Bu avtoxuliqanla bağlı İDDİA: "Onu küçədə ayaqyalın qaçırdaram ! "

"Maşınla yolda hoqqa çıxaranlar anormal təfəkkürlü insanlardır”.
Bunu Sherg.az-a rayonlararası yolların birində çəkilmiş, sosial şəbəkələrdə sürətlə yayılan cip markalı avtomobilin sürücüsünün maşınla "oyun çıxarması"nı əks etdirən videodan danışarkən Avtosfer.az saytının baş redaktoru, ekspert E.Muradlı deyib.
O bildirib ki, mediada bu kadrların yayılmasında məqsəd belə hərəkətlərin tənqid olunmasıdır:
"Adətən belə hərəkətləri ərəblər edir. Baxırıq ki, ərəb avtoxuliqanlar maşını iki təkərə qaldırır, yaxud maşın hərəkətdə olanda təkərini dəyişir, belə şoular göstərirlər. Dünya xalqları kəşf etməyi, faydalı məlumatları öyrənirlər. Biz isə ərəblərdən belə lazımsız vərdişləri mənimsəyirik”.
E.Muradlı diqqətə çatdırıb ki, səlahiyyətli şəxs olsa, o sürücünü tapıb, həmin küçədə 10 gün ayaqyalın, o başa, bu başa qaçırdar:
"Həmin cəzanı da sosial şəbəkələrdə, mətbuatda yayaram ki, bu avtoxuliqanlıqla məşğul olan digər şəxslərə də dərs olsun. Mənəvi cəzaları tətbiq etməklə həmin şəxsin qarşını almaq olar.
Hakimlər belə məsələlərlə bağlı standart qərarlar qəbul edirlər. Lakin dünyanın müxtəlif ölkələrinə baxsaq hakimlərin maraqlı qərarlar çıxartdıqlarını görürük. Belə bir avtoxuliqan şəhərin özündə həmin hərəkətləri edərsə, qərar çıxarıla bilər ki, məsələn həmin şəxs o küçəni bir müddət süpürsün. Ondan sonra görün, o avtoxuliqan bir də həmin hərəkətini təkrarlayarmı? Ona görə, mənəvi cəzaların müəyyən məqamlarda işlədilməsi vacibdir”.
Sürücülərin çoxunun maddi cəzalardan qorxmadığını da xatırladan ekspertin sözlərinə görə, sürücülər var ki, sənədlərini az qala yol polisinin üzərinə atır, "yaz da, uzağı 100 manatdır” deyib, dırnağarası yanaşır:
"O sürücülər üçün həmin cəzalar problem deyil. Amma indiyə qədər avtoxuliqanlıqla məşğul olan nə qədər insan olub ki, sosial şəbəkələrdə, mətbuatda məlumatlarının yayılıb, tənqid olunmasından narahatlıq keçirir. Hətta bəziləri zəng edib, jurnalistlərə yalvarıb ki, cəriməmi dövlət büdcəsinə ödəyim, yetər ki, videomu götürün. Bax, bunları nəzərə alıb, belə cəza üsullarından istifadə etmək lazımdır ki, onlar düz yola qayıtsınlar. Yoxsa gedib, Moskvada işləyib, kartof, pomidor, çay satıb, 100 minlik maşın alıb, küçələrdə şou göstərirlər. Həmin şəxslər düşünmür ki, maşın idarəetmədən çıxsa, sürücü ölsə, onun ailəsinə kim baxacaq? Dərk etmirlər”.
Qeyd edək ki, yayılan videodan göründüyü kimi 90 ZM 554 dövlət qeydiyyat nişanlı cib marakalı avtomobilin sürücüsü qayda pozur. Bir müddət sükan arxasından uzaqlaşan sürücü arxa oturacağa keçərək oradan yenidən ön oturacağa qayıdır və bununla nəyisə nümayiş etdirmək istəyir.
Aysel Aslan