"Bu sürücülərə cərimə yazmaq DÜZGÜN DEYİL"




"Təcili yardım avtomobilinə yol verməyən sürücülərlə bağlı ciddi cərimələr deyil, məhdudiyyət və ya tənbeh istiqamətli tədbirlər görülə bilər".

Bunu Sherg.az-a təcili tibbi yardım maşınlarına yol verməyən sürücülərin cəzalandırılması məsələsinə münasibət bildirərkən, nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

Onun sözlərinə görə, əslində bu sürücülərə cərimələrin müəyyən edilməsi barədə qanun mövcuddur: 

"Təcili tibbi yardım avtomobilinə yol verməyən sürücülər 3 cərimə balı ilə 100 manat məbləğində cərimələnir. Hazırda bu cərimə tətbiq edilir, sadəcə ola bilər ki, daha da aktuallaşdırılmasına səy göstərilməlidir”.

Ə. Hüseynov bildirib ki, bu sahədə problem təcili yardım avtomobilinə yol verməyə imkan olub-olmamasıdır: 

"Ola bilər ki, sürücülərin təcili yardım avtomobilinə yol vermək imkanı olmasın. Bu zaman artıq ona cərimə yazılması düzgün deyil. Bəzi hallarda həmin məsələ mübahisəli qalır. Dünya təcrübəsində sürücülərin narazılığını aradan qaldırmaq üçün fərqli üsul tətbiq edilir. Belə ki, təcili tibbi yardım maşınının özünə kamera yerləşdirilir və hansı avtomobilin ona yol vermədiyi dəqiqləşdirilir. Bununla artıq, imkan olduğu halda təcili yardım maşınına yol verməyən avtomobili polis müəyyən edir və cərimə tətbiq edir”.

Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə Bakıda təcili yardım maşınlarına yol verməyən sürücülərin cəzalandırılacağını deyib.

Aysel Aslan