“Cərimələri 4 qat artırmaqla sərxoş sürücülərin sayını azaltmaq olmaz”

“Bu problemin həlli üçün həmçinin ictimai qınaq, yaxın adamların təsiri vacibdir”


Bütün ölkələrdə yol qəzalarının baş verməsinin əsas və ortaq səbəbi sürücülərin sərxoş halda sükan arxasına əyləşməsidir. Maşını sərxoş vəziyyətdə idarə edən, özünü və başqalarının həyatını təhlükə altına alan sürücülərlə çox rastlaşmışıq.

Hətta bununla bağlı Ukrayna Ali Radası sərxoş sürücülərin cəriməsini 4 dəfə artırmaq niyyətindədir. Artıq müvafiq qanun layihəsi də hazırlanıb.

Maraqlıdır, cərimələr artacağı təqdirdə qəzaların sayının azalması baş verə bilərmi? Ümumiyyətlə, sərxoş sürücülərin cəriməsini artırmaqla bu problemi həll etmək olarmı?

Hazırda sürücülərin avtomobili içkili idarə etdikləri üçün müəyyən normalar və cərimələrin qaydasında olduğunu deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov "Yol hərəkəti haqqında” qanunun daim təkmilləşdiyini də diqqətə çatdırıb. Ekspert bildirib ki, cərimələrin artması məsələnin köklü şəkildə həll olunması anlamına gəlmir. Problemin həlli üçün ilk növbədə sürücü mövcud təhlükələri, baş verə biləcək qorxulu hadisələri nəzərə almalı və müəyyən nəticələr çıxarmağı bacarmalıdır: 

"Müəyyən bir vaxtdan sonra həm nəqliyyat vasitələri artır, həm də ölkədə şərait dəyişir. Buna görə də "Yol hərəkəti haqqında” qanunun təkmilləşməsi vacibdir. Təkmilləşmə gedən zaman yol hərəkəti üzrə inzibati cəzalar da müəyyən qədər sərtləşdirilir. Bəzən cəzaların yüngülləşməsi də mümkün olur. Ona görə sərxoş sürücülərlə mübarizə daim ictimaiyyətin və müvafiq qurumların ən çətin problemlərindən biridir. Təbii ki, cərimələri artırmaq olar, lakin bununla iş düzəlmir. Amma yol hərəkətində sərxoş sürücülərə qarşı reydlər keçirilməli və müəyyən təbliğat işləri aparılmalıdır. Neçə illərdir ki, bizdə bu məsələ ilə bağlı müzakirələr gedir, ona görə də cərimələrin miqdarını qaldırmaqla problem həll oluna bilməz. Bu məsələ paralel olaraq kompleks şəkildə getməlidir və sərxoş sürücülərin qarşısını almaq üçün ən gözəl üsul mütəmadi olaraq reydlərin keçirilməsidir”.

Ekspertin sözlərinə görə, sürücülər üçün ən böyük cəza yol qəzalarında ölüm hallarının baş verməsidir. Buna görə də cərimələrin çoxalması çıxış yolu deyil: "Əminsiz ki, Ukraynada cərimələri 4 qat qaldırmaqla sərxoş sürücülərin sayı azalacaq? Qəzalar zamanı ölüm hallarını düşünməyən adam cərimə miqdarı artarsa, daha məsuliyyətli ola bilərmi? Ona görə də insanların düşüncə tərzini, ümumi mədəniyyətini dəyişmək lazımdır. Bu nöqteyi-nəzərdən ilk növbədə sürücünün yanındakı adam, qohumları, valideynləri birmənalı şəkildə ona dəfələrlə deməlidir ki, "Sərxoş olub maşın sürməklə sən özünü və başqasını bədbəxt edəcəksən”. Bu problemin həlli üçün həmçinin ictimai qınaq, yaxın adamların təsiri vacibdir. Açıq deyim ki, bəzi vaxt sürüclərin bir qismi qürrələnirlər ki, "Bizim Dövlət Yol Polisində tanışımız, qohumumuz var. İçkili sürsəm də, mənə heç nə edə bilməzlər”. Məhz belə hallar sürücülərə həvəs verir. Elə ölkələr var ki, orda sərt cəzalar olur, sürücü içkili olduğu zaman maşını müsadirə edirlər. Bizdə isə hələlik bu cür hallarla bağlı cəzalar yüngüldür”.

Yeganə Bayramova