“Bütün partiyalar eyni durumdadır”
Əhməd Oruc: “8 partiya qərara almışıq ki, kimin nə gücü var ortaya qoysun”
Parlament seçkilərinə hazırlaşan "Azadlıq-2015” seçki bloku ötən gün növbəti toplantısını keçirib. Yayılan məlumata görə, qurumda təmsil olunan partiyalar KXCP-nin qərargahında bir araya gələrək seçkiyə hazırlıq prosesini, namizədlərin müəyyən edilməsini və digər siyasi prosesləri müzakirə ediblər.
İddialara görə, blokda təmsil olunan partiya rəhbərləri fərqli yanaşma ortaya qoyduqları üçün bir sıra məsələlərdə qeyri-müəyyənlik yaranıb. Blokun toplantıları və iclaslarda müzakirə olunan məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran Azadlıq Partiyasının sədri Əhməd Oruc qurumun qarşısında duran planlardan danışıb. Partiya sədri yarımçıq məsələlərin növbəti iclaslarda həllini tapacağını bildirib.
- Bəy, təmsil olunduğunuz "Azadlıq-2015” bloku parlament seçkilərinə necə hazırlaşır? Qurumun fəaliyyəti qaneedicidirmi?
- Artıq bir aydan çoxdur ki, 8 partiya ilə birlikdə "Azadlıq-2015” adından seçki bloku təşkil etmişik və keçən müddət ərzində bir sıra işlər görmüşük. Blokun əsasnaməsi qəbul olunub və seçki qərargahı yaradılıb. Qərargahın tərkibi, nümayəndələri də müəyyənləşib. İlkin olaraq regionlar üzrə blokun ümumi gücünün nədən ibarət olduğunu müəyyən etmək üçün monitorinq aparırıq. Araşdırmaq və bilmək istəyirik görək qurumun ayrı-ayrı dairələr üzrə eloktral bazası nə qədərdir. Dairələr üzrə konkret namizədlərin müəyyən edilməsi istiqamətində də ətraflı müzakirələr aparırıq. 125 dairənin hamısını əhatə etmək və namizədlərin dairələr üzrə toqquşmasının qarşısını almaq olduqca ciddi məsələdir. Ən azı çalışırıq ki, qəti şəkildə müdafiə edəcəyimiz namizədlərin yarısını toplaya bilək. Seçkiyə blok şəklində getməyin bir sıra prosedurları da var. Partiyaların namizəd irəli sürməsinin reqlamentləşdirilməsi, eləcə də blokun qeydiyyatı həll olunması zəruri olan mühüm məsələlərdir.
- AXP sədri Pənah Hüseyn deyib ki, danışıqlar əvvəlcə 19 partiya arasında gedirmiş, amma sonda sadəcə 8 partiya blok yaratmağa razılıq verib. Niyə əksər partiyalar blok halında seçkiyə getməkdə maraqlı deyillər?
- Əslində burda məsələ qarışdırılır. Biz 19 partiyaya blok yaratmaqla bağlı təklif etməmişik. Sadəcə olaraq həmin qurumlara seçki vaxtı ümumi əməkdaşlıq, yəni memorandum təklif etmişik. Prinsipcə, o partiyaların heç biri bizimlə bir yerdə çalışmağa etiraz etməyiblər. Ədalət və Yaşıllar Partiyası ilə görüşümüzdə də onlara blokda təmsil olunmağın deyil, birgə əməkdaşlığın vacibliyini izah etmişik. Onlar da müsbət yanaşıblar. Blok yaratmaqla bağlı qərarımız Demokratiya və İnsan Haqları Mərkəzində qəbul olunub. Müsavat Partiyası aprel-may aylarında blok məsələsinə konkret cavab verəcəyini deyib. Ümid və ADP isə özləri ayrıca blok yaratmaq barədə qərar qəbul ediblər. Sonrakı proseslərdə isə çoxsaylı bəhanələrlə iştirak etməkdən boyun qaçırıblar.
- Sizcə, blokun indiki tərkibinin genişlənməsinə ehtiyac var, yoxsa 8 partiya kifayət edir?
- Açığı deyim, blokun indiki tərkibi həm əhatə dairəsinə, həm də ideoloji yaxınlığına görə bir-birinə daha yaxındır. Eyni zamanda blokda ifrat mövqe tutan radikal müxalifət də təmsil olunmur. Şəxsi fikrim odur ki, blokun indiki tərkibi qaneedicidir. Hətta indikindən 2 partiya az olsaydı, daha yaxşı olardı.
- KXCP sədri Mirmahmud Mirəlioğlu isə açıqlamasında deyib ki, blokun qapıları hər kəsin üzünə açıqdır. Deməli, qurumda təmsil olunmaqla bağlı hər hansı partiyadan müraciət edilsə, sizin cavabınız mənfi olacaq...
- Mən indiki variantı optimal hesab edirəm. Çünki partiyaların uzlaşmasında müəyyən problemlər ortaya çıxır. Blokda həddindən artıq çox partiyanın təmsil olunması ortaq mövqeyə gəlməyə imkan vermir. Amma ümumi anlamda blokun genişlənməsinin əleyhinə deyiləm. Əgər fikirləri 8 partiyanın görüşləri ilə üst-üstə düşən və bloka ziyan verməyən qurum müraciət edərsə, təbii ki, əleyhinə olmaram. Ancaq ictimaiyyətdə aşkar şəkildə mənfi obraza malik olan hansısa partiyanın öz siyasi məqsədləri üçün bloka girməsinə icazə verilməyəcək. Yəni "kim istəyirsə, gəlsin” prinsipinə qarşıyam.
- Ayrı-ayrı siyasi blokların seçkidə birgə əməkdaşlığına münasibətiniz necədir?
- Hələlik bizim yaratdığımız "Azadlıq-2015” blokundan başqa siyasi birlik yoxdur. Əgər olarsa, bu məsələ müzakirə oluna bilər. Elə bizim Azərbaycanda az-çox fəaliyyət göstərən 19 partiyaya ünvanladığımız təklifi ümumi əməkdaşlıq kimi dəyərləndirmək olar. Əgər həmin partiyalar blok yaratsalar, "Azadlıq-2015” onlarla əməkdaşlıq etmək haqqında düşünər. Hər halda bu, yalnız xeyrimizə olar.
- İddialara görə, blokda ciddi və aktiv fəaliyyət göstərən yeganə partiya KXCP-dir. Digər 7 partiya isə güclü potensiala malik olmadıqlarına görə prosesdə iştirak edə bilmirlər. Deyilənlər nə dərəcədə doğrudur?
- Bilirsiz, bu gün partiyaların hamısının gücü təqribən bir-birinə bərabərdir. Əksər partiyaların siyasi proseslərə təsir imkanları minimumdur. Elə siyasi qurumlar var ki, ənənəvi aktivliyin hesabına nisbətən daha çox eloktral bazaya sahib görünür. Məsələn, AXCP və KXCP milli azadlıq hərəkatından qaynaqlanan və mühüm bazası olan siyasi partiyalardır. Müsavat da eyni zamanda mühüm tarixi olan qurumdur. Amma bütün partiyaların durumu eynidir. Yalandan 10 min, 20 min üzvə sahib olduqlarını desələr də, heç min nəfəri bir yerə toplaya bilmirlər. Yeni yaranan partiyaların isə sosial bazası çox zəifdir. Onlar yalnız proseslərə fərqli baxışları olan az sayda insanları cəlb edə bilirlər. Ancaq bununla yanaşı, düşünmürəm ki, Azadlıq Partiyasının çəkisi və ya namizədlərimizin sayı hansısa qurumdan azdır. Ümumiyyətlə, partiyaların güclərinə görə müzakirə edilməsinin tərəfdarı deyiləm. 8 partiya olaraq qərara almışıq ki, kimin gücü nəyə çatırsa, ortaya qoysun. Onsuz da Azərbaycanda heç bir partiya 125 deputat yeri uğrunda mübarizə aparmaq və qalib gəlmək iqtidarında deyil.
- Aprel ayında növbəti iqtidar-müxalifət dialoqu gözlənilir. Çox güman ki, görüşdə seçki prosesi ilə bağlı məsələlər də müzakirə olunacaq. Blok olaraq görüşdə hansı məsələləri qaldıracaqsınız?
- Seçki haqqında qanunda və seçki komissiyalarında müəyyən düzəliş edilməsinin tərəfdarıyıq. Bu dəyişiklik eyni zamanda cəmiyyətin seçkilərdə aktiv iştirak etməsinə də səbəb olacaq. Hamı gözəl bilir ki, son bələdiyyə seçkiləri seçki olmadı və insanların sadəcə, 3-5 faizi seçkilərdə iştirak etdi. Ona görə də blok olaraq konkret təkliflər hazırlamışıq. Əgər təkliflərimiz qəbul olunarsa, hesab edirik ki, müxalifət seçkidə uğur əldə edə bilər. Əlbəttə, düşünmək lazım deyil ki, tələblərimiz həyata keçərsə, parlamentdəki bütün yerləri müxaliflər tutacaq. Hakim partiyanın kifayət qədər ciddi resursları, maddi və sosial bazası var ki, Milli Məclisdə xeyli yer qazansın.
İsmayıl