“Bölgədə ikinci Çernobıl faciəsi baş verə bilər”

Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasında qəza baş verib. Ermənistan baş nazirinin müşaviri Şuşan Sardaryan bildirib ki, stansiyanın enerji təchizatı yüksək gərginlikli elektrik xəttində baş vermiş qəza nəticəsində dayandırılıb. Stansiyanın mütəxəssisi Aleksandr Hovakimyan Metsamorun seysmik zonada yerləşdiyini, nəinki Ermənistan, bütün region üçün böyük təhlükə mənbəyi olduğunu deyib. 
Ekspert bildirib ki, stansiya hökumətə enerji yox, başqa məqsədlər üçün lazımdır. Hovakimyan Ermənistanın Müdafiə Nazirliyinin əks kəşfiyyat şöbəsində işləyərkən AES barədə ictimaiyyətdən gizli saxlanılan bir çox məlumatlara sahib olduğunu deyib. O vurğulayıb ki, iki blokdan ibarət Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmasa, malik olduğu bütün məlumatları dünya ictimaiyyətinə açıqlayacaq. 
Xatırladaq ki, region üçün ciddi təhlükə mənbəyi olan stansiyanın istismar müddəti bitsə də, Ermənistan onun fəaliyyətini dayandırmır. 
AES-dəki qəza ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli erməni hökumətinin stansiya ilə bağlı yanlış məlumatlar yaydığını deyib: 
"İlkin yayılan bəyanatda bildirildi ki, guya AES-də ciddi qəza baş verməyib. Sadəcə elektrik xəttində balaca nasazlıq olub. Amma fotolardan aydın olur ki, Metsamorun iki bloku sıradan çıxıb və stansiya iki-üç gündür fəaliyyətini dayandırıb. Halbuki elektrik xəttində ortaya çıxan problemi bir neçə saat ərzində ortadan qaldırmaq mümkün idi. Erməni mütəxəssislərin həyəcan təbili çalması da problemin ciddi olduğundan xəbər verir. Ehtimal olunur ki, AES-dəki qəza daxildəki nüvə reaktorlarının və ya onlara nəzarət edən cihazların nasazlığı ilə əlaqədardır. Erməni hakimiyyəti isə bilərəkdən ictimaiyyətə doğru məlumat vermir və onları aldadır”.
Ekspertin fikrincə, qəzalı stansiya bölgə üçün ciddi təhlükə mənbəyidir: "Stansiya Türkiyəyə çox yaxındır, sərhədə kimi təxminən 14 kilometr məsafə var. Bu baxımdan AES həm Türkiyəni, həm də Cənubi Qafqaz ölkələrini böyük təhdid altında qoyur. Ona görə də bu ölkələr Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyə müraciət etməlidirlər. Agentlik isə dərhal Metsamora nəzarətçi-təftişçilərini göndərməlidir. Yalnız bu halda stansiyanın mövcud vəziyyətini ortaya çıxarmaq və dünya ictimaiyyətinə səhih məlumat vermək mümkündür”. 
Analitik deyib ki, region dövlətləri vurğulanan təhlükəyə biganə yanaşmamalıdır: 
"Məsələyə ciddi yanaşmaq üçün bölgə ölkələrinin əlində yetərli imkanlar, fakt və sübutlar var. Metsamor stansiyasında baş verən qəza çox ciddidir. Hətta müəyyən təmir işləri görsələr belə bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki indi istifadə edilən reaktorlar Çernobılda qəza törətmiş cihazların prototipidir. Həmin avadanlıqların istifadə müddəti çoxdan başa çatıb. Əgər beynəlxalq qurumlar məsələyə ciddi yanaşmazsa, bölgədə ikinci Çernobıl faciəsi baş verə bilər. Faciənin fəsadları isə Ermənistan başda olmaqla digər qonşu dövlətləri də vuracaq. Stansiyanın seysmik zonada yerləşməsi də təhlükəni artıran amil hesab olunur”.
İsmayıl