“Burda düşün, “Elmlər”ə getmirəm”

Avtobus sürücüsü sərnişinlərə hörmətsizlik etdi
“Vətəndaşların müraciəti mütləq nəzərə alınacaq və məsələni araşdıracaqlar. Həmin daşıyıcı və sürücü barəsində də ölçü götürüləcək”


Bu günlərdə 206 nömrəli avtobus sürücüsü sərnişinlərə qarşı hörmətsizlik edib. 2 iyul 2018-ci il tarixində, axşam saat 21:20 radələrində Lökbatan qəsəbəsindən metronun "Elmlər Akademiyası” stansiyası istiqamətində 206 saylı marşrut xətti üzrə hərəkət edən 14- BD-090 dövlət nömrə nişanlı avtobusun sürücüsü Xocahəsəndə avtobusu saxlayaraq sərnişinlərə "burda düşün, "Elmlər”ə getmirəm”- deyib. Bu hal sərnişinlərin narazılığına səbəb olub.

Sərnişinlərdən birinin sözünə görə, sürücü sərnişinlərin mənzil başına çatdırılması tələbini nəzərə almayıb, onları avtobusdan düşürüb: "Mən sürücüyə dedim ki, siz "Elmlər”ə kimi getməlisiniz. Əgər "Elmlər”ə getməyəcəkdinizsə, Lökbatandan niyə çıxırdınız? Sizin ixtiyarınız yoxdur ki, sərnişini mənzil başına çatdırmadan avtobusdan endirəsiniz. Sürücü mənə "mənim planım dolub, sizdən ötrü "Elmlər”ə getməyəcəyəm” dedi. Mən də ondan şikayət edəcəyəmi dedim”.

Avtobusun şəklini çəkdim

Sərnişin deyir ki, Bakı Nəqliyyat Agentliyinin 141 qaynar xəttinə zəng edib şikayətini bildirmək istəsə də, bu mümkün olmayıb: 

"Nə qədər telefonda gözlədim, cavab verən olmadı. Əvəzində balansda olan konturlarımın hamısı çıxıldı. Yenidən kontur yükləyib zəng etdim, 3-4 dəqiqə yenə telefonda gözlədim, cavab verən olmadı. Balansdakı konturlarım bitdiyindən yenə əlaqə kəsildi”.

Məsələni dəyərləndirən "Digesta” hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynov "Şərq”ə bildirib ki, əgər sərnişinlər BNA-nın qaynar xəttinə düşə bilmirlərsə, yaxşı olardı ki, müraciətlərini elektron formada etsinlər: 

"Əminəm ki, vətəndaşların müraciəti mütləq nəzərə alınacaq və məsələni araşdıracaqlar. Həmin daşıyıcı və sürücü barəsində də ölçü götürüləcək.

Təəssüf ki, bəzən sürücülərin bu cür xoşagəlməz əməlləri ilə rastlaşırıq. Bildiyiniz kimi müəyyən sərnişindaşıma qaydaları və "Avtomobil nəqliyyatı haqqında” qanun var. Həmin qanunda göstərilir ki, daşıyıcı və onun tabeliyində olan sürücü nəqliyyat vasitəsini qanuna və qrafikə uyğun idarə etməli, bütün sərnişinləri də son məntəqəyə çatdırmalıdır. 

Bunu yerinə yetirmədikdə sürücü həm sərnişindaşıma qaydalarını, həm də müqavilədəki göstərişləri pozur. Baş verənlərin qarşılığında həmin sürücü barəsində tədbir görülməlidir. 

Bu tədbir intizam tədbiri də ola bilər. Həmçinin sərnişinlər onlara mənəvi ziyan dəydiyi üçün həmin daşıyıcı və sürücüyə qarşı iddia qaldıra bilərlər. Bu zaman hər iki tərəf barəsində müvafiq tədbirlər görüləcək”.

Yeganə Bayramova