Con Evans erməni lobbisinin təsiri altındadır

Səfir olduğu müddətdə də, biri-birinə zidd bəyanatlar verib, ortalığı qarışdırırdı



ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Dağlıq Qarabağa səfər edib. Məlumata görə, o, "Ermənistan uşaqları” Fondunun Direktorlar Şurasının müşaviri qismində fondun sədri ilə birlikdə özünü Dağlıq Qarabağdakı qondarma rejimin lideri adlandıran Bakı Saakyanla görüşüb. Xatırladaq ki, Con Evans 2004-2006-ci illərdə ABŞ-ın Ermənistanda səfiri olub.

Sabiq diplomatın addımını şərh edən politoloq Qabil Hüseynli söyləyib ki, o, erməni lobbisinin təsiri altında olan bir adamdır: "Həmin adamı tanıyıram. Səfir olduğu müddətdə də, biri-birinə zidd bəyanatlar verib, ortalığı qarışdırırdı. Bu adamın səfirlikdən geriyə çağırılmasına da məhz bu səbəb oldu. C.Evans açıq-aşkar qondarma Dağlıq Qarabağ Respublikasını müdafiə edirdi. Qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsi yönündə açıqlamalar verirdi. Belə adamlar çox təhlükəli olur. Gedib erməni lobbisinin tərkibinə qatılıb, Ermənistanın maraqlarına xidmət edir. Erməni lobbisi ilə qırılmaz əlaqələri var. Onun Dağlıq Qarabağa getməsi hüquq pozuntusudur”.

Ekspertin sözlərinə görə, səfirin davranışı Amerikanın indiki siyasətinə daban-dabana ziddir: "Azərbaycan bununla bağlı Amerikaya müəyyən məlumatlar verəcək. Onu "qara siyahı”ya da salacaq. Amerika da dərhal cavab verəcək ki, biz demokratik ölkəyik. C.Evans dövlət qulluğundan ayrılıb və huquqi şəxsdir, onunla bağlı cəza tədbirləri görə bilmərik. Bütün bunlar onu göstərir ki, Qərbin müəyyən dairələri problemin nizamlanmasına əngəllər yaradırlar”.

Ayyət Əhməd