Brüssel səfəri mövqelərimizi gücləndirdi

“Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunması İlham Əliyevin böyük uğurudur”



NATO-ya üzv dövlətlərin Brüsseldə keçirilən Zirvə toplantısı ölkəmiz üçün əlamətdar hadisələrlə yadda qaldı. Zirvə toplantısına qatılan Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində bir sıra dövlət və hökumət başçıları, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə səmərəli görüş keçirdi. Tədbirlərdə çıxış edən Prezident Azərbaycan-NATO əməkdaşlığının perspektivləri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlər səsləndirdi. Dövlət başçısının çıxışları və keçirdiyi mühüm görüşlər fonunda Zirvə toplantısının yekununda iştirakçı dövlətlər tərəfindən bəyanat qəbul edilib. Toplantı iştirakçıları sənəddə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək ifadə etdilər.

Vurğulayaq ki, 2006-cı ildən başlayaraq, NATO-ya üzv dövlətlər bütün bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə ediblər. Bu o deməkdir ki, artıq dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini yüksək qiymətləndirərək ölkəmizlə əməkdaşlığa ciddi önəm verirlər. Əlbəttə, bunu təsadüfi seçim kimi qəbul etmək sadəlövhlük olardı. Nəzərə almaq lazımdır ki, Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasında, dünya ölkələrinin enerji təminatında mühüm rol oynayır. Dünya ictimaiyyəti də öz növbəsində stabilliyin möhkəmləndirilməsində rolu olan ölkələrə üstünlük verir. Prezidentin səfəri əsnasında Brüsseldə imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Son aylar ərzində reallaşan mühüm beynəlxalq iqtisadi layihələr, neft-qaz kəmərlərinin işə düşməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu artırıb. Avropa ölkələrinin rəhbərləri açıq şəkildə etiraf edirlər ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədi də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi prinsipini dəstəkləyir. Bu baxımdan sərhədlərin toxunulmazlığı məsələsinin Avropa İttifaqı tərəfindən xüsusi qeyd edilməsi, Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerinin Dağlıq Qarabağ münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırması mühüm amil kimi xarakterizə edilir. Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini də yüksək qiymətləndirir. Amma Azərbaycanla bağlı dilə gətirilən xoş ifadələrin heç biri işğalçı Ermənistan barədə deyilmir. Avropanın İrəvandan imtina etdiyini baş nazir Paşinyan özü də etiraf edib. Jurnalistlərə açıqlamasında deyib ki, Avropanın Ermənistana münasibəti tam aydın deyil. O, Avropanın inqilabdan sonra verdiyi bəyanatlarını işi ilə möhkəmləndirmədiyini vurğulayıb: "Avropanın İrəvanla bağlı siyasəti dəyişməz olaraq qalıb. Hətta mənfiyə doğru dəyişib”.

Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, Azərbaycan Prezidentinin Brüsselə səfəri ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Dövlət başçısının səfər zamanı NATO toplantısında iştirakını xüsusi vurğulayan deputat söyləyib ki, NATO-nun öz bəyanatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb, müstəqilliyinə dəstək ifadə etməsi mühüm məsələdir: "Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Prezidentin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa Birliyi arasında "Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir. Bu sənəd bizim Avropa Birliyi ilə gələcək əməkdaşlığımızın daha geniş və çoxşaxəli olması üçün zəmin yaradır. Səfər Azərbaycanın Aİ ilə ticarət əlaqələrinin inkişafı baxımından mühümdür. Avropa Birliyi Azərbaycan ticarətinin ən əsas tərəfdaşıdır və tərəfdaşlıq daha da genişləndirilməlidir”.

Deputat əlavə edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə ölkəmizin əhəmiyyətli və söz sahibi olduğunu ortaya qoyur: "Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir”.

Politoloq Elçin Mirzəbəyli də bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunması İlham Əliyevin böyük uğurudur: "NATO-nun Brüssel sammitinin dünyada olduqca mürəkkəb proseslərin baş verdiyi, geosiyasi qütblər arasındakı ziddiyyətlərin dərinləşdiyi dönəmdə baş tutması, görüşün önəmini daha da artırır. Azərbaycan Prezidentinin sammitə dəvət olunan ali qonaqların sırasında olması, dövlət başçımıza və onunla birlikdə Brüsselə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvlərinə xüsusi münasibətin göstərilməsi mühüm və diqqətə alınası bir məqam kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında görüş keçirilib. Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattislə görüşləri, Pompeo və Mattisin Azərbaycana səfər edəcəklərini bildirmələri, qənaətimə görə, Bakı-Vaşinqton münasibətlərinin yeni və perspektivli bir mərhələyə qədəm qoyduğundan xəbər verir. Bu səfərdə Paşinyanın Dağlıq Qarabağın separatçı rejimini danışıqlara qoşmaq cəhdi iflasa uğrayıb. Moqerini də açıq şəkildə danışıqlar prosesinin davam etdirilməsini bəyan edib. Eyni zamanda, NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub. Brüssel səfərində Nikol Paşinyanın təşəbbüslərinin iflasa uğraması, Azərbaycan Prezidentinin mövqeyinin əsas götürülməsi işğalçı ölkəyə və onu hərtərəfli himayə edənlərə qarşı ciddi mesajdır. Sammitdə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunması prezident İlham Əliyevin və təbii ki, Azərbaycanın böyük uğurudur. Hesab edirəm ki, NATO-nun Brüssel sammitinin yekunları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılacaq danışıqlar prosesinə öz təsirini göstərəcək”.

İsmayıl