Cümhuriyyətin 100 illiyinə dair beynəlxalq idman turnirləri təşkil olunsun ! - Ən optimal təbliğat






"Cümhuriyyətin 100 illiyi ilə bağlı idman tədbirləri həyata keçirmək üçün bütün idman federasiyalarının üzərinə mənəvi öhdəlik düşür”.

Bunu "Sherg.az”a Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ölkəmizdə beynəlxalq idman turnirlərinin keçirilməsi təklifinə münasibət bildirərkən millət vəkili Fazil Mustafa söyləyib. 

O vurğulayıb ki, sözügedən istiqamətdə addımlar atılmalıdır:

"Əks halda tədbirlərin effekti olmaz. Həmin təklifi istənilən sahədə reallaşdırmaq olar. Hər kəs üzərinə düşən mənəvi borcu anlasa təbliğat mümkündür. Lakin biz bu təkliflərin gerçəkləşdirilməsini ancaq arzulaya bilərik, göstəriş vermək imkanımız yoxdur”.

Qeyd edək ki, martın 9-11-i arasında ilk dəfə olaraq Bakıda 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçirilib. Turnir Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub və Milli Məclisin Gənclər və idman komitəsinin təşəbbüsü ilə gerçəkləşib.

Bu məsələ Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Azərbaycanda idmanın müxtəlif növlərinə aid tədbirlərin təşkil edilməsi barədə təklifləri gündəmə gətirdi. Təklifdə qeyd olunur ki, bunun üçün bütün idman qurğu və təsisatları mövcuddur. Bu turnirləri həyata keçirərkən Azərbaycan Xalq Cümhuriyyət i ilə bağlı bukletlərin dərc olunub, bütün idmançılara paylanılması vacibdir. Çünki bu yol AXC və onun yaradacılarının dünyada tanınması baxımından ən yaxşı təbliğat nümunəsi hesab olunur.

Ayyət Əhməd