Qarabağ münaqişəsinin həllində dönüş gözlənilir
BMT İnsan Hüquqları Şurasının müstəqil ekspertləri qurumun Təhlükəsizlik Şurası və Baş Assambleyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırıblar. BMT-nin Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Çaloka Bəyani və məruzəçisi Michael Addo İşçi Qrupu öz hesabatında son illər ərzində Azərbaycanda iqtisadi inkişaf, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, habelə korrupsiyaya qarşı mübarizə sahələrində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıblar.
İşçi Qrupunun üzvləri Azərbaycanda biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu vurğulayıblar. Ermənistan nümayəndə heyətinin etirazına cavab olaraq, Addo Ermənistan tərəfini BMT Baş Assambleyasının "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsini nəzərdən keçirməyə çağırıb. Bir sıra politoloqlar hesab edirlər ki, son günlər xarici ekspertlərin və beynəlxalq təşkilatların Azərbaycana qarşı bu cür yanaşması, Avropa İnsan Haqları Məhkəməsinin laçınlı qaçqınlarla bağlı verdiyi qərar müəyyən mənada Qərb dairələrinin mövqeyinin dəyişdiyini göstərir. Onların fikrincə, artıq nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın haqsız, Azərbaycanın haqlı olduğunu dərk edir və əvvəlki mövqelərini redaktə etməyə çalışırlar.
Məsələyə münasibət bildirən tanınmış siyasi icmalçı Arzu Nağıyev deyib ki, həqiqətlərin dərk edilməsi və hadisələrə hüquqi qiymət verilməsi müsbət haldır: "Avropa Oyunlarına yüksək şəkildə ev sahibliyi edən Azərbaycan haqqında müsbət istiqamətdə fikir dəyişikliyi baş verir. Düşünürəm ki, bu proseslərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbətə doğru addımlar atıla bilər. Amerikalı həmsədr Ceyms Uorlikin İrəvana səfər etməsi, ABŞ-ın təşəbbüsü əlinə almaq istiqamətindəki addımları da bunu deməyə əsas verir. Həmçinin, regionda baş verən proseslər də göstərir ki, beynəlxalq təşkilatların müsbətə doğru addım atmağının gec də olsa, vaxtı çatıb. Lakin unutmaq lazım deyil ki, 1990-cı illərdən başlayaraq, Ermənistanın təcavüz faktını təsdiq edən BMT-nin dörd qətnaməsi elə qətnamə olaraq qalır. Bundan başqa bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in qərarları, Minsk Qrupunun bir neçə sülhməramlı təklifləri, Madrid prinsipinin sənədləri hələ də reallaşacağı günü gözləyir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bəyanat verməkdən o tərəf keçmirlər, əməli iş görmürlər. Bunun əksinə ermənilərin heç bir arqumentə və fakta əsaslanmayan bəhanələri ilə razılaşırlar”. Politoloq bildirib ki, Azərbaycan sülh tərəfdarıdır, amma digər tərəfdən hərbi yolla
da münaqişəni həll etmək imkanına sahibdir: "Ukrayna məsələsi ilə bağlı mütəşəkkil qərarlar qəbul edən Normand dördlüyü fəaliyyət göstərir və orada qəbul olunan qərarlara nəzarət edilir. Ancaq Dağlıq Qarabağla bağlı belə dinamik hərəkətlər müşahidə olunmur”.
İsmayıl