Çöküş...

“Telman İsmayılovu cavanlıqdan şəxsən tanıyıram”
İlqar Altay: “Bu insan xasiyyətcə həddən artıq azad və sərbəst, ekstravaqant təbiətlidir”



Əgər o, şəffaf fəaliyyət göstərərək biznes qurmuş olsaydı, dili uzun olardı, beynəlxalq təşkilatlar da onun arxasında durardı


Məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun "vurulmasından” və müflisləşməsindən sonra milyarderin ailə üzvlərinə də təzyiqlər edilməyə başlanılıb. Son olaraq T.İsmayılovun oğluna məxsus lüks avtomobillərə də həbs qoyulub. Yəhudi əsilli azərbaycanlı milyarderə məxsus "Mardan Palace” otelinin baş direktoru Selcuk Şentepe deyib ki, İsmayılovlar ailəsi ciddi maliyyə çətinliyi ilə üzləşib. Şentepe bildirib ki, Türkiyə iqtisadiyyatına 1,5 milyard dollarlıq sərmayə yatıran bir şəxslə, yəni Telman İsmayılovla bu cür rəftar yolverilməzdir.

Xatırladaq ki, T.İsmayılov Rusiyada kifayət qədər var-dövlət və nüfuz sahibi şəxs kimi tanınırdı. Onun "dünyanın zənginləri” sırasından çıxarılmasında Rusiya rəhbərliyinin və rus bazarlarına nəzarət edən mafiyoz qrupların əli olduğu deyilir. 

Məsələ ilə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, qanunsuz əməllər törədən iş adamının müvafiq surətdə məsuliyyətə cəlb edilib cəzalandırılması normaldır. Ancaq hər kəs qanun qarşısında birbaşa öz əməlinə görə cavabdehdir. Buna görə, insanın ən yaxın qohumunu belə törətmədiyi "pozuntuya”, yaxud valideynlərinin suçuna görə, cəzalandırmaq, incitmək yolverilməzdir: 

"Konkret demək olmaz ki, azərbaycanlı iş adamı Telman İsmayılov nə dərəcədə Rusiyanın, ya Türkiyənin qanunlarını pozub. Amma istənilən halda bu məsələyə görə onun ailə üzvlərinə, qohumlarına təzyiqlər etmək cinayət tərkibi yaradan qanun pozuntusudur. Belə yanlış təqiblər adətən normal ölkələrdə hansısa yolunu azmış qərəzli məmur tərəfindən, diktatura olan ölkələrdə isə hakimiyyət tərəfindən yuxarıdan olan qərarla edilir. Birinci halda qərəzli məmuru cəzalandırmaq olur. İkinci halda isə mümkün olmur. 

O zaman sual yaranır ki, niyə hakimiyyət bu təqibi edir? Rəhbərlik zənn edir ki, Rusiyadakı sahibkar var-dövlətini öz zəhməti və ağlı hesabına yox, məhz hakimiyyətin yaratdığı şəraitə görə əldə edir. Rusiya kimi korrupsiya içində olan ölkədə rüşvətə bulaşmadan, qanunsuz əməl və maxinasiya etmədən və ya kriminalla əlaqədə olmadan varlanmaq praktiki olaraq mümkün deyil. Belə rejimlərdə böyük sərvət inanılmış və hakimiyyətə sadiq insanlara verilir. Əgər kimsə gözdən düşürsə, əlindəki hər şeydən məhrum edilir”. 

Ekspertin sözlərinə görə, Telman İsmayılov Rusiyada iş qurub və varlanıb:

"O və onun kimi varlanan şəxslərin təmiz yolla var-dövlət əldə etməsi çətin məsələdir. Çox güman ki, Rusiya hakimiyyəti etibarını itirdiyi üçün T.İsmayılov haqda kompleks tədbirlərə qərar verib. Bu qərar milyarderi yaxın doğmaları ilə birlikdə müflisləşdirməkdir. Əgər T.İsmayılov şəffaf fəaliyyət göstərərək biznes qurmuş olsaydı, dili uzun olardı, beynəlxalq təşkilatlar da onun arxasında durardı”. "İsmayılov Rusiya hakimiyyətinin gözündən niyə düşüb” sualına isə tədqiqatçı belə cavab verib: 

"Telmanı cavanlıqdan şəxsən tanıyıram. Bu insan xasiyyətcə həddən artıq azad və sərbəst, ekstravaqant təbiətlidir. Onun təzadlı, qeyri-standart hərəkətləri bir sıra adamlara çox xoş gəlirsə, digərlərini qıcıqlandırır. Korrupsiya ilə idarə olunan hakimiyyətlərdə varlı oliqarxlar hökumətlə çulğalaşdığı üçün "hakimiyyətin üzvü” sayılırlar. Belə halda həmin iş adamı da məmur kimi öz hərəkətlərinə məhdudiyyət qoymalı, hakimiyyətin mənafeyinə, maraqlarına ziyan vuracaq addım atmamalıdır. 

T.İsmayılov sərbəst addımlar atdı, öz bildiyini etdi. Dəbdəbəli qonaqlıqlar, xaricdən tanınmışlar, şoular və s. Axırda da Rusiyada qazandığı, daha doğrusu, qaranlıq yollarla əldə etdiyi 1 milyard yarım dolları Türkiyədə sərmayə kimi yatırtdı. Əlbəttə, Putin kimi lider buna dözə bilməzdi. Ən azı ona görə ki, bu hal infeksiya təsiri göstərib, digər çoxsaylı oliqarxların da özbaşına hərəkətlərinə, üstəlik, iri pulların xaricə daşınmasına rəvac verərdi. Bu mənada Rusiyada varlanmış həmyerlimiz A.Ağalarov ağıllı hərəkət edir. Öz fəaliyyətini və davranış həddini ölkə hakimiyyəti və Putinlə etimadlı münasibətlə uzlaşdırır”.

İsmayıl