Böhran sona çatmayıb

Bransonun azadlığa buraxılması ABŞ Türkiyə arasında soyuq münasibətlərin həll olunduğu anlamına gəlmir



Oktyabrın 12-də Türkiyənin İzmir şəhər məhkəməsi amerikalı Endryu Bransonu azadlığa buraxıb. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq rahibin xaricə çıxmaq qadağasını götürüb. Keşiş elə həmin gün Türkiyəni tərk edib. Xatırladaq ki, Bransonun işi ilə əlaqədar Vaşinqtonla Ankaranın münasibətləri xeyli gərginləşmişdi. Nəticədə ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumlarını artırmışdı. Ankara isə buna cavab olaraq Amerika istehsalı olan bir sıra məhsulların rüsumunu qaldırmışdı. 

Ağ Evdə Bransonu qəbul edən Prezident Tramp bu addımdan sonra Amerika Birləşmiş Ştatları və Türkiyə arasında yaxşı münasibətlərin qurula biləcəyini deyib: "Türkiyəyə tamamilə başqa cür yanaşırıq. Düşünürəm ki, bizim Türkiyəyə həqiqətən yaxın olmaq şansımız var”. Tramp keşişin azad olunmasında göstərdiyi köməyə görə, şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. İsrailin "Yerusəlim Post” qəzeti də Ankaranın qərarını müsbət addım adlandırıb. Qəzetin iddiasına görə, artıq ABŞ və Türkiyə əlaqələrinin yeni dönəmi başlayır: "Rahib Bransonun azad edilməsi həm ABŞ-ın, həm də Türkiyənin xeyrinədir. ABŞ və Türkiyə üçün böyük bir qələbədir. Branson probleminin həll edilməsi ilə hər iki ölkə öz imicini qorumuş oldu. Bu, iki dövlət arasında mövcud münasibətləri də inkişaf etdirəcək”.

Amerikalı rahibin azad edilməsini "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, ABŞ-la Türkiyə arasında keşiş Branson böhranının sona çatması iki ölkə arasında problemlərin arxada qaldığı mənasını vermir. Onun sözlərinə görə, iki ölkə bir-biri ilə ciddi şəkildə soyuq münasibətlərə malikdir: 

"Vaşinqtonun məhz Bransona görə, Ankaraya tətbiq etdiyi sanksiyaları tədricən aradan qaldıracağı gözlənilir. Amma Bransonun azadlığı iki ənənəvi müttəfiq arasında soyuq münasibətlərə son qoymayacaq. Çünki rəsmi Ankaranın Rusiya ilə hərbi-texniki və enerji əməkdaşlığı ABŞ-ın yeni sanksiyalar tətbiq etməsinə gətirib çıxara bilər. Bu da əlaqələrin yüksək səviyyəyə qaldırılmasına problem yaradacaq. Əgər ABŞ Hindistan və Rusiyaya "S-400” raketlərinin alışı ilə bağlı sanksiya tətbiq edirsə,Türkiyəyə də analoji addımı atacağı şübhəsizdir. Həmçinin, Türkiyənin İrana qarşı noyabrdan başlayan sanksiyalara qoşulmayacağı təqdirdə Vaşinqtonun təzyiqinə məruz qalacağı gözlənilir”.

Ekspertə görə, Bransonun həbsdən azad olunması, Trampın noyabrda Nümayəndələr Məclisinə seçkilərdə daxili nüfuzunu bərpa etməyə lazım idi. Türkiyə də buna getdi:

 "İki ölkənin əlaqələri o zaman inkişaf edə bilər ki, tərəflər problemə səbəb olacaq hərəkətlərdən çəkinsinlər. Məsələn, ABŞ Suriyada PKK-nın YPG qoluna tam dəstəyi dayandırmalı, Türkiyə ilə birgə anti-terror əməliyyatlarına başlamalı, AKP hakimiyyətinə qarşı daxildəki çevriliş planlarından əl çəkməlidir. Türkiyənin atacağı addım isə, Rusiya ilə hərbi-texniki əməkdaşlığı dayandırmaq və İrana qarşı sanksiyalara qoşulmaqdır. Əlavə olaraq da Suriyadakı fəaliyyətindən geri çəkilməlidir. Göründüyü kimi NATO-nun iki müttəfiqi arasında elə ciddi problemlər var ki, yaxın perspektivdə ABŞ-Türkiyə arasında münasibətlərin normallaşması gözlənilmir”.

İsmayıl