Çox sevindik... - Daha başımıza yox, ayağımıza corab hörüləcək

Azərbaycanda corab istehsalı müəssisəsinin yaradılması aktual məsələyə çevrildi“Pirallahı yeni yaradılmış inzibati rayondur. Əhalisi elə də çox deyil. İstehsal müəssisələri daha çox Aran bölgəsində yaradılmalıdır. Çünki bu, demoqrafik vəziyyətə də təsir edər, həm də əhalinin sosial durumunun yaxşı
Bakının Pirallahı rayonunda corab istehsal edəcək müəssisə yaradılması nəzərdə tutulur. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, İN-in Sahibkarlığa Kömək Milli Fondu Pirallahı rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Əsasən də, zeytun və badam təsərrüfatlarının, corab istehsalı, plastik və polietilen qablaşdırmanın təkrar emalı müəssisələrinin yaradılması üzrə layihələrin qəbulu məqsədəuyğun hesab edilir. Bu xəbər niyə diqqətimizi çəkdi, çünki uzun illərdir, yerli sənaye, xüsusilə yüngül sənaye mallarının istehsalı yox dərəcəsindədir. İç və üst geyim mağazalarında alıcıların ilk sualı bu olur; "kitayskidi”, yoxsa Türkiyənin?”. Bu iki ölkədən savayı Azərbaycana daha hansı ölkədən geyim malları gətirilir, şəxsən bizə məlum deyil. "Kitayski” - çin malları keyfiyyətsiz və ucuz, Türkiyə istehsalı olanlarsa nisbətən keyfiyyətli və qiyməti də bahadır. Yerli corablarımız var. Metro keçidlərində, küçədə bəzən yaşlı qadınların, bəzən də kişilərin qarşısına kiçik sellofan torbalar qoyub xırda-xuruş satdıqlarını görürük.
Xırda-xuruş içində el arasında "ləzgi corabı” adlandırılan yun saplarla hörülmüş corablar da olur. Həm də ayağı çox isti saxlayır.
Bundan savayı yerli - özümüzə məxsus geyim əşyası görmürük. Ona görə də corab istehsalı müəssisəsinin yaradılacağı xəbəri diqqətimizi çəkdi və çox da sevindik. Başqa geyimləri demirik, ayağımızdakı corabsa da özümüzün olsun. Bundan də vacibi, təki, ayaqlarımız üçün corablar hörülsün, başımıza corab hörülməsin.
"Mestnıy” mallara tələbat yoxdu?
Yerli məhsullardan söhbət düşəndə "Onun bəlalı sevgisi” filmi xatirimə gəlir. Yeri gəlmişkən, o da yerli filmdir. Tikiş fabrikində baş verən hadisələr, fabrikin direktorunun başına gələnlər, o dövr üçün populyar olan keyfiyyətsiz mallar problemi, xanım direktorun keyfiyyətsizliyi ört-basdır cəhdi, amma paxırın üzə çıxması... Amma filmdə bir gerçəklik də vardı; sərgi üçün xüsusi sifarişlə paltarlar tikdirilir və sərgidə onlar nümayiş olunur. Hamısı da şıq! Lakin kütləvi istehsal deyil də. Məhz sərgi üçün nəzərdə tutulub. Olsun. Demək, yaxşı tikənlər var. Keyfiyyətli parça da istehsal etmək mümkündü. Dəblə ayaqlaşmağı da bacarırıq. Yeri gələndə.
Elə isə kütləvi tələbat üçün niyə yüksək keyfiyyətli mallar istehsal olunmasın?!
İqtisadçı Fuad İbrahimov "Şərq”ə açıqlamasında çox aktual məsələyə toxunduğumuzu bildirdi:
- Corab istehsalı müəssisəsinin yaradılması sıradan bir xəbər deyil. Ən aktual məsələlərdən biridir. Təkcə corab istehsalı müəssisəsi deyil, ümumiyyətlə sadalanan prioritet istehsal sahələri üzrə Azərbaycanın yüksək pilləyə qalxmaq ehtimalı var. Sovet illərində Azərbaycanda dayanıqlı və formalaşmış istehsal müəssisələri vardı. Sadəcə, məlum səbəblərdən onları əldən verdik. Əksəriyyəti dağılıb getdi. Və üstünlük verildi idxal amilinə. İşbazlar bundan gəlir əldə etdiyi üçün idxal amilinin güclənməsinə rəvac verdilər. Halbuki yerli istehsala, yerli mallara həmişə tələbat var. Əhali hər zaman çalışır yerli məhsul və mal alsın. Əlbəttə, keyfiyyətlisini. Yerli mala tələbat o zaman azalır, nə zaman ki, keyfiyyət aşağı düşür. Baxın, cənab Prezident Nazirlər Kabinetinin iştirakı ilə keçirdiyi müşavirələrdə hər zaman yerli istehsala önəm verilməsini, istehsal sahələrinin artırılmasının vacibliyini vurğulayır. Xüsusilə də, bu, neft sonrası mərhələ üçün hədsiz vacibdir. Və həmçinin qeyri-neft sektorunun inkişafı da yerli istehsal sahələrinin yaradılması və inkişafı ilə sıx bağlıdır. Ən yüksək səviyyədə tapşırıqlar verilir, tövsiyələr edilir, amma baxırsan ki, icra mexanizmləri ilə məşğul olmalı qurumlar dəstək vermir.
"Müəssisə yaratmaqla iş bitmir”
F.İbrahimov sənayenin hansısa sahəsi üzrə müəssisə yaradılmasını işin yalnız bir mərhələsi olduğunu dedi:
- Bu corabın sapı olmalıdır, dəzgahı olmalıdır, o dəzgahları işlətmək üçün ixtisaslı kadrlar yetişməlidir. İnvestisiya qoyulmalıdır. Müəssisə yaratmaqla iş bitmir axı. Bu, uzun bir prosesdir. Bu gün müəssisə yaradıldı, açılışı edildi, sabah işə düşəcək, gəlir gətirəcək, bunu gözləmək sadəlövhlük olar. Misal çəkim. Hazırda ölkədə ən çox inkişaf etmiş tikinti sektorudur, eləmi? Amma biz bu vəziyyətə neçə ildən sonra gəlib çıxdıq? 90-cı illərin əvvəllərində Bakıda hündürmərtəbəli yaşayış binaları yeni-yeni tikilməyə başlayırdı. İlk binalar da "Şəhidlər Xiyabanı” tərəfdə, 8-ci mikrorayon ərazisində tikildi. Hamı onları "İstanbul evləri” kimi tanıyırdı. Şirkət də Türkiyənin idi, işçiləri də. Memarından tutmuş, bənnasına qədər, fəhləsinə qədər hamısı türkiyəli idi. Amma bir müddət keçdi, yerli mütəxəssislərimizin layihələri onları kölgədə qoydu. İndi, maşallah, elə binalar, elə gözəl memarlıq əsərləri tikilir ki! Layihə işləyənlər də, binaları inşa edənlər də özümüzünkülərdi. Görün nə qədər kadr yetişib, peşəkarlıq artıb. Yəni, müəssisə yaradılırsa, onun kadr hazırlığına da diqqət göstərilməlidir, tələb-təklif düzgün hesablanmalıdır. Vergi şəffaf olmalıdır. Müəssisənin enerji daşıyıcılarına, yanacağa tələbatı, həmçinin bazarın tələbatı dəqiq öyrənilməlidir. Bilməlisən, istehsal edəcəyin məhsula tələbat nə qədərdir? Nə qədər istehsal etməlisən ki, ziyana düşməyəsən, gəlir əldə edəsən. Mən Çində olmuşam və Çin iqtisadiyyatını öyrənmişəm. Çində istehsala kiçik sexlər halında başlanılır. Bütün müəssisələr əvvəlcə sex səviyyəsində açılır. Əgər tələbat varsa, getdikcə istehsalı böyüdürlər, tələbat yüksəldikcə, müəssisə də genişlənir. Bizdə işlər bir az tərsinə aparılır. Nəhəng bir müəssisə yaradırlar, ad üçün, şöhrət naminə, bir də görürsən, heç bir gəlir vermədi, bağlanır. Bazarın tələbatını öyrənmədən müəssisə açmaq göz görəsi fiaskodur. Bunun üçün də işə elmi və peşəkarcasına yanaşma olmalıdır. İqtisadiyyat hər şeydən öncə elmdir. Elmi bilmədən işə başlamaq olmaz.
"Müəssisələrin yeri düzgün təyin edilməzsə...”
F.İbrahimov corab istehsalı müəssisəsinin məhz Pirallahı rayonunda yaradılacağı xəbərini narahatlıqla qarşıladığını bildirdi:
- Pirallahı yeni yaradılmış inzibati rayondur. Əhalisi elə də çox deyil. Sıx məskunlaşma rayonu da deyil. İstehsal müəssisələri daha çox Aran bölgəsində yaradılmalıdır. Çünki bu, demoqrafik vəziyyətə də təsir edər, həm də əhalinin sosial durumunun yaxşılaşmasına xidmət edər. Pirallahı dəniz kənarında yerləşən rayondur. Dəniz kənarındakı obyektlər, müəssisələr oranın təbiətinə uyğun seçilməlidir. Daha çox turizm, səyahət obyektləri, balıqçılıq, neft-qaz hasilatı müəssisələri üçün əlverişlidir. Müəssisələr yaradılarkən ərazi faktoru, yerli xüsusiyyətlər, məskunlaşma, əhalinin məşğulluq səviyyəsi xüsusi nəzərə alınmalıdır. Təəssüf ki, bizdə statistikaya daha çox önəm verilir. Müəssisələrin sayının artırılması, hələ istehsalın artması demək deyil. Heç istehsalın artması da gəlirlərin artması deyil. Gəlir gətirən, özünü maliyyələşdirmək gücündə olan müəssisələr istəyiriksə, mütləq elmi yanaşma olmalı, elmi araşdırmalar aparılmalıdır. Bilirsiz, bizdə çox zaman "bazar iqtisadiyyatı” ifadəsini bazarla səhv salırlar. Bazar iqtisadiyyatı bir elmdir, sözün həqiqi mənasında bazar deyil.
Məlahət Rzayeva