Bu şəhər tıxacdan qurtula bilməz

Çünki vaxtilə mövcud olmuş kiçik ölçülü evlərin, binaların yerində indi hündürmərtəbəli binalar ucalır
Bakıda ayrıca zolaqların çəkilməsi mümkün olacaq yollar çox azdır

Paytaxtda ictimai nəqliyyatın sərbəst hərəkəti üçün xüsusi zolaqlar ayrılacaq. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "APA-Ekonomics”ə açıqlamasında bildirib ki, xüsusi hərəkət zolaqlarının çəkilməsinə artıq başlanılıb. Burada məqsəd ictimai nəqliyyatdan istifadə edən vətəndaşların təhlükəsizliyinin təminatı, ictimai nəqliyyatın daha effektiv xidmət göstərməsi, digər nəqliyyat vasitələrinin də normal hərəkətini təmin etməklə tıxacların qarşısının alınmasıdır.

Digər bir xəbərsə may ayının 12-dən 22-dək keçiriləcək İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyatın hərəkətinin optimallaşdırılması ilə bağlıdır. Bu barədə isə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. K.Əliyev qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə Bakıda nəqliyyatın hərəkəti ilə bağlı xüsusi rejim tətbiq olunacaq. 

Həmin günlərdə oyun iştirakçılarının və qonaqların hərəkəti üçün ayrıca zolaqlar yaradılacaq. Bu zolaqlarda digər avtomobillərin hərəkəti qadağan ediləcək. İdman yarışlarının keçiriləcəyi arena, meydança ərazilərində də xüsusi rejim tətbiq ediləcək. Bu ərazilərdə yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlərin müvafiq Mənzil İstismar Sahələrində qeydiyyatdan keçib icazə almaları gərəkdir.

Bir sözlə, paytaxtda hərəkət məhdudiyyəti, hərəkət sıxlığı yaşanacağı labüddür. May ayında 10 gün məhdudiyyətlərə tabe olmaq çətin deyil. Ancaq həmin günlərdə tədris prosesinin hələ başa çatmadığını, məktəblilərin, tələbələrin dərsə, çalışanların da işə gedib-gəlməli olduğunu nəzərə alsaq, vəziyyət mürəkkəb də dəyərləndirilə bilər. Oxşar məhdudiyyətlər Avropa Oyunları zamanı da tətbiq olunmuşdu. Lakin həmin vaxt tədris prosesi artıq başa çatmışdı, ali məktəblər isə yay imtahan sessiyasının cədvəlini elə tərtib etmişdilər ki, tələbələr əziyyət çəkməmişdi. İslam Həmrəyliyi Oyunları isə dərslərin bitmədiyi bir vaxtda keçiriləcək. Bu da əlbəttə, bəzi problemlər yarada bilər.

Məsələni şərh edən Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli "Şərq”ə açıqlamasında bildirdi ki, hansısa mötəbər tədbirlə bağlı nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması zəruri hal alırsa, o zaman bəzi istisnalar da tətbiq edilməlidir:

- Bu istisnalar da aiddir məktəblilərə, pedaqoji kollektiv üzvlərinə, idarə və müəssisələrdə çalışanlara, həmçinin yarışların keçirildiyi ərazilərə yaxın yerlərdə məskunlaşmış əhaliyə. Elə adam var, xəstədir, baxılmağa ehtiyacı var, kimsə ona baxıcılıq etməlidir. Yaşlı, hərəkət imkanları məhdud insanlar nəzərə alınmalıdır. Eləcə də məktəblilər, müəllimlər, işləyənlər. Məsələn, tədris prosesi ilə əlaqədar xüsusi qaydalar tətbiq edilə bilər. Dərs saatlarının qısaldılması, iş saatlarının dəyişdirilməsi və s. bir çox çevik qərarlar qəbul edilə bilər. Yaxud, tədris ocaqları üçün ayrıca nəqliyyat ayırmaq olar. Hansı ki, bu nəqliyyat növünə də xüsusi zolaqlarla hərəkət etmək icazəsi verilsin. Hətta üzərində İslam Həmrəyliyi Oyunlarının loqotipini daşıyan avtobuslar xəttə buraxmaq və belə avtobuslara nəzarətdə olan ərazilərə giriş icazəsi vermək də olar. Yəni, dünyada vətəndaşların sosial həyatını asanlaşdırmaq üçün təcrübədən keçirilmiş bir çox metodlar mövcuddur.

Ölkəmizdə, paytaxtda mötəbər beynəlxalq tədbirlər, yarışlar keçirilirsə, bir neçə gün səbrli olmaq, qaydalara, qadağalara riayət etmək çətin deyil. Əlbəttə, ölkəmizin beynəlxalq nüfuzu hər şeydən öndədir.

İ.Hüseynli hesab edir ki, beynəlxalq tədbirlər istisna olmaqla gündəlik həyatda ictimai nəqliyyatın hərəkəti üçün xüsusi zolaqların ayrılması isə artıq başqa məsələdir. Burada artıq şəhər və yol infrastrukturunun buna nə dərəcədə hazır olması əhəmiyyətlidir:

- Təəssüf ki, nə qədər çalışılsa da, yol və ictimai nəqliyyat probleminin həllinə nail olunmur. Deyirlər, ictimai nəqliyyat üçün ayrıca hərəkət zolaqları çəkiləcək. Amma bunu paytaxtın bir çox ərazilərində tətbiq etmək mümkün olmayacaq. Tutaq ki, "Azadlıq” prospektində bu tətbiq edildi. "Azadlıq” prospektinin Binəqədi rayonu ərazisindən "28 may” metrostansiyasınadək məsafədə bu mümkün ola bilər. Çünki "28 May” metrostansiyasının qarşısından artıq prospekt daralır. Orada 3 zolaqlı, xüsusi hərəkət zolaqlı yol istifadəyə vermək mümkün deyil. Orada yol taki Hökumət Evi binasına qədər çox darısqaldır. Eləcə də, "Neftçilər” prospektinin kəsişdiyi ensiz, dar küçələr nəzərə alınarsa, burada yalnız bir istiqamətdə xüsusi zolaq istifadədə ola bilər. Yol infrastrukturunda da bir çox dünya təcrübələri var ki, onların tətbiqi müsbət nəticələr verir. Məsələn, digər nəqliyyat vasitələrinə sağa dönmək qadağan olunduğu halda, ictimai nəqliyyata bu, icazə verilir. Bəzən düşünürük ki, avtobus qaydanı pozdu, sağa və sola döndü, amma xeyr, elə yerlər var, orada avtobuslara istisnalar tətbiq edilir. Ümumən, ictimai nəqliyyata ayrıca zolaqlar çəkmək qəbul olunan və faydalı işdir. Amma o şəhərlərdə ki, buna yol infrastrukturu imkan verir. Bizdə isə ayrıca zolaqların çəkilməsi mümkün olacaq yollar çox azdır. İstanbulda metrobusların hərəkət zolağına digər nəqliyyat vasitələrinin girişi qadağandır. Bu qadağanı yalnız "ambulans”lar, yanğın söndürən maşınlar və polis poza bilər. Bakıda belə xüsusi zolaqları Heydər Əliyev prospektində, aeroport yolunda tətbiq etmək olar. Amma bu yollarda da avtobuslar ayrıca zolaqla uzun məsafə qət edə bilməyəcəklər. Çünki bu prospektlərin və magistral yolların da kəsişdiyi ensiz küçələr, qəsəbəarası yollar var.

İ.Hüseynli qeyd etdi ki, Bakıda yol infrastrukturunun yüksək standartlara cavab verməməsinin başqa səbəbləri də var:

- Biz həmişə tıxaclardan danışırıq və deyirik ki, bu problem həllini tapmır. Gəlin, məsələyə bir az da başqa yöndən baxaq. Bakının mərkəzi hissəsi - özəyi hədsiz sıxlıqdır. Vaxtilə mövcud olmuş kiçik ölçülü evlərin, binaların yerində indi hündürmərtəbəli binalar ucalır. 5 mərtəbəli binanın yerində 20 mərtəbəli bina tikilirsə, bu o deməkdir ki, orada 100 nəfər deyil, 500 nəfər yaşayacaq. Bu 500 nəfərin də 300-nün şəxsi avtomobili var. O avtomobillər park ediləcək, binanın həyətindən yola girib-çıxacaq. Bu, bir sıxlıq. İkincisi, demək olar bütün binaların birinci və ikinci mərtəbələri icarəyə verilmək üçün nəzərdə tutulur. Ya alış-veriş mərkəzi, ya market, ya da ofislər yerləşir. Hər gün, hər saat intensiv hərəkət var. Şəhərdə mərkəzi küçələrdə yerləşmiş ofislərin, iş yerlərinin qarşısına baxın. Nə qədər avtomobil dayanır səkilər boyunca. Yolun hərəkət hissəsini də zəbt edirlər. "İnşaatçılar” metrostansiyasının qarşısındakı dayanacağa avtobuslar faktiki yaxınlaşa bilmir. 

3 zolaqlı hərəkət ola biləcək yolda nəqliyyat vasitələri cəmi bir zolaqda hərəkət edirlər. Belədə əlbəttə, sıxlıq da yaranacaq, tıxac da. Sahibkarlara bu qədər sərbəstlik vermək də düzgün deyil. Üçüncü səbəb, Bakının uzununa böyüdülməməsidir. Mən Volqoqradda olmuşam. Volqoqradın mərkəzi prospektinin uzunluğu 78 kilometrdir. Bizim Bakını Sumqayıt istiqamətində genişləndirmək imkanımız vardı. Amma bunu etmədilər. Əvəzində şəhər yeni tikililərlə daha da sıxlaşdı, hərəkət imkanları da sıfra endi. Məsələn, Yaponiyada tıxacların qarşısını almaq üçün belə bir üsul tətbiq edilir. Tək rəqəmli nömrə nişanı olan avtomobillər həftənin tək günləri, cüt rəqəmli nömrə nişanlı avtombillərə isə cüt günlərdə hərəkət icazəsi verilir. Sizcə, bunu bizdə tətbiq etmək olar? Cüt rəqəmli nömrəsi olan avtomobil sahibi gedib bir dənə də tək rəqəmli nömrə nişanı alacaq ki, qadağa ona şamil edilməsin. Əvvəlcə gərək ictimaiyyət olaraq düşüncələrimiz, təfəkkürümüz dəyişsin. İctimai nəqliyyatdan istifadəyə xor baxmayaq, şəxsi avtomobilə sahib olmağı üstünlük hesab etməyək.

Məlahət Rzayeva