Çörək sexlərini bağlamaq çıxış yolu deyil

Əksinə, onların şəraitini yaxşılaşdırmaq lazımdır



Çörəyin hazırlanması ilə bağlı növbəti dəfə Zaqatala və Balakən rayonlarında yerləşən bir neçə müəssisədə nöqsanların aşkar edilməsi vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Buna görə də bəzi çörək sexləri gizli, göz önündən kənar yerlərdə fəaliyyət göstərirlər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu sexlərə qarşı inzibati qaydada işlər görür və belə anti-sanitariya şəraitində fəaliyyət göstərən çörək bişirmə sexlərini inzibati qaydada cərimələyir və ya bağlayır. Ekspertlərin fikrincə isə belə çörək sexlərini bağlamaq problemin həlli demək deyil.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov standartlara uyğun olmayan çörək sexlərinin bağlanmasının tərəfdarı deyil: "Hökumətin bu səhv siyasətinin əleyhinəyəm. Əksinə, müəyyən qədər avadanlığı və şəraiti olan çörək sexlərini standartlara uyğunlaşdırmaq lazımdır. Bunun üçün aidiyyəti dövlət qurumları tərəfindən lazımi köməkliklər göstərilməlidir”.

E.Hüseynovun fikrincə, bəzi çörək bişirmə sexlərinin sahibləri hökumətin təzyiqlərindən qorxaraq gizli yerlərdə çörək sexləri açıb fəaliyyət göstərirlər: "Düşünürəm ki, çörək sexləri hər bir şəxsin, o cümlədən də dövlət orqanlarının üzünə açıq olmalıdır. Bunun üçün aidiyyəti dövlət təşkilatları gedib o yerləri bağlamaq əvəzinə, oradakı mövcud vəziyyəti yaxşılığa doğru dəyişdirməlidirlər. Məsələn, həmin çörək bişirmə sexlərinə müəyyən məbləğlərdə subsidiyalar ayrılmalı və onlara istehsal proseslərini yaxşılaşdırmaq və təkmilləşdirmək üçün müəyyən vaxt verilməlidir. Belə olan halda sexlərin fəaliyyəti müvəqqəti dayandırıla bilər”.

Vüqar