Bu gün Suriya əsl cəhənnəmdir...

Deməli, gənc azərbaycanlıların, ailəli insanların ora getməsi təbliğat işlərinin nəticəsidir

"Bu işlə məşğul olan qruplaşmalar var ki, onları burda fiziki və mənəvi cəhətdən "cihad”a hazırlayır”
Azərbaycanda mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Respublikanın hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə sahəsində Tərtər rayonunda növbəti xüsusi əməliyyat tədbiri həyata keçiriblər. Aparılan araşdırmalarla ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilib. Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həmin dəstənin 4 üzvü - əvvəllər məhkum olunmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıblar. Onların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən xüsusi əməliyyatları dəyərləndirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay Azərbaycanda dövlətçiliyin kifayət qədər qorunduğunu, Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin olunduğunu deyib. Onun sözlərinə görə, bu da hüquq-mühafizə orqanlarının, fəaliyyətinin nəticəsidir: "Zaman-zaman müxtəlif silahlı birləşmələrin, ekstremist qrupların qarşısı alınıb, ölkədə sabitlik tam bərpa olunub və bu gün də Azərbaycan stabil bir ölkədir. Təbii ki, bir kriminalist olaraq, bu istiqamətdə atılan addımları, görülən işləri yaxından izləyirəm. Azərbaycanda dini radikal, ekstremist qruplaşmaların baş qaldırması mövcuddur. Bunun əksini inkar etmək olmaz, çünki bu mövcudluq konkret faktlarla ortaya qoyulub. Təbii ki, bu insanlar ailələrini, uşaqlarını da başına yığıb, boş-boşuna özünü atəşə atmır. Bu insanların Suriyaya ticarət və ya başqa məqsədlə getmədikləri aydın məsələdir. Bu gün Suriya əsl cəhənnəmi xatırladır və adı gələndə dünyanı vahimə bürüyür. Deməli, gənc azərbaycanlıların, ailəli insanların Suriyaya getməsi təbliğat-təşviqat tədbirləri nəticəsində baş verir. Bu işlə məşğul olan qruplaşmalar var ki, onları burda fiziki və mənəvi cəhətdən "cihad”a hazırlayır. Şübhəsiz ki, həmyerlilərimizin gedib, Suriya uğrunda döyüşməsi, qanunsuz silahlı birləşmələrə qoşulması Azərbaycan cəmiyyətinin milli maraqlarına zidd, dövlətçiliyimiz üçün potensial təhlükədir. Bu mənada hüquq-mühafizə orqanlarının radikal qruplaşmalara qarşı apardığı əməliyyatlar təqdir olunandır. Əslində, bu onların vəzifə borcudur. Xüsusi təyinatlı polis qüvvələrinin, Milli Təhlükəsizlik Nazirliyinin ən əsas işi dövlətçiliyin əsaslarını dağıdan qüvvələrə qarşı mübarizə aparmaqdır. Təbii olaraq, onların apardığı uğurlu əməliyyatları da cəmiyyət alqışlayır”.
İ.Altayın sözlərinə görə, azərbaycanlıların xaricdə silahlı birləşmələrə qoşulmasını təşkil edən cinayətkarlara qarşı aparılan əməliyyatlarda hüquq-mühafizə orqanları mümkün qədər obyektivliyi də qorumalıdır: "Əməliyyatlar və istintaq zamanı doğrudan da ekstremizmlə məşğul olan, qanunsuz silahlı birləşmələrlə əlaqələri olan insanlar saxlanılaraq məsuliyyətə cəlb olunmalıdır. Günahsız, dini radikallarla əlaqəsi olmayan insanların hüquqlarını tapdalayıb, həbs etmək görülən işin effektivliyinə də kölgə salır. Tərtər rayonunda həyata keçirilən növbəti xüsusi əməliyyatlar zamanı Qarabağ Azadlıq Təşkilatının iki üzvünün də həbs olunması cəmiyyətdə bir az şübhə yaradıb. Belə ki, QAT sədri Akif Nağı və millət vəkili Fazil Mustafanın hər iki QAT üzvünün qanunsuz həbsinə etiraz eləməsi əməliyyatların obyektivliyinə kölgə salır. Digər tərəfdən də "hüquq-mühafizə orqanları indiyə qədər niyə QAT üzvlərini həbs eləmirdi” sualı ortaya çıxır . Qarabağ Azadlıq Təşkilatı Azərbaycanın mənafeyini, dövlətçilik maraqlarını qoruyan bir təşkilatdır. Belə bir təşkilat nümayəndələrinin dini radikallar, qanunsuz silahlı birləşmələrlə nə əlaqəsi? Göründüyü kimi, bu məsələ çox qəlizdir və konkret fikir bildirmək çox çətindir. Hesab edirəm ki, əməliyyatların obyektivliyini qorumaq üçün çox ciddi araşdırmalar aparılmalıdır. Hətta çox yaxşı olar ki, istintaqı aparan dövlət orqanları istintaq sirlərinin mənafeyinə toxunmadan cəmiyyəti də məlumatlandırsınlar. Əgər doğrudan da, onların ekstremistlərlə bir əlaqəsi varsa, öz cəzalarını çəkməlidir. Yox, yanlışlıqla həbs olunublarsa, ədalət öz yerini tutmalı və hər iki QAT üzvü azadlığa buraxılmalıdır. Amma dediyim kimi, prosesin gedişi cəmiyyət üçün bir qədər açıq olsa, söz-söhbətlərə yer qalmaz”.
Suriyada döyüşmək üçün birləşən dini radikalların günün birində Azərbaycan daxilində də təhlükə törədəcəklərinin istisna olmadığını vurğulayan ekspertin sözlərinə görə, Azərbaycan coğrafi şəraitinə görə, odun-alovun içində yerləşir: "Ölkəmiz elə bir geosiyasi məkandadır ki, hər tərəfimizdə daxili çəkişmələr, müharibələr gedir. Böyük dövlətlərin maraqlarının kəsişdiyi bir regionda yerləşdiyimizdən kifayət qədər siyasi problemlərimiz var. Bu problemlər fonunda Azərbaycanda dini ekstremistlərin baş qaldırması da istisna deyil. Hər nə qədər dövlətçiliyimiz güclü olsa da, unutmayaq ki, dini ekstremizm kifayət qədər güclü və təhlükəli bir cərəyandır. Onlar İraq, Suriya kimi dövlətlərdə çaxnaşmalar, vətəndaş müharibələri yarada biliblərsə, deməli, Azərbaycan da dini qarşıdurmalardan sığortalanmayıb. Hətta deyim ki, Azərbaycanda dini qarşıdurmaların baş qaldırmasında maraqlı olan qüvvələr və dövlətlər var. Hətta ölkəmizdə fəaliyyət göstərən radikal qruplaşmaların əksər hissəsi məhz həmin qüvvələr tərəfindən maliyyələşdirilir. Əgər biz cəmiyyət və dövlət olaraq radikal dini qruplaşmalara və onların ölkəmizdə apardıqları təbliğat-təşviqat kampaniyasına qarşı birlikdə mübarizə aparmasaq, bu
gün yaxın şərqi bürüyən alov hər an Azərbaycana da sıçraya bilər. Azərbaycanda radikal islamçı dini qruplar mövcuddur. Onların ölkəmizdə inkişaf etməsi, təşkilatlanması və vaxtaşırı terror hadisələri törətməsi inkar edilməməlidir. Azərbaycan kimi "əlverişli” bir mühiti dini ekstremistlər heç vaxt rahat buraxmayacaq. Hətta burada kök salacaqlar. Radikal dini qruplaşmaların güclənməsi isə Azərbaycan dövlətçiliyini təhlükə altında qoya bilər. Nəzərə alaq ki, İŞİD də əvvəllər kiçik bir qruplaşma idi. İndi özünə "dövlət” yaradaraq bir neçə ölkəyə meydan oxuyur”.
Şəymən