Daha vətəndaşlar kreditlərini qaytara biləcək

Mal-qara, məişət avadanlığı, xırda texnika müqavilə şərtlərinə yazılacaqQanun layihəsi böyük ehtimalla banklara dəstək və kreditləşmədə risklərin aşağı salınması üçündür
"Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi qəbul olunacağı təqdirdə vətəndaşlar daşınar əmlaklarını - mal-qara, məişət texnikası və avadanlıqlarını (kompüter, televizor, ev əşyaları və s.) da girov qoyaraq kredit ala biləcəklər. Eyni zamanda, kredit borcunu ödəyə bilməyən vətəndaşların həmin daşınar əmlaklar üzərində hüquqları da məhdudlaşdırılacaq. Banklar tərəfindən daşınar əmlak müsadirə ediləcək.
Analoji qaydalar qardaş Türkiyədə illərdir ki, qüvvədədir. Vətəndaş banka olan borcunu ödəyə bilmədikdə evindəki əşyalar, ən xırda məişət texnikasından başlamış, hətta uşaq oyuncaqlarına qədər nə varsa müsadirə edilir. Bəzi ekspertlər hesab edir ki, vətəndaşlar onsuz da bankların ağır kredit borcu altındadır. Bir tərəfdən də daşınar əmlakın kredit alınma predmetinə çevrilməsi, əhalinin maddi vəziyyətini pisləşdirə bilər. Amma qanun layihəsini təqdir edənlər də var və onlar bu fikirdədir ki, əksinə, daşınar əmlakın kredit alınması üçün predmet olaraq qəbul edilməsi kiçik və orta sahibkarlığın inkişafına təkan verə bilər. Elə insanlar var ki, daşınmaz əmlaka malik deyillər, bu səbəbdən də kiçik sahibkarlığa aparan yolları bağlı qalır. Vətəndaşın malik olduğu əmlakın necəliyindən asılı olmayaraq qiymətləndirilməsi və kredit alınması üçün məqbul hesab edilməsi onlara sahibkarlıq fəaliyyətində, yaxud da hansısa ehtiyaclarını ödəmək baxımından dəstək olacaq.
İqtisadçı Cəfər İbrahimli "Şərq”ə açıqlamasında bildirdi ki, sözügedən qanun layihəsinə daşınar əmlakla bağlı nəzərdə tutulan dəyişikliklər həm bank sektorunda kreditləşmə riskinin aşağı salınması, həm də vətəndaşların ödənişlərini qaytara bilməsi baxımından düşünülüb:
- Əvvəlcə belə idi ki, yalnız daşınmaz əmlak reyestrə alınırdı. Kredit götürmək istəyən şəxs banka müraciət etdikdə daşınmaz əmlakının artıq reyestrə alındığı məlum olurdu və təkrar başqa bir bankdan kredit almaq istədikdə bank ödənişdən imtina edirdi. 2007-ci ildə təsdiq edilmiş qanunda belə idi. Yalnız daşınmaz əmlak girov qoyula bilərdi. Mal-qara, məişət avadanlığı, xırda texnika qəbul edilmirdi. Lakin yeni qanun layihəsi qəbul olunacağı təqdirdə vətəndaşın mülkiyyətində olan daşınar əmlak da reyestrə daxil ediləcək. Kreditin qaytarılmasında problem olduqda daşınar əmlak girovun ödənilməsinə yönləndiriləcək. Daşınar əmlakın reyestrə daxil edilməsi ona görədir ki, vətəndaş o əmlakı satışa çıxara bilməsin. Yoxsa, bəzən hansısa əmlak girov qoyulurdu, amma sonra məlum olurdu ki, bu əşya yoxdur. Qanun qəbul olunduqda daşınar əmlakın kredit müqavilə şərtlərinə yazılması baş verəcək. Təsərrüfata baxış keçiriləcək və daşınar əmlaklar qeydiyyata alınacaq. Hesab edirəm ki, qanun layihəsi böyük ehtimalla banklara dəstək və kreditləşmədə risklərin aşağı salınması üçündür. Amma vətəndaşlara da köməyi olacaq. Bu mənada ki, çox zaman bizim vətəndaşlar gəlir imkanlarının üzərində borclanırlar. Bu da gəlirlərin düzgün hesablanmamasından irəli gəlir. Daşınar əmlaklar hesabına kredit götürülməsinin mümkünlüyü vətəndaşa ödənişləri qaytarmaq imkanı verəcək. Bu dəyişiklik həmçinin kreditlərin sistemləşdirilməsi üçün də xeyirlidir.
Məlahət Rzayeva