
Bizim ustadımız - tələbə adamı
Bu yaxınlarda fakültə yoldaşlarımızla "Qarabağ" qəzetinin bizə həvalə edilən səhifələrinin uğurlu alınmasını qeyd edirdik. Söz müəllimlərimizdən düşdü və masa arxasındakıların ilk xatırladıqlarından biri professor Cahangir Məmmədli oldu. Fakültəmizin ikinci kursunda təhsil alan Ayşən Bayramova təəssüflə dedi ki, kaş bu anda müəllimimiz də yanımızda olaydı.
Hətta arada düşündük ki, zəng edib, bizə qoşulmasını xahiş edək. Axı tələbələrin bir çoxunun ilk yazısının dərc olunmasında, bayaq qeyd etdiyim səhifələrin hazırlanmasında Onun böyük xidmətləri olub. Əslində təkcə həmin anlarda yox, hər saat müəllimimizin diqqət və qayğısını öz üzərimizdə hiss edirik. Tələbə yoldaşımız Günel Abbasovanın da tez-tez söylədiyi kimi, Cahangir müəllim bəzən komandir kimi irəlidə gedir və bizim irəliləməyimiz üçün cığır açır, bəzən də bizləri önə buraxır, addımlarımıza nəzarət edir, lazım gəldikcə məsləhət və tövsiyələrini əsirgəmir. Bu mənada hörmətli müəllimimizi sakit dənizdə olduğu kimi, dalğalarda da gəmilərə yol göstərən mayaka bənzədə bilərik.
Yığıncaqda hər kəs-yuxarıda adını çəkdiyim yoldaşlarımızla yanaşı, ikinci kurs tələbələri Aləmdə Nəsib, Nəzrin Kərimova, Gülayə Məcidova, Gülçin İskəndərova, Arifə Mirzə, Aycan Məmmədzadə Cahangir müəllim haqqında çox xoş sözlər dedilər. Hələ birinci kursda, özü də qiyabi təhsil almasına baxmayaraq, Vəfa Vəliyevanın da fikirlərindən bu qənaətə gəldim ki, o, Cahangir müəllimi yaxşı tanıyır: "Müəllimimiz haqqında çəkilən "Beşinci fəsil" filminə dəfələrlə baxmışam. Çox təsirli və maraqlıdır. Nə yaxşı ki, Cahangir Məmmədli kimi bir ustaddan dərs alırıq."

Yığıncaq əsnasında ikinci kursların sinif rəhbərlərindən biri olan Fidan Məmmədli bizə zəng zəng etdi. Müəyyən səbəblərə görə "Qarabağ" qəzetində öz yazısını yenicə görmüşdü.
Zəng etmişdi ki, təşəkkürünü bildirsin. Professora onun adından minnətdarlığını çatdırmamı da xahiş etdi və əlavə etdi: "Ay Kənan, vallah, Cahangir müəllimdən çox şey öyrənmişik. Çox sağ olsun. Çox əziz insandır..."
Beləliklə, hörmətli müəllimimiz haqqında bütün bu deyilənlərdən sonra mən də öz qeydlərimi yazmağı qərara aldım: Hələ Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmamışdan əvvəl professor Cahangir Məmmədli haqqında eşitmişdim. Ətrafımda jurnalistika ilə az-çox əlaqəsi olan hər kəs professor barədə mənə danışır, onu həm təcrübəli, bacarıqlı müəllim, həm də peşəkar jurnalist kimi səciyyələndirirdilər. Mən bu gün-deyilənlərin üzərindən 4-5 il keçəndən sonra fakültənin bir tələbəsi kimi həmin sözlərin hər birinin necə düzgün və sərrast olduğunu əminliklə təsdiqləyə bilərəm.
Cahangir müəllimlə şəxsən tanışlığım üç il əvvəldən, yəni birinci kursda təhsil aldığım vaxtdan başlayır. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi fənnini tədris edirdi. Elə ki, auditoriyaya girib, qapını bağladı vaxt itirmədən dərsə başlayırdı. Və həmin anlarda mənə elə gəlirdi ki, Cahangir müəllim saatlarla jurnalistikanın müxtəlif janrlarının hər biri-reportaj, xəbər, məqalə... haqqında danışa bilər. Yəni Cahangir Məmmədli dərsi üçün 90 dəqiqə kifayət deyil.
Ötən tədris ilinin sonunda fakültəmizdə "İlk addım" adlı kitabımın təqdimatı zamanı Cahangir müəllimin dediyi xoş sözlər, verdiyi məsləhətlərdən sonra bir daha özüm üçün təsdiqlədim ki, o, hər zaman tələbələrinə dəstək olmağa hazırdır. Demək olar, hər gün dəhlizdə görürəm, asta-asta gəzir. Tələbələrlə səmimi görüşür, daha yaxından tanıdıqları ilə kef-əhval tutur. Onlara o qədər nəvazişlə yanaşır ki, elə bil, müəllimimiz yox, doğmalarımızdan biridir.
Həmin anlarda kənardan müəllimi müşahidə edirəm. Çox sakit, təmkinlə danışır, kiməsə nəyisə izah edir. Ancaq əksəriyyət fikrimi təsdiqləyər ki, Cahangir müəllim jurnalist kimi həm də kifayət qədər fəaldır. Bunu onun mətbuatdakı müntəzəm çıxışları sübut edir. Hərdən müxtəlif məsələlərlə bağlı müdiri olduğu Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasına gedirəm. Adətən Cahangir müəllimin əlində qələm, qarşısında vərəq olur-ya nə isə yazır, ya da tələbələrdən birinin yazısını redaktə edir. Elə bu fakt da onun yetirmələrinə olan isti münasibətinin daha bir nümunəsidir.
Professor Cahangir Məmmədli bizə təkcə jurnalistikanın sirlərini öyrətmir, həm də yeri gəldikcə gündəlik qayğılarımızla maraqlanır. Bir məsələni diqqətə çatdırım: babalarımdan biri-Əmakdar jurnalist Oqtay Bayramov təxminən Cahangir müəllimlə həmyaşıddır. O, konkret sahədəki ilk müəllimimdir. Və bəzən mənə elə gəlir ki, Cahangir Məmmədli də sadəcə müəllimimiz deyil. O, Jurnalistika fakültəsinin gəlib keçmiş bütün tələbələrinin atası, babasıdır.
Bax, bu-tələbələrinin, onlarla gəncin qəlbindəki zirvəni fəth etmək heç də hər müəllimə qismət olmur. Cahangir müəllim bizimlə söhbətlərində tez-tez tələbəlik illərini xatırlayır və özünün müəllimlərindən böyük mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov haqqında deyir: Şirməmməd müəllim mənim talismanımdır. Təhsil aldığımız fakültənin təmiz dünyasından söhbət düşəndə bu təmiz, təmannasız fakültə həyatına görə Şirməmməd müəllimə borclu olduqlarını minnətdarlıqla söyləyir. O, Şirməmməd müəllimin tələbəsi olduğu ilə həmişə fəxr edir. Bəlkə də, indi-üzərindən çox illər keçəndən sonra O özü biz tələbələri üçün talisman rolunu oynayır.
***
Bu gün Cahangir müəllimi yenə dəhlizdə gördüm. Tələbələr başına yığışmışdı. Professora diqqətlə qulaq asırdılar. O isə jurnalistikanın incəliklərindən bəhs edirdi. "Yadınızda saxlayın ki, KİV haqqında qanunla ideya qorunmur"-yanlarından keçəndə eşitdiyim bu cümlə mənim üçün bütöv bir mühazirəyə bərabər idi.
Arzu edirəm ki, əsl tələbə adamı olan Cahangir müəllim 20, 30 il sonra biz tanınmış KİV orqanlarında çalışanda yenə məsləhət və tövsiyələr versin, yazılarımızı ilk o redaktə etsin. Həmin anlarda yuxarıda adını çəkdiyim yoldaşlarımızın əksəriyyəti tələbəlik dövrünü xatırlayacaq və minnətdarlıq hissi ilə "ilk yazımız Cahangir müəllimin təşəbbüsü və köməkliyi ilə mətbuatda işıq üzü görmüşdü" deyecek, fərəhlə əlavə edəcəklər: "Biz Cahangir müəllimin tələbələriyik. Biz Cahangir Məmmədli məktəbinin yetirməliyik."
Bu gün fakültədə Cahangir müəllimin bütün kurslardan toplanmış on-on iki nəfərlik bir qrupu var. Biz ona "Yaradıcı qrup” adı vermişik. Mən də o qrupun üzvüyəm. Adətən hər gün saat yarım saat onun yanında-kafedrada yığışırıq, yazı tapşırıqlarımızı alırıq və uzağı iki günə o yazıları hazırlayıb müzakirə edirik. Cahangir müəllim bu yazılarımızı hansı qəzetə istəsək, ora göndərir və biz səhərisi o qəzetdə imzamızı görürük. Bəxtimiz bir də onda gətirib ki, Azərbaycanda onun sözünü xüsusi hörmətlə qarşılamayan media qurumu yoxdur. O, tələbələrini ixtisası üzrə işə göndərməkdən xüsusi zövq alır...
Professorun göstərdiyi etimadı daim doğruldacağına söz verə üçüncü kurs tələbəsi Kənan Novruzov