"Bunlar gənc nəslə göstərilən diqqət və qayğının göstəricisi idi"





"Azərbaycanda gənclər siyasətinin fundamental prinsipləri Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanıb. 1994-cü ildən ölkə gənclərinin ictimai-siyasi aktivliyinin təmin olunması istiqamətində çox uğurlu addımlar atılıb”.

Bunu "Sherg.az”a açıqlamasında gənc siyasi ekspert Ceyhun Əhmədli deyib.

Analitik bildirib ki, hakimiyyətin bütün qollarında gənclərin təmsilçiliyinə şərait yaradılıb:

"Ölkəmizdə olimpiya idman hərəkatı başlandı. İdman kompleksləri tikildi, gənclərimiz dünyanın ən aparıcı universitetlərində dövlət hesabına təhsil almaq imkanı qazandılar. Bunlar gənc nəslə göstərilən diqqət və qayğının göstəricisi idi. Ulu öndər çox yaxşı bilirdi ki, gənclərin inkişafına yatırılan investisiyalar ölkəni gələcəyinə edilmiş yatırımlardır.

Ulu öndərin dövründə xaricdə təhsil almağa göndərilmiş gənclər bu gün peşəkar kadr kimi Azərbaycan xalqı qarşısında öz xidmətlərini davam etdirirlər. Bu, ulu öndərin uzaqgörənliyinin nümunəsidir. Bax, gənclər siyasətinin əsl mahiyyəti bundan ibarətdir”.

Gənc politoloq vurğulayıb ki, Prezident İlham Əliyev 1 fevral tarixində ölkə gəncləri qarşısındakı çıxışında "Ölkəmizin gələcəyi gənclərin əlində olacaq” fikrini söyləyərkən məhz bu məqama toxunub:

"Ölkə başçısı cənab İlham Əliyev hər zaman gənclərin yüksək keyfiyyətli təhsil almasının zəruriliyini vurğulayıb. Çünki təhsil olmadan müasir dünyada layiqli yer tutmaq mümkün deyil. Bütün problemlərin həlli təhsilli cəmiyyətdən keçir.

Dövlət başçısı buna paralel olaraq, gənclərin mütləq milli ruhda tərbiyə almasının əhəmiyyətini qabardır. Çünki Azərbaycan xalqı öz milli dəyərlərinə bağlı xalqdır. Biz tarixin ən qaranlıq dövrlərindən öz mədəniyyətimizi, dilimizi qoruyub saxlamağı bacarmışıq. Cənab Prezidentin bu iki məsələyə xüsusi diqqət ayırması onu deməyə əsas verir ki, gələcəyimiz etibarlı əllərdədir”.

İsmayıl