BQXK Şahbaz Quliyevin ailəsinə onun VİDEOSUNU göstərib - Açıqlama

İradə Quliyeva: "Videosunu çəkiblər, bizə göstərdilər. Təxminən 5 dəqiqəlik video olardı. Həmin videoda da həmişə olduğu kimi səhətinin yaxşı olduğunu söylədi"


"10 gün olar ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) Şahbaza məktub göndərmişik. Məktubun çatıb - çatmamasına dair hələ ki bir məlumat yoxdur". 

Bu sözləri Sherg.az-a Azərbaycanın əzəli ərazisi olan Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.

O qeyd edib ki, BQXK bir öz deməyib, amma Şahbazın videosunu görmüşük:

" Düzdü, üz-üzə danışmadıq. Sadəcə, onun videosunu çəkib, bizə göstərdilər. Təxminən 5 dəqiqəlik video olardı. Həmin videoda da həmişə olduğu kimi səhətinin yaxşı olduğunu söylədi. Dedi ki, məndən nigaran qalmayın , ailəmi, anamı tək qoymayın. Çox arıqlayıb. Bizə onu deyir ki, yaxşıyam, amma səhhətinin necə olduğunu bilmirik. Kamera ilə çəkmişdilər. Kompyuterə qoşub göstərdilər. Biz onu lap yaxından gördük. Öz gözlərimizlə gördük ki, yaşayır. Düzdü, əsirlik həyatıdır. Bilirik ki, onun üçün hər şey çox çətindir. Amma qardaşımı gözümlə gördüm və bu tamam başqa bir hissdir".

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.[1] İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Ayyət ƏHMƏD