Büdcənin 30 faizi sosial layihələrə yönələcək

“Yaxşı olar ki, neftin qiymətini keçənilki kimi 40 dollar götürsünlər”



2018-ci ilin dövlət büdcəsi layihəsi Nazirlər Kabinetində müzakirə olunub. İclasda həmçinin gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə, habelə büdcə zərfinə daxil olan bir sıra normativ hüquqi sənədlərin layihələrinə baxılıb.

Müzakirə zamanı qeyd olunub ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlülüyü əsas götürülüb, əhalinin maddi rifahının daim yaxşılaşdırılması, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusən qeyri-neft sektorunun inkişafına dəstək verilməsi kimi mühüm amillərə diqqət yetirilib.

Keçirilən müzakirələrlə bağlı "Şərq”ə açıqlama verən Vahid Əhmədov bildirib ki, hər il cənab Prezident Milli Məclisə dövlət büdcəsini göndərən zaman sosial yönümlülük əsas götürülür: 
"Hər il büdcənin təxminən 30 faizi sosial layihələrə yönlənir. Pensiyalar, əmək haqqı, xəstəxanalar, məktəb tikintisi və s. xərclər əsas götürülür. Ona görə də hesab edirəm ki, bu layihə də sosialyönümlü olacaq. Əsas məsələ neftin qiymətidir. Yaxşı olar ki, neftin qiymətini keçənilki kimi 40 dollar götürsünlər, qiymət aşağı düşsə də, problemlər yaranmasın. Sosial layihələrdən başqa hərbi, müdafiə məsələlərilə əlaqədar dövlət büdcəsi də xüsusi yer tutur. Qarabağ problemimiz olduğu üçün bu məsələ büdcədə öz yerini tutacaq. Təxminən 13-15 faiz məhz müdafiə sahəsinə ayrılacaq”.

Yeganə Bayramova