“Çingiz Qənizadə və Mədət Quliyevlə işim yoxdur”

Elçin Behbudov: “Mən MTN, DİN və MN ilə işləyirəm, ancaq cəzaçəkmə müəssisələrinə gedə bilmirəm”




Ötən gün 1 saylı cəzaçəkmə müəssisəsində ağzını tikərək aclıq aksiyasına başlayan məhkum Elşən Paşayev barəsində qəzetimizə açıqlama verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov sözlərinin ictimaiyyətdə yanlış anlaşıldığını deyib.

Yenidən "Şərq”ə danışan hüquq müdafiəçisi heç kimi hədəfə almadığını, ümumiyyətlə, açıqlamasında Penitensiar Xidmətin rəisi Mədət Quliyevin adını çəkmədiyini bildirib: "Mən müxbirlə söhbətimdə demişəm ki, aclıq aksiyasına başlayan E.Paşayevi tanıyıram. Hələ 7-8 il bundan qabaq onunla görüşmüşəm. Elşən o vaxtı da ağzını tikmişdi, mən xahiş edəndən sonra ağzını sökdü. Ancaq indi Penitensiar Xidmət tərəfindən mənə məhdudiyyət qoyulub. Ona görə də gedib faktları araşdıra bilmirəm. Daha yaxşı olar ki, siz Ədliyyə Nazirliyinin yanında İctimai Komitəyə müraciət edəsiniz. Oranın koordinatoru millət vəkili, hüquqşünas Çingiz Qənizadədir. Çünki məndən fərqli olaraq komitə üzvləri cəzaçəkmə müəssisələrinə sərbəst gedib-gələ bilirlər”.

E.Behbudov bildirib ki, o deputat Çingiz Qənizadənin işindən yox, ictimai komitənin ümumi işindən narazılıq edib: "Qeyd etmişəm ki, İctimai Komitənin işi qənaətbəxş deyil. Penitensiar Xidmətin mənə məhdudiyyət qoyduğunu da demişəm. Bunu danmıram. Mən MTN, DİN və MN ilə işləyirəm, ancaq cəzaçəkmə müəssisələrinə gedə bilmirəm. O gün bir-iki nəfər zəng edib deyir ki, Elçin müəllim, qəzetlər sizin millət vəkili Çingiz Qənizadəni hədəfə götürdüyünüzü, nə bilim, Mədət Quliyev haqda dediklərinizi yazıb. Mən heç söhbətimdə Penitensiar Xidmət rəisinin adını çəkməmişəm. İndi onlar da bilmədən mənim barəmdə danışar, aləm dəyər bir-birinə. Axı bunlar nəyə lazımdır?”.

İsmayıl