Bu azərbaycanlının ifası kosmosa göndərilib – ARAŞDIRMA





90-cı illərdə tez-tez belə bir fikir eşidirdik: bizim muğamımız kosmosa göndərilib. Bir çox "şəhər əfsanələri” kimi bu fikrə də qeyri-ciddi yanaşır, gülümsəyib keçirdik. Biz hara, kosmos hara? Belə şey olar?
Sən demə olub. Özü də uzaq 1977-ci ildə.
Amerika astronomu Karl Saqanın rəhbərlik etdiyi komissiya kosmosa Yer kürəsi haqqında məlumat göndərməyi öhdəsinə götürür. Məqsəd kainatda olan başqa varlıqlara planetimiz və burdakı həyat haqqında məlumat vermək idi.
Beləliklə kosmosa göndəriləcək məlumat daşıyıcısı və ona daxil edilən materiallar diqqətlə seçilir. Həmin daşıyıcıdakı məlumatlar elə seçilməli idi ki, Yer kürəsi haqqında müfəssəl məlumat versin. Bunun üçün qızılla örtülmüş mis plastinka düzəldilir.