"Bu maaşla həkimdən yüksək xidmət gözləmək düzgün deyil, amma..."

Zəlimxan Məmmədli: "...Belə elementar hadisələrdə həkimlərin səhlənkarlıq etməsi qəbul olunmazdır"
"Səhiyyə ocaqlarında insanların sosial müdafiəsi yoxdur”.
Bunu "Sherg.az”a Sumqayıtda it dişləməsi nəticəsində dünyasını dəyişən 5 yaşlı Zeynəbi müayinə edən həkimə şiddətli töhmət verilməsindən danışarkən həkim Zəlimxan Məmmədli deyib. 
O bildirib ki, səhiyyə ocaqlarında xidmətin keyfiyyətinin yüksək olması da mühüm amildir. Bu maaşla həkimdən yüksək səviyyədə xidmət gözləmək olmaz.
Səhiyyə sahəsindəki boşluqları yaradan ikinci məsələ təhsil sistemində olan mənəvi aşınmadır. Artıq təhsil sistemində bir çöküş var. Bizim zamanımızda Tibb Universitetinə planlı qəbul həyata keçirilirdi və ildə tutaq ki, 25 stomatoloq məzun olurdu. İndi isə digər özəl təhsil müəssisələri tibb sahələri üzrə mütəxəssislər yetişdirir. Beləliklə ümumi normativlərdən fərqli məqam yaranır. Həmin şəxslər isə özünü dolandırmaq üçün müxtəlif vasitələrlə alternativ yollar axtarırlar. Onun maddi marağı təmin olunmadığı üçün üzərində işləmək imkanları da aşağı düşür. Təhsilini də inkişaf etdirə bilmədiyindən ixtisas artırmalarla bağlı məlumatsız olur”.
Z.Məmmədli xatırladıb ki, hazırda formal, sovetdən qalma kurslar var, həkimləri bir ay mənasız şəkildə süründürür və heç bir bilik öyrətmirlər:
"Professionallıq yüksəlmədiyi üçün bu cür problemlər, xətalar üzə çıxır. Lakin ümumi götürdükdə hər bir xəstə cərrahi müdaxiləyə girməzdən əvvəl müqavilə bağlamalıdır. Həkim müdaxiləsi zamanı xoşagəlməz hallar da yarana bilər, bundan heç kim sığortalanmayıb. Lakin belə elementar hadisələrdə həkimlərin səhlənkarlıq etməsi qəbul olunmazdır.
Səhiyyədə islahat yüksək səviyyədə aparılsa, tibb işçisi yüksək səviyyədə cəmiyyətdə öz yerini tapsa və işlədiyi müəssisələr sosial müdafiə cəhətdən təmin edilsə, köklü şəkildə radikal dəyişiklik baş verə bilər.
Mən özüm də dövlət klinikasında işləyirəm. 35 illik təcrübəm, fərqlənmə diplomum, dərəcəm olsa da 180 manat maaş alıram. Düşünün ki, bu həkim Bakı mühitində belə maaşla necə yaşayır? Alternativlər axtarıram.
Hər zaman misal göstərdiyimiz qonşu ölkə Gürcüstanda səhiyyə sahəsində ciddi islahatlar həyata keçirildi. Həkimlər professionallığına görə qiymət veriləcəyini bildiyindən öz üzərində işləyir, rəqabətə can atır. Bizdə isə səhiyyə sistemi ölü bir şeydir, yerindən tərpənmir. Bu sahə daha çox kommersiyalaşır, özəl sektorlar bu işə cəlb olunur. Bunun arxasında isə siyasi hakimiyyət durur”.
Qeyd edək ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının uşaq travmatologiya şöbəsinin işçisi Mahal Məmmədov işini düzgün təşkil etmədiyi üçün töhmət alıb. Belə ki, uşağın ailəsi Mahal həkimi etinasızlıqda ittiham edib.
Aysel Aslan