Elvin Mirzəzadə adlı feysbuk istifadəçisi maraqlı, günümüzün reallığını özündə əks etdirən bir status yazıb. "Deməli, bir xanım tanışım var. İşlədiyi yerdə ona bir nəfər deyib ki, filan ailə səninlə maraqlanır. Fikirləri ciddidir, səni oğullarına almaq istəyirlər. Üstündən bir müddət keçib, bunlardan heç bir xəbər çıxmayıb. Xanım buna söz çatdıran qadından maraq üçün soruşub ki, o ailədən nə xəbər oldu? Qadın da qayıdıb ki, ailə elə pis olub ki. O gün gediblər falçı yanına, falçı deyib ki, oğlun 2 dəfə evlənəcək. Birinci evliliyi uğursuz olacaq və tez boşanacaqlar.
İkinci evliliyi isə xoşbəxt olacaq. O oğlan da səninlə xoşbəxt olmaq istəyir deyə, indi evlənib tez boşanmaq üçün başqa qız axtarır ki, ikinci evliliyi səninlə olsun”. Bu statusun real, yoxsa uydurma olduğunu deyə bilmərik, amma ölkədə falçılara olan inamı düşündükdə heç də təəccüblü görünmür. İnsanların həssas durumlarından istifadə edib onlara müxtəlif vədlər verən baxıcılar haqqında az eşitməmişik. Ailə qurmaq istəyən qızları gözəl evliliklə, işsiz insanları yaxşı işlə təmin edə biləcək gücdə olduğunu deyən falçılar kütlənin böyük əksəriyyətini öz təsirləri altına alıblar.
Təəssüflər olsun ki, adi vətəndaşlar deyil, vəzifəli şəxslər, məmurlar da falçı ilə əməkdaşlıq edirlər. Falçıların biznesi o qədər genişlənib ki, onlar artıq onlayn xidmət də göstərirlər. Falçıların sosial şəbəkə səhifələrinə baxanda, insanların onlara marağını, tərif dolu rəylərini görürük.
Düzdür, bu rəylər falçıların özlərinin yaratdığı saxta profillərdən də yazıla bilər, amma səhifələrə baxanda ümumi fikir onu göstərir ki, insanlar arasında onlara böyük maraq var. Xüsusilə "İnstagram” sosial şəbəkəsində həddindən artıq falçı səhifəsi var. Hansısa bir istifadəçi kədərli, ümidsiz status yazan kimi fırıldaqçılar dərhal onun şəxsi mesaj qutusuna yazaraq "tor”a salır.
Teleməkanda yayımlanan verilişlərin durumu da ürəkaçıcı deyil. Kimisi efirə cindarları dəvət edir, kimisi də ekstrasensləri.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən son əməliyyat isə bir daha sübut etdi ki, falçılar deputatlarından tutmuş iş adamlarının ailələrinə, sənətçilərə kimi bir çox şəxsi aldadaraq onlardan cin çıxarmaq adı ilə külli miqdarda pul və qızıl-zinət əşyaları alıblər.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, falçılara inam sosial problemlərin çoxluğundan, ümidsizlikdən yaranır. Falçılar da insanların ümidsiz, işsiz halından istifadə edir:
"Bəzidəllallar isə varlanmaq üçün onlara şərait yaradır. Onların təbliğatını aparan şəxslər arasında efir adamları ilə yanaşı məmurlar, vəzifəli şəxslər də olur. İnanmıram ki, hansısa məmur falçılara inandığı üçün onların arxasında dayansın.Mən ömrümü falçılara, qara magiya ilə məşğul olan insanların əməllərinə həsr etmişəm. Və tam əminliklə deyə bilərəm ki, onların verdiyi proqnozların heç biri özünü doğrultmur. Yalandan efirdə özlərini tərifləyirlər ki, filan dediyim düz çıxdı, filan şey mən deyən kimi oldu.Bəziləri hətta bir az daha irəli gedərək Putinin şəxsi görücüsü olduğunu iddia edir. Başa düşmürəm, Putinin şəxsi görücüsü olan biri niyə çıxıb özünü reklam eləsin?”
Astroloqun sözlərinə görə, özünü öncəgörücü kimi qələmə verən şəxslərin "bazar”ını öldürməyin bircə yolu var ki, konkret suallarla onların yalanını ifşa edəsən. Bu fırıldaqçılar deyilənlərə məhəl qoymur, verdikləri proqnozlar təsdiqini tapmadıqda belə bunun izahını vermirlər. Sözü uzadaraq mətləbdən yayınırlar.
Bircə dəfə görmədim ki, proqnozlarının doğruluğunu sübuta yetirsinlər. Hərə ağlına gələn bir şeyi deyir:
"Bir tərəfdən Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu cür fırıldaqçılara qarşı mübarizə aparır, o biri tərəfdən də onlar efirlərdə tüğyan edir. Son vaxtlar biri də çıxıb, bu gün özünü reklam edir, efirlərdən düşmür. Görücülüyünü qoyuram bir qırağa, hərəkətini, davranışını bilmir. O cür biabırçı adamların efirə çıxarılması yolverilməzdir. Sanki bu cür üzdəniraq insanları təbliğ etməklə cəmiyyətə zorla siraət etdirməyə çalışırlar. Həmişə müxtəlif yollarla belə fırıldaqçılara qarşı mübarizə aparmışam. Bu aralar isə bir az işlərim çoxalıb. İşlərimi yekunlaşdıran kimi mübarizəmə qaldığım yerdən davam edib, onları sıradan çıxaracam. Bu günə qədər özünə mənəm deyən falçıların yalanını ifşa edib köklərini kəsmişəm. Adını da dəqiq bilmirəm, Bayramdı nədi, onu ifşa etmək mənim əlimdə iki vur ikidir. Onsuz da məndən başqa heç kəs onlarla mübarizə aparmır, yaxın gələcəkdə onu da zərərsizləşdirəcəm”.
Ümumiyyətlə, cadu və fala inanmadığını deyən S.Rəhimli yalnız imansız insanların belə şəxslərə müraciət etdiyini söyləyir:
"Vəzifəli şəxslər də cahillikdən və pul qazanmaq ehtirasından falçılarla işləyib, onları cəmiyyətə öncəgörən kimi sırıyırlar. Efirə dəvət olunmalarında isə məqsəd tamaşaçı toplamaqdı. Təəssüflər olsun ki, insanların böyük əksəriyyəti xürafat tipli belə verilişlərə maraq göstərir. Onlar insanların inamını yanlış yolla təmin etməyə çalışırlar”.
Sosioloq Cavid İmamoğlu isə insanların həmişə öz gələcəkləri barədə maraqlı olduqlarını deyib:
"Bu, təbiidir və hər kəs buna can atır. Xüsusilə gənc qızlar və oğlanlar gələcək həyatın, ömür-günlərinin necə olacaqları barədə çox maraqlanırlar. Təbii ki, falçılar və ya öngörənlər də məhz bu ehtiyacı aradan qaldırmaq üçün meydana çıxıblar. Onlar insanları bəzən faktlar qarşısında qoymaqla, özlərinə qarşı böyük inam və hörmət də qazana bilirlər.
Dünya praktikasında falçılar deviyant əhali qrupuna daxil edilir və onların hərəkətləri sosial normalardan kənar hərəkətlər kimi qəbul edilir. Bəzən bu şəxslər insanların şəxsi həyatına müdaxilə edə biləcək qədər cinayət tərkibli əməllərə də sahib ola bilirlər. Belə olduğu təqdirdə, falçılar çox təhlükəli ola bilirlər. Belə şəxslər köklü inanc və inamın zəif olduğu yerlərdə özlərinə daha çox yer tapa bilirlər. Mədəni və mənəvi ənənələrin kök atdığı yerlərdə, o cümlədən köklü inanc və əqidələr qarşısında falçılar davam gətirə bilmirlər.
Çünki fundamental əqidələr insanları cəhalətdən nura, süstlükdən inkişafa səsləyir və qeyri-sosial vasitələr ilə insana təsir etməyə çalışmır. Bəzi falçılar isə mümkün qədər təəccübləndirə bilmək və təsir altına almaqla insanların hiss və emosiyalarını idarə etməyə çalışırlar. Bu da ki, insanın şəxsi inkişafına, şəxsi fikir və düşüncələrinin formalaşması prosesinə əngəl olur”.
Şəymən