Samsunun şəhərinin Ambartepe və irəlisindəki Elimdağ məhəllələri ilə Ordunun Şenbolluk məhəlləsini, evlər arasından keçən dar yol ayırır. Sherg.az türk mediasına istinadən xəbər verir ki, iki şəhərin sərhədi olaraq qəbul edilən və yarısı Samsun, digər yarısı isə Orduya aid yol bölgədə məskunlaşanların taleyində maraqlı izlər buraxır. Bir addımla şəhər dəyişdirən məhəllə sakinləri, qonşu olduqları evlərdə bir-birlərini sabit telefon xəttlərindən arasalar da şəhərlərarası koddan istifadə etmək məcburiyyətində qalır.
Samsunun Terme mahalının mərkəzindən 30 kilometr uzaqlıqda yerləşən Ambartepe və qonşu Elimdağ məhəllələri ilə Ordunun İkizce mahalına 24 kilometr məsafədə yerləşən Şenbolluk məhəllələrini cəmi 7 metr enində olan yol ayırır. İki şəhərin sərhədi olaraq qəbul edilən yolun yarısı Samsun, digər yarısı isə Orduya aiddir.
Məhəllə sakinləri yolun o biri tərəfinə keçdikləri zaman yaşadıqları şəhəri də dəyişdirmiş olur. Yola baxan evlərdə məskunlaşanlar qarşıq evlərdə yaşayırlar, ancaq ayrı-ayrı şəhərin sakinləridir. Ev sahibləri bir-birlərini sabit telefon xəttlərindən istifadə etsələr də şəhərlərarası koddan faydalanmaq məcburiyyətində qalır. Ambartepe və Elimdağ məhəllələri ilə Şenbolluk məhəlləsində olan və aralarında təxminən 80 metr məsafə olan iki məsciddə isə azan fərqli dəqiqələrdə oxunur. Təhlükəsizlik gücləri bir olay baş verərkən hadisənin hansı məhəllədə olduğuna qərar verdikdən sonra hərəkətə keçərək, müdaxilə edir.

Belə vəziyyətə artıq alışdıqlarını ifadə edən Ambartepe məhəlləsinin muxtarı Ərdal Dəmir, "Burada çox yaxın evlərdə olan qonşular bir-birlərini axtararkən ayrı kodlardan istifadə etmək məcburiyyətində qalır. Bəzən xilasetmə və polis kimi təcili nömrələri axtararkən çətinliklər yaşaya bilirik. Bizim burada qəhvəxanalarımızda, qurulan bazarımızda bütün həyatımız bir yerdə keçir. Bir- birimizə qız verib, qız alırıq. Uşaqlarımız ayrı-ayrı məktəblərdə təhsil alırlar. Məscidlərimiz arasında məsafə 80 metr olmasına baxmayaraq bir tərəf 1- 2 dəqiqə əvvəl azan oxuyur. Biz artıq bu vəziyyətə uyğunlaşmışıq. Ancaq kənardan gələnlər üçün çox təəccüblü görünür " deyə danışır.

Elimdağ məhəlləsinin muxtarı Ferruh Öktem də qonşu Şenbolluk məhəlləsi ilə aralarındakı tək ayrı-seçkiliyin Ramazan ayındakı 1 dəqiqəlik azan vaxtı olduğunu dilə gətirir: "Biz burada illərdir qonşuyuq. Aramızdakı tək ayrı-seçkilik Ramazan ayında 1 dəqiqəlik azan vaxtıdır. Qonşularımız iftarını 1 dəqiqə əvvəl açır. Burada yolun bir tərəfi Samsun, digər tərəfi də Orduya aiddir " deyərək qonşuluq əlaqələrində heç bir problemlər yaşamadıqlarını söyləyir.
Şenbolluk məhəlləsinin muxtarı Mustafa Aydın isə bir addımla şəhər dəyişdirdiklərini, yolun insanların qədərlərini birləşdirdiyini ifadə edir: "Burada gündəlik həyatımızda hər şeyimiz ortaqdır. Bu yol ellərimizi ayırsa da, insanların qədərlərini birləşdirir. Burada bəzi fərqliliklər var: Qışda elektrik enerjisi kəsiləndə yolun bir tərəfində işıq olur, o biri tərəfində olmur. Yolda aparılan işlər zamanı iki şəhərin bələdiyyələri öz aralarında razılaşıb iş görürlər" deyir.
Turan