“Bölgə qarşısında məsuliyyətimiz var”
Zəlimxan Məmmədli: “Gürcüstanı təhdid edən ifadə işlətdiyimi sübut etsinlər, əllərimi qaldırıram”
Son zamanlar azərbaycanlı QHT sədrlərinin Gürcüstana buraxılmaması ənənə halını alıb. "Borçalı” Cəmiyyətinin sədri
Zəlimxan Məmmədli və Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı olmaqla iki birlik sədrinin bu ölkəyə keçməsi yasaqlanıb.
Maraq doğuran məqam odur ki, onlara tətbiq olunan qadağaların səbəbləri barədə qonşu ölkə heç bir məlumat açıqlamır. Adıçəkilən şəxslər bütün aidiyyəti dairələrə müraciət etsələr də, heç bir dolğun cavab və nəticə əldə edə bilmirlər. Çünki Azərbaycan tərəfi də susqunluq nümayiş etdirərək, bu istiqamətdə lazımi addımlar atmır. Maraqlıdır, görəsən, nədən qonşu ölkə rəhbərliyi azərbaycanlı təşkilat sədrlərini özlərinə təhlükə mənbəyi kimi görür?
Suallarımıza aydınlıq gətirən "Borçalı” çəmiyyətinin sədri Zəlimxan Məmmədli qeyd edib ki, Gürcüstandakı soydaşlarımızın təməl haqlarının qurulması və icmalaşma prosesinə cəhd edən insanlara qarşı belə yasaqlar tətbiq olunur: "O halı yaşayan biri kimi öz vəziyyətimdən danışa bilərəm. Məsuliyyətimi bilirəm və Gürcüstana yanaşmada aşırı düşüncələrdən tam uzağam. O ölkənin xarakterini, siyasətini və ictimai həyatını ən çox tanıyanlardan biriyəm. Azərbaycan-Gürcüstan münasibətlərinin mahiyyətinin nə cür olması haqda təsəvvürlərim çox aydındı. Gürcüstanla bağlı əsas prinsiplərimiz bunlar olub: "Birinci, bu ölkənin Ana yasasına sayğı, ikinci, Gürcüstanın ərazi bütövlüyünə hörmət, üçüncü, onun dəyərlərini təhdid edən separatçılığa qarşı mübarizə, dördüncü, soydaşlarımızın ana yasada və beynəlxalq hüquqda hüquqlarının təmin olunması, beşinci, həmyerlilərimizlə gürcü cəmiyyətinin qarşılıqlı inteqrasiyası və
soydaşlarımızın vətəndaş hüquqlarından maksimum bəhrələnməsi üçün münbit şəraitin yaradılması. Bundan kənara çıxan bir addım belə atmamışıq. Hətta bəziləri "Borçalını geri qaytarmalıyıq” kimi aşırı düşüncələrlə çıxış edən zaman, biz bu yola getməmişik. Və buna görə bizi qorxaqlıqda ittiham ediblər. Mən o cür insanlara qarşı Gürcüstan hökumətinin müəyyən hüquqi prosedurlar tətbiq etməsinin əleyhinə deyiləm. Çünki o düşüncə nəinki Gürcüstanı, ümumiyyətlə, bölgəni təhdid edir. Hər iki dövlətin təhdid olunduğu bir zamanda XVII -XVIII əsri ələşdirib nələrsə tapıb, siyasi meydana gətirmək avantüradır. Belə insanların Gürcüstana girişinin yasaqlanmasının tərəfdarıyam. Amma bizə qoyulan yasaqlanma anlaşılan deyil. Biz yuxarıda sadaladığım prinsiplərdən kənara çıxmamışıq. Hətta təkidlə hansısa ifadəni jurnalistlərin adı ilə almaq istəsələr də, ala bilməyiblər”.
Cəmiyyət sədri qeyd edib ki, soydaşlarımızın fundamental problemlərinin və vətəndaş hüquqlarının təminatına çalışmaları Gürcüstanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğun deyil: "Aldığım məlumat budur. Eyni zamanda Tiflisin oradakı soydaşlarımızın icma olaraq bu ölkənin ictimai-siyasi həyatındakı aktivliyini tormuzlayan bütün vasitələrdən istifadə etmək kimi daxili gizli qərarları mövcuddur. Sabiq prezident Mixail Saakaşvili bu qərarları yarmaq və Avropanın tələblərinə uyğun demokratik münasibətlər qurmaq istəyirdisə, indiki hakimiyyət Sovetlər Birliyindən qalan tendensiyanı siyasi gündəmə gətirdi. Deməli, soydaşlarımızın təməl haqlarının qurulmasına və icmalaşma prosesinə cəhd edən insanlara qarşı belə yasaqlar tətbiq olunur. Ola bilər ki, yanlış düşünürəm. Fikirlərimi inkar etmək ixtiyarları var. Gürcüstanın Bakıdakı səfirliyi və müvafiq qurumları təkzib etsinlər ki, Z.Məmmədli düz demir. Məsələ o cür deyil. Əksinə, biz maraqlıyıq ki, oradakı türklər təşkilatlanıb, Gürcüstanın ictimai-siyasi həyatında fəal iştirak etsin. İddialarımı inkar etsələr, məmnun olaram. Amma buna inanmıram. Çox təəssüf ki, o hakimiyyətin mövqeyi budur”.
Z.Məmmədlinin fikrincə, Gürcüstanın Milli Təhlükəsizlik Konspesiyasının müasirləşməsi və demokratik dünyaya uyğunlaşması çox vacibdir: "Borçalı” Cəmiyyəti olaraq yalnız barış, dostluq, qardaşlıq, xalqların, mədəniyyətlərin birliyi və bərabərliyi şüarlarından başqa bir addımımız olmayıb. Yad din və mədəniyyətləri yaxınlaşdırmaqdan başqa düşüncəmiz olmayıb. Tapıb ortaya qoysunlar ki, Z.Məmmədli 2009-cu ildən öncə də Gürcüstanı təhdid edən bir ifadə işlədib. Bunu sübut etsinlər, əllərimi qaldıraram. Heç vaxt Gürcüstanı hədələmək düşüncəsində olmamışam. Bölgə qarşısında məsuliyyətimiz var. Keçdiyimiz yol bizdən tələb edir ki, bu yoldan çıxmaq olmaz. Odur ki, Azərbaycanın müvafiq qurumları Gürcüstanla açıq -qapalı görüşlər keçirib, anlaşmalıdırlar. Azərbaycanda yaşayan gürcülər və eyni zamanda Gürcüstandakı azərbaycanlıların hüquqlarının təminatı istiqamətində yaşıl işıq yanmalıdır. Çünki müəyyən buxovlar olduğu halda bu ölkələr arasında gərginlik yaratmaq heç də çətin olmayacaq. Biz onu Qəbələdəki futbol yarışında gördük. Görüşü izləməyə mən də getmişdim. Bizimkilər də adekvat addım atdılar. Halbuki mən onun da əleyhinə idim. Baxın, artıq üçüncü qüvvəyə bölgəyə giriş üçün şans veririk. O imkanların verilməsinin məsuliyyəti Gürcüstanın indiki hakimiyyətinin üzərinə düşür”.
Ayyət Əhməd