Azər Allahverənov: "Cərimələnmək istəməyən sürücülər məcbur olub Bakı şəhərinə giriş üçün müəyyən olunan marşrutlara əməl edəcəklər"
Daha sərt qadağa olmalıdır
Bakı küçələrində tıxaca, xaosa səbəb yük maşınlarının şəhərə girməsidir
Azər Allahverənov: "Cərimələnmək istəməyən sürücülər məcbur olub Bakı şəhərinə giriş üçün müəyyən olunan marşrutlara əməl edəcəklər"
Azər Allahverənov: "Cərimələnmək istəməyən sürücülər məcbur olub Bakı şəhərinə giriş üçün müəyyən olunan marşrutlara əməl edəcəklər"
Fərhad Eyyubov: "Yük maşınlarının qadağan edilmiş saatlarda paytaxta girişinə nəzarətin gücləndirilməsi müsbət effekt verəcək"
Bakı şəhərinin mərkəzinə ağır tonnajlı yük maşınlarının girişinə gündüz saatlarında qadağa qoyulub. Amma aparılan araşdırmalar göstərir ki, bir çox hallarda bu qadağaya məhəl qoyulmur. Paytaxt yollarında bu avtomobillərə günün istənilən vaxtlarında rast gəlmək mümkündür.
Qeyd edək ki, yaranan boşluqları aradan qaldırmaq məqsədi ilə aidiyyəti qurum qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarəti gücləndirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücülərinin yük daşımaları ilə bağlı növbəti tədbirləri həyata keçirilməkdədir.
Qadağa saatlarında yük maşınlarının şəhərin küçələrində hərəkətini tamamilə məhdudlaşdırmaq məqsədi ilə Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıracaq.
Mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq cərimə olunacaq.
Bu da öz növbəsində yük maşınlarının qadağa saatlarında şəhərə daxil olması və yollarda problem yaratmasının qarşısını alacaq.
Noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilib.
Nəqliyyat üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, belə bir addımın atılması sürücülərin yol hərəkəti qaydalarına əməl etmələrinə mühüm töhfə olacaq:
"Yük avtomobillərinin qadağa saatlarında şəhərə daxil olması ilə bağlı boşluqların olması daha sərt yanaşmaları tələb edir. Daxili İşlər Nazirliyinin şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarəti gücləndirməsi, məhz zərurətdən irəli gələn bir haldır. Əgər sürücülər müvafiq qərarda nəzərdə tutulan qaydalara əməl etsəydilər, bu cür əlavə tədbirlərə ehtiyac yaranmazdı. Ancaq biz qadağa saatlarında yük avtomobillərinin şəhərin mərkəzi küçələrində hərəkət etməsini müşahidə edirik.
Nəzarətin gücləndirilmiş iş rejimi ilə tətbiq olunması ilə paralel inzibati tədbirlərin həyata keçirilməsi çox güman ki, iri tutumlu yük avtomobillərinin şəhərə daxil olmasının qarşısını alacaq. Cərimələnmək istəməyən sürücülər məcbur olub Bakı şəhərinə giriş üçün müəyyən olunan marşrutlara əməl edəcəklər”.
Ağır tonnajlı yük maşınlarının şəhərdə hərəkət etməsinin gərginliyə səbəb olduğunu qeyd edən ekspert hesab edir ki, nəzarətin gücləndirilməsi müəyyən qədər tıxacın qarşısını alacaq. Eyni zamanda, minik vasitələrinin təhlükəsiz şəraitdə mənzil başına çatmasına səbəb olacaq: "Onu da deyim ki, noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutların müəyyən edilməsi müsbət haldır. Halbuki bu günə qədər belə bir icazə yox idi. Yox əgər hər hansı bir yük təcili olaraq müvafiq ünvana çatdırılmalıdırsa, bu zaman qadağa saatlarında belə 5 tondan artıq olmayan yük avtomobillərinin nəqliyyat vasitəsini idarə etməsinə icazə var. Bu avtomobillərin gündüz saatlarında Bakı küçələrində hərəkət etməsi ciddi bir təhlükə yaratmır. Təəssüflər olsun ki, qadağanın qüvvədə olmasına baxmayaraq, günün istənilən vaxtında paytaxtın avtomobil yollarında ağır ağır tonnajlı yük avtomobillərı sərbəst şəkildə hərəkət edir. Bəzi hallarda sürücülər pul qazanmaq üçün müəyyən risklərə gedirlər ki, bu da müəyyən təhlükələr yaradır”.
A.Allahverənov deyib ki, xüsusi kameraların quraşdırılması və nəzarətin gücləndirilməsi qaydaları pozan yük avtomobilləri sahibi olan şirkətləri və sürücüləri bu əməldən çəkindirəcək:
"Əlavə xərc yaratdığı üçün şirkətlər 5 tondan artıq olmayan yük avtomobillərindən istifadəyə üstünlük vermirdilər. Ancaq cərimə sanksiyaları tətbiq edilməsin deyə onlar bu variantdan istifadəyə üstünlük verəcəklər”.
"Paytaxtın magistral yollarında tıxacların qarşısını almaq üçün verilən fərmanlarla icra mexanizmləri üst-üstə düşməlidir”. Bu sözləri isə Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, hazırda nəqliyyata sistemli şəkildə yanaşma yoxdur:
"Şəhərdə bir neçə müxtəlif növlü nəqliyyat vasitələri biri-birinə qarışıb. Tutaq ki, ictimai nəqliyyatda bunlara ümumi təyinatlı nəqliyyat deyilir. İdarə tabeçiliyində olan nəqliyyat vasitələri şirkətlər, nazirliklərə məxsus olan nəqliyyat vasitələridir. Sahibkara aid olan nəqliyyat vasitələri həm şirkətlərdə, həm də nəqliyyat sektorunda fəaliyyət göstərir.
Rayon ərazilərindən gələn insanlar şəxsi avtomobillərini bəzən müəyyən yerlərdə saxlayırlar, bəzən də birbaşa şəhərə daxil olurlar. Lakin həmin maşınların paytaxta girişi müəyyən qayda-qanunlarla, fərmanlarla nizamlanıb. Yol hərəkəti qaydalarında bəzi yerlərdən yük avtomobillərinin şəhərə girməsi xüsusi nişanlarla qadağan olunub.
Məsələn, xüsusi nişanlarla göstərilir ki, bu marşruta 6-7 tondan artıq yük avtomobilləri daxil ola bilməz. Lakin sonradan müşahidə etdilər ki, bu da şəhərdə tıxacların yaranmasının qarşısını almağa kömək edə bilmir. Artıq Nazirlər Kabinetində bu sahədə fəaliyyət göstərən komissiya tərəfindən yeni qərar verildi. O qərar əsnasında işləyən mexanizm yol hərəkəti qaydaları ilə üst-üstə düşmür.
Tutaq ki, şəhərin girişinə müəyyən mexanizmlərlə nəzarət olunur və yük avtomobilləri paytaxtın əsas magistrallarına buraxılmır. Amma müəyyən vaxtlarda sürücülər həmin nəzarət vasitələrindən ya xəbərsiz olurlar, ya sahibkarlar məcbur edir və ya özlərinin səhlənkarlığı ucbatından şəhərə daxil olurlar. Ona görə, sistemli şəkildə yol hərəkəti qaydalarının ümumi prinsiplərinə uyğun olaraq verilən fərmanlar icra mexanizmlərinə düzgün uyğunlaşdırılmalıdır. Bəzən yük avtomobilləri paytaxtın əsas yollarında tıxac yaratdıqda bunun qarşısı cərimə ilə alına bilmir.
Ona görə də bu kimi proseslərə xidmət edən icra mexanizmləri sistemli şəkildə yerinə yetirilməlidir. Bakı şəhərində yük avtomobillərinə marşrutlar elə formada verilməlidir ki, onlar yollarda tıxac yaratmasın. Bu sahəyə maraqlı insanlar yük avtomobillərinin şəhərdə idarə olunması işinə cəlb edilməlidir. Çünki onlar bu sistemi daha tez başa düşür".
Ekspert hesab edir ki, bəzən yük avtomobillərini idarə edən sürücülər paytaxtın yollarını tanımır. Ona görə də, yol hərəkətində müəyyən qanun pozuntuları yaşanır:
"Bunun da iki əsas səbəbi var. Birincisi, firmalara nəzarət edən sahibkarlar sürücülərə yaxşı qulluq etmir, yolları göstərmir. Məsələn, bəzi idarə tabeçiliyində olan müəyyən şirkətlərin nəqliyyat vasitələri xüsusi CPS-lə nizamlanır, sürücülərə yollar göstərilir. Ona görə də onların hərəkətində problem yaşanmır. Amma bəzilərinin icra mexanizmi düzgün qurulmadığına görə, bu kimi xoşagəlməz məsələlər ortaya çıxır. Əlbəttə, burada ilk növbədə sürücülərin məsuliyyəti əsas şərtdir. İkincisi də, hər hansı bir işlərin yerinə yetirilməsi müəyyən qrafiklər üzrə görülməlidir. Məsələn, orda işin gecənin hansı saatları ərzində yerinə yetirilməsi bildirilməlidir. Belə olduqda yollarda heç bir problem olmur. Yuxarıda qəbul olunan fərman və icra mexanizmi biri-birinə uyğun olmalıdır ki, həm iş getsin, həm sürücülər səhlənkarlığa yol verməsin, həm də tıxaclar əmələ gəlməsin. Bu mənada hesab edirəm ki, yük maşınlarının qadağan edilmiş saatlarda paytaxta girişinə nəzarətin gücləndirilməsi müsbət effekt verəcək".
Şəymən