Oqtay Haqverdiyev: “Neftin qiyməti yüz dollar da olsa, yenə də manat dirçəlməyəcək”
Tanınmış iqtisadçı Oqtay Haqverdiyev neftin hazırkı qiyməti, manatın məzənnəsi, mağazalarda müşahidə olunan bahalaşma və s. məsələlər ətrafında "Şərq”ə danışıb.
- Dünya bazarında neftin qiyməti günbəgün bahalaşır. Məsələn, dünən Azərbaycan nefti devalvasiyadan sonra ilk dəfə olaraq 47 dollara satılıb. Bu il neftin qiyməti hansı həddə qədər yüksələ bilər?
- Ümumiyyətlə, bilmək lazımdır ki, neftin qiyməti Azərbaycandan asılı deyil. Dünya neft bazarında nə baş verirsə, biz onu qəbul edirik. Beynəlxalq ekspertlərin qənaətincə, bu ilin axırına qədər neftin qiyməti 50 dollar ətrafında dəyişəcək. Hətta ola bilər ki, 60 dollara da çatsın. Yaxın illərdə neftin 80-90 və 100 dollar olması gözlənilmir.
- Niyə?
- Çünki neft hasilatı getdikcə artır. Yəni hazırda təklif tələbdən çoxdur. Ona görə də neftin qiyməti birdən-birə bahalaşa bilməz.
- Manatın ikinci dəfə ucuzlaşmasından sonra büdcəmizə yenidən baxıldı və neftin qiyməti 25 dollardan götürüldü. Lakin indi neftimiz 47 dollara yüksəlib. Bu amil ölkəmizdəki iqtisadi böhranın qismən də olsa, aradan qalxmasına təkan verə bilərmi?
- Əlbəttə, bu, büdcəyə böyük köməkdi. Neftin qiyməti heç zaman 25 dollara düşməyib, əksinə, qalxıb. Bu da sosial layihələrin davam etdirilməsinə imkan yaradır.
- Neftin qiyməti hansı həddə yüksəlsə, Azərbaycan manatı dirçələ bilər?
- Manat daha dirçəlməyəcək. Bunu yadınızdan çıxardın. Manat heç zaman dollardan baha olmayacaq. Neftin qiyməti yüz dollar da olsa, yenə də manat dirçəlməyəcək. Valyutamızın real qiyməti gec-tez öz yerini tutmalıdır.
- İqtisadçı həmkarınız Qubad İbadoğlu belə bir açıqlama verib ki, illərdir manatın qiymətinin süni şəkildə saxlanılması büdcəmizə ciddi ziyan vurub. Doğru fikirdimi?
- Bunu mən 2-3 il əvvəl demişəm və indi yenə də bildirirəm ki, hər bir valyutanın öz tutumluluğu var. Bizim manatın tutumluluğu neft və qazdan asılıdır. Dolların tutumunun arxasında isə nəhəng iqtisadiyyat durur. Baxın, manatın 1 il süni şəkildə saxlanılması üçün 1 milyard və ya 1 milyard yarım dollar xərclənirdi. Bizdə də manatı 5 il süni şəkildə saxladılar. Buna da milyardlar xərcləndi. Yəni böyük məbləğdə pullar havaya sovruldu ki, manat stabil qalsın. Əlbəttə, manat çoxdan buraxılmalı idi ki, yavaş-yavaş gəlib öz qiymətinə çatsın. Bu proses tədricən aparılmalı idi. Manat 5, 10 və 20 qəpik azala-azala getməli idi və bu gedişlə 3-4 ilə öz yerinə çatacaqdı. Amma bizdə manat birdən-birə buraxıldı. Milli valyutamız ilk olaraq 35 faiz, ikinci devalvasiyada isə 50 faiz ucuzlaşdı. Bu da cəmiyyətdə, insanlarda çaşqınlıq yaratdı. Ucuzlaşma tədricən getməli idi ki, cəmiyyətdə ajiotaj yaranmasın və devalvasiya insanlara psixoloji təsir göstərməsin.
- Manatın real qiyməti neçədir?
- Dollarla müqayisədə manatın real qiyməti odur ki, 1 dollar 3-5 manata bərabər olmalıdı. Fikir verin, Səudiyyə Ərəbistanının iqtisadiyyatı bizdən güclüdür. Onlar 350 milyon ton neft hasil edir. Biz isə 35-40 milyon ton. Buna rəğmən onlarda 3.8 real bir dollara bərabərdi. Amma bizdə 1 manat 1 dollardan baha idi. Belə olmalı deyildi. Elmə əsaslanan iqtisadiyyatda milli valyutalar buraxılmalıdır. Onun qiyməti valyuta bazarındakı tələb və təklif prinsipi ilə müəyyən olunmalıdır.
- Dollar 1. 65 olanda, mağaza rəhbərləri ərzaq məhsullarının qiymətini kəskin qaldırdılar və bunu dolların bahalaşması ilə izah etdilər. Son günlər dolların qiyməti tədricən ucuzlaşaraq 1.50-yə enib. Amma mağazalarda ərzaq məhsullarının qiymətində ucuzlaşma müşahidə olunmur. Buna səbəb nədi?
- Yadınızda saxlayın ki, bazar iqtisadiyyatı şəraitində qiymətləri tələb və təklif müəyyən edir. Həm də qalxan qiymət düşmür. Nə olur olsun, qalxan məhsulun qiyməti enmir. Çünki mağaza sahibi baxır ki, o məhsulların qiyməti qalxsa da, əhali onu alır. Ona tələbat var, alırlar. Sahibkar da baxır ki, tələbat varsa, deməli, satılacaq. Ona görə də mağaza qiyməti endirmir. Baxın, neftimizin maya dəyəri 15-17 dollardır. Biz onu əvvəllər 100 dollara satırdıq. Çünki tələb vardı. İndi isə tələb azdır. Bu, bazar siyasətidir. Doğrudur, sovet vaxtından qiymətləri dövlətin özü formalaşdırırdı. İndi isə bazar iqtisadiyyatıdır. Qiyməti bazar müəyyən edir.
Ayyət Əhməd