Borçalıda gürcüləşmiş ermənilər at oynadır

Sadaxlı kəndində 10 yaşlı azərbaycanlının maşınla vurulması etirazlara səbəb olub




Son illər Gürcüstanda azərbaycanlıların ermənilər tərəfindən öldürülməsi faktı çoxalıb. Ən dəhşətlisi isə odur ki, sözügedən bədbəxt hadisələrin gizlədilməsi, oxşar halların davamlı xarakter almasına gətirib çıxarıb. Belə ki, bu günlərdə Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndində erməni sürücü kənd sakini olan 10 yaşlı azərbaycanlını vurub. Hadisə kənddə etiraza səbəb olub.

Məlumata görə, Ermənistanla Gürcüstanı birləşdirən magistral yolun təxminən 2 km-lik hissəsi Sadaxlı kəndinin ərazisindən keçir. Sakinlərin sözlərinə görə, 4-cü sinif şagirdi Əlinin başına gələn hadisə, kənd ərazisində ilk deyil. Kənd sakini Eldar Əliyev bildirib ki, 5 il ərzində bu yolda 13 faciə baş verib. Adıçəkilən kənd bələdiyyəsinin nümayəndəsi Rafael Xəlilov rayon rəhbərliyinin də hadisə yerinə gəldiyini və problemlə tanış olduqlarını deyir: "Yol təzə təmir olunub. İndi layihədə nəzərdə tutulub ki, bu yollara maneələr qoyulacaq. Hazırda bununla bağlı tender elan olunub. Yaxın günlərdə bu işlərin həyata keçirilməsinə başlanılacaq”. Erməni avtomobillərinin zərbəsinə tuş gələn azərbaycanlıların sayının artmaması üçün deyilən tədbirlərin nə zaman görüləcəyi hələ dəqiq məlum deyil.

Məsələni dəyərləndirən "Borçalı” Cəmiyyətinin gürcü mənşəli sədr müavini Giya Paçxataşvili "Şərq”ə açıqlamasında söyləyib ki, həmin yolda çox dözülməz hadisələr yaşanır: "Sadaxlıda bir neçə il qabaq bir "mollaqara” qalmaqalı vardı. Ora mən özüm də getmişdim. Faciə burasındadır ki, həmin kənddə rəhbər gürcüləşmiş ermənidir. Qəzaların mütəmadi hal almasının əsas səbəbi budur. Gürcüləşmiş erməni məmurları bu cür qanlı hadisələrin yaşanmasına və ya törədilməsinə açıq-aşkar rəvac verirlər”.

Həmin yolun yenicə salındığını iddia edən müsahibimiz deyir ki, o yolda yol hərəkəti qaydalarına dair bir dənə də olsun nişan yoxdur: "Çox biabırçı həddədir. Bəzən ermənilər özləri bilərəkdən qəza şəraiti yaradırlar. Düzdü, deyirlər ki, 5 il müddətində 13 qəza baş verib. Bu heç də doğru rəqəm deyil. Həmin yolda bəlkə də 313 belə bədbəxt olay törədilib. Sonuncu dəfə Gürcüstana gedəndə orada bir sürücü dedi ki, bir imkanlı erməni var, Azərbaycan maşınlarını bir-birinə vurdurmaq həddinə çatdırır. Bax, belə hoqqabazlıqlar edirlər. Polis isə göz yumur. O ərazidə post patrul xidmətində çalışanlar ya ermənilərdi, ya da erməniləşmiş gürcülərdi. Cavaxetiyada erməni bayrağının dalğalanmağı bütün qaranlıqlara aydınlıq gətirir. Hər şeyi açıb ortaya qoyur”.

Oradakı azərbaycanlı deputatların hadisəyə münasibətinə gəlincə, müsahibimiz vurğulayıb ki, oradakı azərbaycanlı deputatların hamısı həmin posta fiqur olaraq gətiriliblər: "Onların heç bir fəaliyyətləri yoxdur. İşi-peşəsi gürcü dairələrinə yarınmaqdır. Azərbaycandan nümayəndə heyəti gedəndə, onları fiqur kimi görk edirlər ki, bizdə də azərbaycanlı millət vəkilləri var. Onun nəticəsidir ki, Zəlimxan Məmmədlinin işinə dəstək ola bilmirdilər”.

Ayyət Əhməd