Con Boltonun Bakı səfəri mühüm bir görüş idi

Hikmət Babaoğlu: "Bolton çıxışında məhz Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Amerika üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib"



Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton təmsil etdiyi ölkənin Cənubi Qafqazı strateji baxımdan fövqəladə vacib region saydığını deyib. Bolton xüsusilə vurğulayıb ki, regionun ən güclü ölkəsi Azərbaycandır. Azərbaycan Rusiya və İranla eyni anda sərhəd olan yeganə ölkədir. Müşavir Azərbaycana səfəri zamanı İrana qarşı sanksiyaların və Azərbaycana təsirlərinin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Ağ Ev sanksiyaların Azərbaycana təsir göstərməməsi üçün əlindən gələni edəcək: "Yeni sanksiyaların tətbiqini gözləyirik, amma istəmirik ki, bununla Azərbaycandakı dostlarımıza zərər vuraq. Əminəm ki, hər iki tərəf üçün qəbuledilən, həm Azərbaycana zərər verməyən, həm də İrana maksimal təzyiq üçün şərait yaradan variant tapacağıq”.

Bolton həmçinin, Azərbaycanda Qarabağ problemi ətrafında da danışıqlar apardığını deyib. Trampın müşavirinin qənaətincə, Azərbaycan və Ermənistanı razı salacaq ümumi nəticənin qəbulu çox vacibdir. Bolton ABŞ Prezidenti Donald Trampın öz səlahiyyətlərindən istifadə edərək, Azərbaycana dövlət yardımını yasaqlayan 907-ci düzəlişi ləğv edə biləcəyini də söyləyib: "Bu müddəa Konqres tərəfindən təsdiq edilib. Hakimiyyətin icra qolunun eyni siyasi xəttə riayət etməsi mütləq deyil və bizim Konstitusiyaya əsasən, əslində xarici siyasəti müəyyən edən məhz prezidentdir. Bir çox hallarda, müxtəlif prezidentlər satınalma aparmaq üçün bu müddəanın fəaliyyətini dayandırıblar və biz bunun zəruri olub-olmadığını müəyyən etmək üçün daim bu fürsəti nəzərdən keçiririk.

Boltonun Azərbaycana səfərini və Vaşinqton-Bakı münasibətlərini "Şərq”ə şərh edən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib ki, müşavirin Azərbaycana səfəri ABŞ-Azərbaycan ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri baxımından olduqca əhəmiyyətli idi. Deputat bildirib ki, Con Bolton və Prezident İlham Əliyev arasında ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektlərinin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın ən aparıcı ölkələr sırasında yer aldığını sübut edir: 

"Bu səfər göstərdi ki, Azərbaycan həyata keçirdiyi meqa enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli ölkədir. Şübhəsiz ki, bunlar təsadüfi deyil. Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə, həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan isbat edib. Boltonun Azərbaycana səfəri bir daha bu kontekstdə qiymətləndirilməlidir. Əgər regionda hansısa təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün ilk növbədə Dağlıq Qarabağ probleminin həll olunması məsələsi önə çıxır. Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu müəyyənləşdirir. Həm dünya siyasətini müəyyənləşdirən ölkə, həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində müstəsna yeri və rolu ola bilər”.

H.Babaoğlu xatırladıb ki, Bolton çıxışında məhz Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Amerika üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib: 

"Müşavir İrəvanda bu məsələni müzakirə edəcəyini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı. Düşünürəm ki, bu, xüsusi bir məqamdır. Əgər bütün dünya özünün təhlükəsizliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar da biri-birlərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır. Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli, onun təhlükəsizliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir”.

Milli Məclisin üzvü əlavə edib ki, rəsmi Bakı Boltonla müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı mövqeyini bir daha qətiyyətlə ortaya qoydu: 

"Bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyukturasına nəzər salsaq görərik ki, ən müxtəlif problemlər, məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırılır. Ona görə də bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərsə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm bir görüş idi”.

İsmayıl