Bu dəfə Şamaxıda...

Elxan Süleymanov AVCİYA-nın petisiya layihəsi ilə bağlı məlumat verib



Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-da "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.

Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub. Vətəndaşları sözügedən layihə barədə məlumatlandırmaq üçün aprelin 12-də Şamaxı şəhərində ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayevin giriş sözləri ilə açıq elan edilən tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edən AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov petisiyada irəli sürülən məqamları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qəbul olunması üçün 100 min insanın qoşulmasının vacib olduğunu qeyd edən qurum rəhbəri Şamaxı sakinlərini səsvermə prosesində

fəal iştirak etməyə çağırıb. Bu çağırışlara qoşulan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov və Şəhriyar qəsəbə tam orta məktəbinin direktoru Rəsul Rza çıxışları zamanı layihənin əhəmiyyətini bir daha qeyd ediblər. Tədbirin sonunda "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova petisiyanın imzalanma qaydası ilə tədbir iştirakçılarını tanış edib və onların suallarını cavablandırıb.

Aysel Aslan