Çinə qarşı dünya savaşı başlayıb

Bu ölkənin inkişafına mane olan güclər uyğur türklərindən istifadə edir

Bir neçə gündür, dünya ictimaiyyəti Çin hakimiyyətinin uyğur türklərinə qarşı həyata keçirdiyi sistematik işgəncə və təcavüz zülmünü müzakirə edir. Uyğurların məruz qaldığı münasibətə etirazını bildirənlər Çinin kommunist hakimiyyəti ilə yanaşı, olaylara reaksiya verməyən Qərb ölkələrini, xüsusən Türkiyə hökumətini də sərt tənqid edirlər.

Amma ötən gün meydana çıxan bəzi iddialar məsələnin pərdəarxasını ön plana çəkib. Araşdırmalardan sonra məlum olub ki, "Çində uyğur qətliamı” kimi dərc olunan yazılarda təqdim olunan fotolar və video-görüntülər Vyetnam, Koreya və digər ölkələrdə baş verən müharibələr zamanı çəkilib. Dünən

Çin Xarici İşlər Nazirliyi də ölkənin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda heç bir etnik problemin olmadığını açıqlayıb. Türkiyə Prezidenti Ərdoğan da uyğur türkləri ilə bağlı ictimaiyyətdə yanlış xəbərlərin yayılmasına diqqət çəkib və xarici dairələrin məsələdən sui-istifadə edərək insanların duyğularını istismar etdiyini deyib. Məsələni şərh edən ekspertlər də uyğur problemindən Çinə qarşı istifadə edildiyini istisna etməyiblər.

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, Çində yaşayan uyğur faktorundan, ümumiyyətlə, müxtəlif etnik ünsürlərdən bir sıra dünya gücləri siyasi alət kimi istifadə edirlər. Ona görə də Çin hakimiyyəti uyğurlarla bağlı məsələdə çox sərt davranır: "Əslində uyğurların və digər etnik qrupların hüquqları kobud şəkildə pozulur. Bunu heç kəs inkar edə bilməz. Amma indiki şəraitdə bu məsələ süni surətdə şişirdilir və bir növ Çinə qarşı informasiya savaşı açılır. Çünki informasiyanın intensiv olaraq bütün dünya miqyasında ildırım sürətilə yayılması bunun arxasında çox ciddi geosiyasi maraqların olduğunu göstərir. Sirr deyil ki, Çinin gündən-günə daha da böyüməsi və qüdrətlənməsi digər dünya güclərini narahat edir. Düşünürəm ki, bundan narahat olan qüvvələr Çinə qarşı informasiya savaşına başlayıblar”. Politoloqun sözlərinə görə, bu məsələdə həm Azərbaycan, həm də Türkiyə türkləri səbrli davranmalıdır: "Çin çox qüdrətli ölkədir. İndiki şəraitdə Çin kimi böyük bir ölkə ilə münasibətləri pozmağa dəyməz. Ən azından bu məsələlər araşdırılmalıdır. Dünya güclərinin əlində alət olmaq lazım deyil”.

İsmayıl