxlaması ilə birlikdə hesabatı təqdim etməlidir. Hamı yaxşı bilir ki, bir çox partiyaların, o cümlədən "Azadlıq” Partiyasının heç bir maliyyə fəaliyyəti yoxdur. Bununla bağlı nazirliyə məktubla müraciət etmişik. Deməli, biz olmayan maliyyə fəaliyyəti ilə bağlı audit müqaviləsi bağlamalı və ən azı 500 manat müqaviləyə pul ödəməliyik. Yalnız ondan sonra qurum gəlib fəaliyyətimizi yoxlamalı və deməlidir ki, sizdə qeyri-qanuni bir şey yoxdur. Axı bizim auditə ödəməyə pulumuz yoxdur. O vaxt partiyalarla bağlı qanunu qəbul edənlər bir qədər ağılla, məntiqlə məsələyə yanaşmalı idilər. Mövcud qanuna görə, yalnız Milli Məclisdə təmsil olunan partiyalara maliyyə ayrılır. Orta hesabla onların hər birinə ayda 10 manata qədər pul verirlər. Lap yaxşı, onda hansı partiyaya pul verirlərsə, hesabatı da onlardan tələb etsinlər. Maliyyə fəaliyyəti olmayan təşkilatlardan məcburi şəkildə hesabat tələb etmək axmaqlıqdır.
- Bəzi partiya rəhbərləri MSK-nın qərarını siyasi təşkilatların fəaliyyətinə müdaxilə kimi dəyərləndirirlər. Siz bu barədə nə düşünürsüz?
- Birincisi, maliyyə ayrılmamış partiyaların fəaliyyətini MSK-ya bağlamaq ağıllı yanaşma deyil. MSK-nın müxalifət partiyalarına qarşı heç bir müstəqil hərəkəti yoxdur. Sadəcə onlara tapşırılanı edirlər. İkincisi isə Ədliyyə Nazirliyi partiyaları ləğv edə bilməz. Partiyaların bağlanması ilə bağlı mütləq məhkəmənin qərarı olmalıdır. "Siyasi partiyalar haqqında” qanunda bu, birmənalı şəkildə vurğulanır.
- Partiyaların qeydiyyat məsələsi və ləğv olunması tez-tez gündəmə gəlir. Bunun səbəbi nədir?
- Qərb ölkələrinin heç birində partiyaların qeydiyyatdan keçirilməsi və ya qeydiyyatının ləğv olunması məsələsi yoxdur. Orada istənilən qrup, 5-10 nəfər özlərinə siyasi partiya yarada bilirlər. Təşkilatın möhürünü almaq üçün də ən yaxın polis bölməsinə müraciət etmək kifayətdir. Qərb ölkələrində partiya üzvlərinin sayının çoxluğu və ya azlığı da müzakirə olunmur. Ancaq bizim təfəkkürümüzdə hələ də güclü və zəif partiya, azsaylı və çoxsaylı partiya anlayışları hakimdir. İnsanlara siyasi fəaliyyətlə məşğul olmağa şərait yaratmaq lazımdır. Yeni kadrlar yetişdirilməli, cəmiyyət siyasi cəhətdən savadlanmalıdır.
- Çoxları hesab edir ki, azsaylı üzvlərə sahib, fəaliyyəti sıfıra bərabər olan "cırtdan” partiyalar qapadılmalıdır. Bununla bağlı fikirləriniz nədir?
- Siyasi partiya dövlət adamı yetişdirən institutdur. Bütün dünyada belə qəbul olunub. Ancaq bizdə siyasi partiyaların fəaliyyəti üçün heç bir əsas yoxdur. Müxalifət partiyalarının üzvləri hansısa dövlət qurumlarında çalışmırlar. Çünki Azərbaycanda müxalif olmaqla dövlət əleyhinə olmaq eyniləşdirilir. Bu, absurd yanaşmadır. Dövlətlə hökumət fərqli şeylərdir, ictimaiyyət bunu dərk etməlidir. "Azərbaycandakı partiyalar fəaliyyətsizdir” deyənlər mövcud reallıqları nəzərə almalıdır.
- Partiyaların təmərküzləşməsi mümkündürmü?
- Partiyaların təmərküzləşməsi, birləşməsi demokratik seçkilərdən sonra, təbii əsaslarla baş verə bilər. Bu iş tənzimlənmə, dövlətin bu istiqamətdə apardığı sistemli işlə mümkündür. Yoxsa, bir-iki nəfərin ağlına gələni danışması ilə məsələni həll etmək olmaz. Dünən deyirdilər ki, çoxpartiyalı sistem yaxşıdır, indi deyirlər azpartiyalı sistem daha məqsədəuyğundur, sabah da deyəcəklər ki, ümumiyyətlə, partiyaya ehtiyac yoxdur.
- Rəhbərlik etdiyiniz "Azadlıq” Partiyasının fəaliyyəti də tənqidlərə məruz qalır. Partiya sədri kimi qurumun işi sizi qane edirmi?
- Hesab edirəm ki, mövcud reallıqlar və maddi durum çərçivəsində "Azadlıq” Partiyasının fəaliyyəti maksimaldır. Heç bir mafiyadan, siyasi qüvvədən asılı olmadan, kənar xarici dairələrin təsiri altına düşmədən Azərbaycanın siyasi səhnəsində fəaliyyət göstərmək həm intellektual, həm də informasiya baxımından çox ağır bir prosesdir. Eyni zamanda Azərbaycanın milli maraqlarının əleyhinə olan o qədər maraqlı qüvvələr var ki. Belə bir vəziyyətdə "Azadlıq”ın siyasi meydanda qalıb, ölkə maraqları müstəvisində qeyri-şərtsiz fəaliyyət göstərməsi çox böyük işdir. Partiyamızın üzvlərinin sayı az da olsa, həddindən artıq dəyərli bir işə ömrümüzü sərf edirik. Kimsə bunu dərk etmirsə, məqsədli şəkildə ağıldan kəm ideyanı cəmiyyətə sırımaq istəyirsə, bu, bizim problemimiz deyil.
İsmayıl