Uşaq anada qalırsa, dərhal atası ilə ünsiyyət hüququ verilməlidir
Statistik məlumatlara əsasən, ötən il Azərbaycanda 13 114 boşanma qeydə alınıb. Ayrılma nəticəsində 11 295 uşaq valideynlərin biri ilə qalıb.
Boşanmaların 3 399-u 1 uşaqlı ailələrdə qeydə alınıb. Müstəqillik illərində bir uşağı olan ailələrdə ən çox boşanma halı 1990-cı ildə qeydə alınıb. Həmin il Azərbaycanda bir uşağı olan 2045 ailə boşanıb. Sonrakı illərdə bu göstərici azalmağa doğru dəyişsə də, 2011-ci ildən sonra bu say getdikcə artıma doğru dəyişib. 2014-cü ildə 1 uşağı olan ailələrdə olan boşanmaların sayı 1990-cı ildən də yüksək səviyyəyə çatıb. 2013-cü ildə Azərbaycanda bir uşağı olan 1921 ailə boşandığı halda, 2014-cü ildə bu rəqəm 2798-ə çatıb. 2015-ci ildə 2 838, 2016-cı ildə isə 1 uşaqlı 3 399 ailə boşanıb.
Boşanma halları 18 yaşadək iki və daha çox uşağı olan ailələrdə də artıb. 2013-cü ildə Azərbaycanda 1837, 2014-cü ildə isə 2450, 2015-ci ildə 2 976, 2016-cı ildə 3 569 belə ailədə boşanma qeydə alınıb.
1 uşaqlı ailələrdə boşanma hallarının çox olması, bəzən qarşı tərəfin aliment ödəməməsi və digər problemlərin yaranması uşağın təhsilində, mənəvi cəhətdən inkişafında, vətəndaş olaraq yetişməsində, ümumiyyətlə, cəmiyyətdə bir fərd kimi öz yerini tutmasında müəyyən çətinliklər yaradır.
Məsələnin hüquqi baxımdan necə tənzimlənməsi və təkuşaqlı ailələrin boşanması zamanı uşağın sonrakı taleyi barədə "Şərq”ə danışan hüquq müdafiəçisi İradə Cavadova bildirib ki, qanunvericilikdə boşanma halları ilə bağlı müəyyən boşluqlar var və bu boşluqların tez bir zamanda aradan qaldırılması olduqca vacibdir.
Vəkil xanımın sözlərinə görə, bəzən boşanma zamanı uşaq ana ilə qaldığı zaman atası ilə ünsiyyət qurmasında müəyyən problemlər yaranır.
İ.Cavadovanın sözlərinə görə , bu cür hallarda uşaq müəyyən psixoloji zərbə alır və bu hadisələr onun hərtərəfli şəkildə inkişafına mənfi təsirlər göstərir:
"Boşanma halları hər il artır və bu zaman uşaqlarla bağlı müəyyən problemlər yaranır. Digər tərəfdən əmlak bölgüsü zamanı uşaqla monipulyasiya edilir, əmlak düzgün bölünmür. Bir başqa problem isə ünsiyyət hüququ ilə yaranır. Normal atalar uşaqla ünsiyyət hüququnu əldə etmək istəyir və bu zaman ana imkan vermir ki, uşaqla atası ünsiyyət qursun. Digər tərəfdən ana və ya ata uşağı xaricə aparmaq üçün icazə istədikdə digər tərəf etibarnamə verməkdən imtina edir. Çox təəssüf edirəm ki, belə hallar getdikcə artır. Qanunda da birmənalı olaraq göstərilir ki, əgər uşaq anada qalırsa və aliment tələb edirsə, buna riayət olunur.
Lakin uşağa ata baxırsa, qadından aliment alınmır. Məncə, artıq burda bərabər hüquqlardan söhbət getmir. Bu, düzgün hal deyil. Həmçinin ana aliment alırsa və kifayətlənirsə, bu zaman da atanın uşağın tərbiyəsində iştirakı məhdudlaşdırılır. Bunlar qanunvericilikdə mükəmməl olaraq öz əksini tapmadığı üçün olur. Məhkəmədə boşanma varsa, uşaq anada qalırsa, dərhal atası ilə ünsiyyət hüququ verilməlidir. Alimentlə bağlı çox problemlərə rast gəlirik - ata işləmir və ya var-dövlətə malik olduğu halda gəlirlərini gizlədir, minimum aliment ödəyir. Bütün bunlar isə uşağın mənafeyinə toxunur, faktiki olaraq hüquqları pozulur və uşağa yetərincə diqqət yetirilmir. Onun təhsilinə, cəmiyyətdə bir insan kimi formalaşmasına çox pis təsir göstərir”.
Yeganə Bayramova