
“CHP-MHP birliyi mümkün olmayacaq”
“Millət vəkillərinin sayı hökumət qurmaq üçün yetərli olsaydı, MHP Kılıcdaroğlunun bu təklifini dəyərləndirə bilərdi”

Türkiyədə keçirilən parlament seçkilərindən sonra koalisiya hökumətinin qurulması ətrafında müzakirələr davam edir. Parlamentə düşən partiyaların koalisiya üçün hər birinin öz şərti var. Bəzi analitiklər hətta Türkiyədə erkən seçimin ola biləcəyini də bildirirlər. Onu da deyək ki, bu cür mürəkkəb bir şəraitdə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlunun Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalıya qurulacaq bir koalisiyada baş nazirlik təklif etdiyi iddia edilir.
Türkiyə KİV-nə istinadən aldığımız məlumata görə, Kılıcdaroğlu MHP liderinə belə bir çağırış edib: "Birlikdə hökumət quraq, baş nazir sən ol”. CHP lideri "MHP-nin kürd probleminin həlli ilə bağlı Xalqların Demokratik Partiyasının (HDP) dəstəyini necə alacaq” sualına isə belə cavab verib: "Türkiyənin dünya qədər problemi var. Bunların həll edilməsi lazımdır. Siyasətlə məşğul olmaq elə problemləri həll etmək üçün lazımdır”.
CHP- MHP koalisiyasını dəyərləndirən politoloq Natiq Mirinin sözlərinə görə, CHP-MHP koalisiyasının baş tutması üçün parlamentə düşən üçüncü bir partiyanın da orada iştirakı vacibdir: "Çünki hökumət qurmaq üçün CHP və MHP-li millət vəkillərinin sayı yetərli deyil. CHP ilə MHP-nin iştirakı ilə koalision hökumət qurmaq üçün kürdləri parlamentdə təmsil edən HDP-nin də bu koalisiyaya qoşulması vacibdir. Amma bu da MHP-nin qəbul edəcəyi bir razılaşma deyil. Koalisiya məsələsində HDP-nin qarşıya qoyacağı konkret şərtlər var ki, Milliyətçi Hərəkat Partiyası həmin şərtləri Türkiyə dövlətinin, türk xalqının maraqlarına uyğun davranış kimi qəbul etmir. Əksinə, bunu vətənə xəyanət kimi düşünür. Belə olan təqdirdə koalision hökumət üçün CHP-MHP birliyi mümkün olmayacaq. MHP ilə CHP-də təmsil olunan millət vəkillərinin sayı hökumət qurmaq üçün yetərli olsaydı, MHP Kılıcdaroğlunun bu təklifini dəyərləndirə bilərdi. Burada elə bir ciddi problem yoxdur. Hər iki partiyanın ideoloji xəttində müəyyən fərqlər olsa da, Türkiyədə ictimai siyasi vəziyyəti, stabilliyi qorumaq üçün tərəflər biri-birinə güzəşt edə bilərdi. Amma səsin yetərli olması üçün kürd partiyasının da bu koalisiyada iştirakı vacibdir ki, bunun da MHP üçün keçərliliyi yoxdur. CHP "kürd məsələsi”nə heç bir problem görmür. O, HDP ilə razılaşa bilər. Bu zaman da CHP- HDP birliyi hökumət qurmaq üçün yetərli olmur. AKP-siz koalisiya üçün üçlük şərtdir, lakin bu da mümkün deyil.
- Bəs, ən real koalisiya hansıdır?
- Ədalət və İnkişaf Partiyası (AKP) ilə MHP koalisiyasını daha optimal variant kimi görürəm. Hesab edirəm ki, bu razılaşma yaxın illər üçün Türkiyənin dövlət maraqlarına uyğun bir model olar.
- Axı MHP AKP-nin "çözüm sürəci”nə getməsini qəbul etmir? Koalisiya üçün AKP bu məsələdə MHP-yə güzəştə gedərmi?
- Hesab edirəm ki, "kürd məsələsi”ndə MHP ilə AKP-nin uzlaşması mümkün variantdır. Əsas problem MHP-nin AKP-dən istədiyi strateji nazirliklər məsələsindədir. MHP həm ədliyyə, həm də digər güc nazirliklərini almaq istəyir. AKP isə buna getmək istəmir deyə, tərəflərin koalisiyası baş tutmur.
- Hazırkı situasiyada koalisiya hökuməti daha real variantdır, ya erkən seçim gözlənilir?
- Mənə elə gəlir ki, hər bir məsuliyyətli siyasi qüvvə bu yöndə çox ciddi düşünməlidir. Çünki Türkiyənin erkən seçkilərə getməsi siyasi müstəvidə heç də yeni mənzərə yaratmayacaq. Bu, sadəcə zaman və böyük maliyyə itkisi ilə nəticələnəcək ki, bu da ölkədə yeni kriz yarada bilər. Yaxşı olar ki, qarşılıqlı güzəştlər fonunda koalisiya hökuməti qurulsun. Bu modeli isə yalnız AKP və MHP səviyyəsində görürəm.
- Əgər erkən seçkilər olsa, hansı partiya daha şanslı olacaq və ya hansı partiya itirəcək?
- Erkən seçim halında HDP-nin səsini artırması mümkün deyil. Yeni seçkilər olacağı təqdirdə kürd partiyası öz seçicilərini xəyal qırıqlığına uğratdığı üçün səs itkisinə uğrayacaq. Eyni zamanda, CHP-nin də səs itirməsi gözləniləndir. Bu nöqteyi-nəzərdən AKP ilə MHP-də səs artımının olacağı istisna deyil. Əgər yeni seçkidən sonra AKP təkbaşına hökumət qura biləcək
qədər səs yığmasa, yenə də AKP-MHP koalisiyası gündəmə gələcək. Bu boyda itkiyə məruz qalmamaq üçün də partiyaların indidən uzlaşmağı daha məqsədəuyğundur.
- Yetərsay əldə etmək üçün AKP-nin başqa partiyalardan millət vəkili transferi ilə bağlı yayılan iddialar nə dərəcədə əsaslıdır?
- AKP belə bir variant üzərində işləyir. Eyni zamanda, koalisiya hökumətinin qurulması mümkün olmadığı təqdirdə 30-40 millət vəkilinin CHP-dən istefa verərək AKP-yə qoşulması da artıq informasiya kimi yayılmaqdadır. Ancaq bütün bunlar AKP tərəfindən süni şişirdilmiş məsələlərdir. Bununla onlar CHP-ni AKP-nin təklif etdiyi şərtlər əsasında koalision hökumətə razı salmağa çalışırlar. Sözün açığı, hökumət qura bilmək üçün AKP-nin digər partiyalardan millət vəkillərinin transferinə gedəcəyini ehtimal etmirəm. Bu proses baş tutduğu təqdirdə isə Türkiyə siyasi qruplarında marginal qrupların olması faktı özünü doğruldacaq.
Şəymən