İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində beş müxalifət lideri Netanyahu hökumətinin dəyişdirilməsi istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəlib.
Sherg.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Razılaşma Yair Lapid, Gadi Eisenkot, Naftali Bennett, Avigdor Liberman və Yair Golan arasında imzalanıb. Tərəflər seçki kampaniyası dövründə bir-birlərini tənqid etməmək və ortaq fəaliyyət göstərmək barədə razılaşıblar.
Razılaşmaya əsasən, seçkilərdən sonra hökumətin formalaşdırılması ilə bağlı birgə fəaliyyət planının hazırlanması nəzərdə tutulur. Seçki fəallığının artırılması, gələcək hökumətin əsas siyasət istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı ittihamların qarşısının alınması üçün üç işçi qrupunun yaradılması da planlaşdırılır.
Müxalifət liderləri gələcək baş nazir namizədi barədə isə razılığa gəlməyiblər.