Böyük səhvə yol verməyib

Həsən Ruhani yenidən İranın prezidenti seçilə biləcək



İranın vitse-prezidenti Hüseyn Əli Amiri dövlət başçısı Həsən Ruhaninin qarşıdan gələn prezident seçkisində ikinci müddətə seçilmək üçün mübarizə aparacağını təsdiqləyib. Amiri deyib ki, son həftələr ərzində Ruhani prezident seçkisində iştirak etməyə qərar verib. Məlumat üçün bildirək ki, İranda prezidentliyə namizədlərin qeydiyyatı bu il 10-14 aprel tarixlərində olacaq. Seçki kampaniyasına rəsmən aprelin 27-də start veriləcək və mayın 16-da başa çatacaq.

Prezident seçkisi isə mayın 19-da keçiriləcək. Qarşıdan gələn seçki ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltanın fikrincə, Həsən Ruhaninin prezident qalma ehtimalı daha çoxdur: 

"Əvvəla onu deyim ki, Həsən Ruhani dövlət yox, hökumət başçısıdır. Ölkədə hakimiyyətin başçısı İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneidir. Yəni dövlət başçısı odur. Həsən Ruhaninin namizdəliyi isə birinci dəfə elan olunmur. Bunu ilk dəfə ötən ilin sonunda İranın daxili işlər naziri Abdulrza Rəhmani Fəzli elan edib. Məncə, Ruhaninin prezident qalma ehtimalı çoxdur. Çünki o, prezident olmamaq üçün elə ciddi səhv etməyib. İranda hakimiyyət daxili mühafizəkarlar və islahatçı xətlər şərti olduğundan onların biri-birinə qarşı mübarizəsi də şərtidir. Onlar arasında elə ciddi müxalifətçilik yoxdur. Daha doğrusu, islahatçı adlananlar ciddi müxalifət ola bilmirlər. Bunun başlıca səbəblərindən biri onların əllərində sözün əsl mənasında güc olmamasıdır”.

 Politoloq bildirib ki, İran İnqilab Keşikçiləri Qvardiyası hələ də mühafizəkar qüvvələrin nəzarəti altındadır: "Bu isə o deməkdir ki, İran həyatının bütün sahələrinə qvardiya nəzarət edir. Belə halda islahatçıların ciddi müqavimət göstərməsi mümkünsüzdür. Hakimiyyət daxili qüvvələrin təmsilçiləri ölkənin idarə edilməsində eyni dərəcədə məsuliyyət daşıyırlar. Odur ki, İranın bu vəziyyətə düşməsinə onlar da şərikdir. Onların biri-birinə qarşı çıxması İrandakı mövcud rejimin ən azından kəskin şəkildə laxlaması deməkdir. Ona görə də ehtimal etmək olar ki, Həsən Ruhani yenə də razılaşdırılmış prezident olaraq qalacaq”. 

Ekspert vurğulayıb ki, hələ hansısa ciddi namizədin adı açıqlanmayıb. Ona görə də Həsən Ruhani daha uğrulu namizəd görünür: 

"Qvardiyanın müəyyən hissəsi Həsən Ruhaninin və ya islahatçı tərəfdarlarının əlində olsaydı, prezidentin ali rəhbərlə hansısa problemi olardı. Ancaq Ruhani və dəstəsinin bu gücdən məhrum olması bunu iddia etməyə əsas vermir. Bir də İrandakı prezident seçkisini o dərəcədə böyüdüb, əhəmiyyət verməyə ehtiyac yoxdur. Çünki belə rejimlərdə çox mətləblər əvvəldən müəyyənləşdirilir. İndiki şəraitdə Həsən Ruhani istəsə belə İranın ali rəhbəri ilə probleminin olduğunu dilinə gətirməyə cürət etməz”.

İsmayıl